Azad Şuşa – milli iradənin, dövlətçilik əzminin təntənəsi

Azad Şuşa – milli iradənin, dövlətçilik əzminin təntənəsi

Şuşa Azərbaycan xalqının tarixində, milli yaddaşında və mənəvi dünyasında xüsusi yeri olan müqəddəs şəhərlərimizdən biridir. Bu şəhər yalnız coğrafi məkan, qədim yaşayış yeri və ya strateji əhəmiyyətli qala deyil. Şuşa Azərbaycanın ruhu, milli kimliyinin ifadəsi, musiqisinin, poeziyasının, incəsənətinin və dövlətçilik ənənələrinin beşiyidir. Qarabağın tacı adlandırılan bu şəhərin hər daşı, hər küçəsi, hər tarixi abidəsi xalqımızın zəngin keçmişindən xəbər verir.

1992-ci il mayın 8-də Şuşanın işğal olunması Azərbaycan xalqının yaddaşında ağır faciə kimi qaldı. Bu işğal nəticəsində şəhərin tarixi-mədəni irsinə ciddi ziyan vuruldu, yüzlərlə tarixi abidə dağıdıldı və ya yararsız vəziyyətə salındı, məscidlərimiz təhqir edildi, milli-mədəni sərvətlərimiz talan olundu. Şuşa öz doğma sakinlərindən ayrı düşdü, minlərlə insanın yurd həsrəti illərlə davam etdi. Lakin Azərbaycan xalqı Şuşanı heç vaxt unutmadı. Şuşanın azadlığı hər bir azərbaycanlının qəlbində yaşayan müqəddəs arzuya çevrildi. Bu arzu nəsillərdən-nəsillərə ötürüldü, milli yaddaşımızda qorundu və nəhayət, 2020-ci ilin Vətən müharibəsində gerçəkləşdi. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərini işğaldan azad etdi. Bu xəbər bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində dediyi bu tarixi sözləri Azərbaycan xalqının milli yaddaşına əbədi həkk olunmuş Zəfər salnaməsinin ən təsirli və mənəvi baxımdan ən dərin ifadələrindən biridir. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının onilliklər boyu qəlbində yaşatdığı müqəddəs arzu gerçəkləşdi, Ulu Öndər Heydər Əliyevin arzusu və vəsiyyəti yerinə yetirildi. Bu sözlərdə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq, xalqımızın birliyinə inam və müstəqil Azərbaycanın qüdrətinə sonsuz qürur ifadə olunur. Həmin an Azərbaycan xalqı üçün yalnız qələbə xəbəri deyil, həm də ata vəsiyyətinin, milli iradənin və dövlətçilik əzminin təntənəsi idi. Bu gün Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu ehtiramla yad edilir, onların müqəddəs amalının gerçəkləşməsi xalqımızın qəlbində əbədi yaşayır.

Şuşanın azad olunması 44 günlük Vətən müharibəsinin ən mühüm hərbi-siyasi hadisələrindən biri olmaqla yanaşı, Azərbaycanın hərb tarixində misilsiz qəhrəmanlıq səhifəsi kimi yadda qaldı. Şuşa əməliyyatı Azərbaycan əsgərinin cəsarətini, peşəkarlığını, yüksək döyüş ruhunu və Vətənə bağlılığını nümayiş etdirdi. Dağlıq relyef, mürəkkəb hava və döyüş şəraiti, düşmənin müdafiə mövqeləri qarşısında Azərbaycan hərbçilərinin göstərdiyi fədakarlıq xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk olundu. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının uzun illər davam edən yurd həsrətinə son qoyuldu, tarixi ədalət bərpa olundu. Bu qələbə həm də dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü və milli maraqlarını qorumaq əzmində olan güclü dövlətdir.

 Şuşanın azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin tarixi simasının bərpası, dağıdılmış mədəni irsin yenidən qurulması və onun əvvəlki şöhrətinə qovuşdurulması idi. Azərbaycan dövləti bu istiqamətdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başladı. 2021-ci il mayın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu qərar Şuşanın tarixi-mədəni əhəmiyyətinə verilən yüksək qiymətin, onun milli-mənəvi dəyərlər sistemindəki müstəsna mövqeyinin ifadəsi idi. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi həm də Azərbaycanın öz tarixi irsinə sahib çıxmasının, milli-mədəni yaddaşını bərpa etməsinin mühüm göstəricisi oldu. Şəhərdə tarixi abidələrin bərpasına xüsusi diqqət yetirildi. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi yenidən quruldu, Üzeyir Hacıbəylinin ev-muzeyi və Bülbülün ev-muzeyi bərpa edildi. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri əvvəlki yerlərinə qaytarıldı. Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Mehmandarovların malikanə kompleksi və digər tarixi-memarlıq nümunələri bərpa olundu.

 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi şəhərin həyatında yeni bir tarixi mərhələ açdı. Prezident İlham Əliyev 2022-ci il yanvarın 5-də müvafiq Sərəncam imzalayaraq Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini xüsusi vurğuladı. Şuşanın 270 illik yubileyinə təsadüf edən bu qərar təsadüfi deyildi. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan şəhər əsrlər boyu Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır. “Şuşa İli” çərçivəsində ölkə daxilində və xaricdə çoxsaylı mədəni tədbirlər, elmi konfranslar, sərgilər, təqdimatlar və yubiley mərasimləri təşkil olundu.  “Şuşa İli” yalnız bir şəhərin yubileyinin qeyd olunması deyildi. Bu, Azərbaycan xalqının öz tarixinə, mədəniyyətinə, sənətinə və milli kimliyinə verdiyi dəyərin nümayişi idi. Şuşada keçirilən ənənəvi Vaqif Poeziya Günlərinin və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının bərpası şəhərin mədəni həyatına yeni nəfəs gətirdi. Cıdır düzündə yenidən muğamın, xalq musiqisinin, müxtəlif xalqların sənət nümunələrinin səslənməsi Şuşanın öz təbii və tarixi missiyasına qayıdışının rəmzinə çevrildi. Xarıbülbül artıq yalnız Qarabağın nadir çiçəyi deyil, həm də milli dirçəlişimizin, azadlığın və yenilməzliyin simvoludur.

 Şuşanın azad edilməsindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu şəhərə etdiyi səfərlər xüsusi tarixi və siyasi məna daşıyır. Hər səfər Şuşanın dirçəlişinə, yeni layihələrin həyata keçirilməsinə, tarixi-mədəni irsin qorunmasına və şəhərin gələcək inkişafına xidmət edən mühüm hadisələrlə yadda qalıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad Şuşaya ilk tarixi səfərlərindən biri 2021-ci il yanvarın 14-də baş tutdu. Dövlət başçısı şəhərdə Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı. Bu hadisə Şuşanın əbədi olaraq Azərbaycanın suverenliyinə qovuşmasının, dövlətçilik iradəsinin və tarixi qələbənin rəmzinə çevrildi. Həmin səfər zamanı Prezident hərbçilərlə görüşdü, Şuşanın azadlığı uğrunda döyüşən əsgər və zabitlərin qəhrəmanlığını yüksək qiymətləndirdi.

 Prezident İlham Əliyevin Şuşaya səfərləri şəhərin mədəni həyatının bərpası ilə bağlı mühüm qərar və tədbirlərlə davam etdi. 2021-ci ilin may ayında keçirilən səfər zamanı “Xarıbülbül” festivalının yenidən təşkili və tarixi məkanların dirçəldilməsi xüsusi əhəmiyyət daşıdı. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması ilə bağlı dövlət siyasətinin praktik müstəvidə həyata keçirilməsi sürətləndi. 2021-ci il 8 noyabr – Zəfərin birinci ildönümündə Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı şəhərdə aparılan bərpa və quruculuq işləri, yeni infrastruktur layihələri, tarixi abidələrin yenidən qurulması diqqət mərkəzində oldu. Ümumiyyətlə, 2022–2025-ci illərdə Prezident İlham Əliyevin Şuşaya mütəmadi səfərləri şəhərin dirçəldilməsi, tarixi-mədəni irsinin qorunması, müasir infrastrukturunun qurulması və beynəlxalq nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət daşıdı. Bu illər ərzində Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirildi, tarixi və dini abidələr yenidən quruldu, yeni yaşayış komplekslərinin, avtomobil yollarının, sosial, mədəni və turizm obyektlərinin tikintisinə xüsusi diqqət yetirildi. Eyni zamanda, şəhərin beynəlxalq tədbirlər və diplomatik görüşlər məkanına çevrilməsi onun dünya miqyasında tanıdılmasına geniş imkanlar yaratdı. Prezidentin hər bir səfəri Şuşanın gələcək inkişafına dair mühüm layihələrin reallaşdırılması, Böyük Qayıdışın sürətləndirilməsi və şəhərin tarixi şöhrətinin özünə qaytarılması baxımından əlamətdar oldu. Bütün bunlar bir daha göstərdi ki, Azərbaycan dövləti Şuşanı yalnız işğaldan azad etməklə kifayətlənmir, həm də onu müasir, abad və inkişaf edən şəhərə çevirmək, milli-mədəni irsimizi qoruyaraq gələcək nəsillərə ötürmək istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu səfərlər bir daha nümayiş etdirdi ki, Şuşa yalnız azad edilmiş şəhər deyil, həm də Azərbaycanın milli qürurunun, dövlətçilik iradəsinin və Böyük Qayıdış siyasətinin parlaq rəmzidir.

 Şuşanın azad olunması ilə başlanan yeni mərhələnin ən mühüm istiqamətlərindən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. 2024-cü il mayın 11-dən etibarən Şuşaya keçmiş məcburi köçkünlərin köçürülməsinə başlanılması bu baxımdan tarixi hadisədir. İllərlə doğma şəhərinin həsrəti ilə yaşayan insanlar yenidən ata-baba yurdlarına qayıdır, evlərinin qapısını açır, övladlarının gələcəyini Şuşada qururlar. Bu, hər bir azərbaycanlının qəlbində xüsusi yer tutan mənəvi qələbədir. Şəhərdə müasir yaşayış kompleksləri, məktəblər, tibb müəssisələri, hotellər, turizm və xidmət obyektləri yaradılır.

8 Noyabr Azərbaycan xalqının yaddaşında heç vaxt unudulmayacaq tarixi gündür. Bu tarixdə Şuşa azadlığına qovuşdu, Azərbaycan xalqı uzun illərin həsrətinə son qoydu, dövlətimizin ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələyə nail olundu. Şuşa uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, xalqımızın birliyi bu böyük Zəfərin təməlində dayanır. Şuşa bir daha sübut etdi ki, xalq öz tarixini, mədəniyyətini, milli kimliyini və müqəddəs torpaqlarını heç vaxt unutmur. Zaman keçsə də, nəsillər dəyişsə də, Şuşanın Azərbaycan xalqının mənəvi dünyasındakı yeri dəyişməyəcək.

Şuşa azaddır, Şuşa dirçəlir, Şuşa yaşayır!

Yaşasın müstəqil Azərbaycan! Qarabağ Azərbaycandır!

 

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri