9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində milli bayrağımız xüsusi yer tutur. Dövlət bayrağı xalqın milli kimliyini, müstəqillik iradəsini, azadlıq arzularını və dövlətçilik ənənələrini özündə əks etdirən müqəddəs rəmzdir. Bu bayraq xalqımızın tarixini, mənəvi dəyərlərini, milli birliyini və gələcəyə olan inamını ifadə edir. Üçrəngli bayrağımızın dövlətçilik tariximizdə yenidən öz layiqli yerini tutması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən üçrəngli Dövlət Bayrağımız qəbul edilmişdir. Bu tarixi qərar Azərbaycan xalqının müstəqil dövlət qurmaq əzminin, milli özünüdərkinin və azadlıq mübarizəsinin parlaq təzahürü idi. Bayrağımızın üç rəngi – mavi türkçülüyü, qırmızı müasirliyi və demokratik inkişafı, yaşıl isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə milli-mənəvi dəyərlərimizin ayrılmaz rəmzləridir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlətçilik rəmzi kimi istifadədən çıxarılsa da, xalqımızın qəlbində və yaddaşında yaşamaqda davam etdi. Müstəqillik ideyası, milli dövlətçilik arzusu heç vaxt sönmədi. Bu arzunun gerçəkləşməsi və milli bayrağımızın yenidən ucaldılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi əhəmiyyət daşıyır.
Ulu Öndər Heydər Əliyev milli dövlətçilik ənənələrinin qorunub saxlanılmasına, xalqımızın tarixi irsinin yaşadılmasına və milli-mənəvi dəyərlərimizin inkişafına daim böyük diqqət yetirmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında onun təşəbbüsü və rəhbərliyi ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Azərbaycan SSR-in dövlət bayrağının dəyişdirilməsi və üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Ali Sovetinə müraciət olunması haqqında tarixi qərar qəbul edildi.
Bu hadisə milli dövlətçilik tariximizdə mühüm dönüş nöqtəsi oldu. Məhz Naxçıvanda atılan bu cəsarətli və uzaqgörən addım Azərbaycanın müstəqilliyinə gedən yolda milli iradənin nümayişinə çevrildi. Ulu Öndərin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən dövlətçilik rəmzi kimi ucaldıldı və xalqımızın müstəqillik arzularına yeni güc verdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız ölkəmizin Dövlət Bayrağı kimi qəbul olundu. Beləliklə, Heydər Əliyevin Naxçıvanda başladığı tarixi təşəbbüs ümumxalq iradəsinin təntənəsinə çevrildi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyasını uğurla davam etdirərək üçrəngli bayrağımızın beynəlxalq aləmdə daha yüksəklərdə dalğalanmasını təmin edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər, 2023-cü ildə ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin tam bərpa olunması bayrağımızın şərəfini və qürurunu daha da yüksəltdi.
İşğaldan azad edilmiş torpaqlarımızda, xüsusilə Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər şəhər və kəndlərimizdə Azərbaycan bayrağının dalğalanması xalqımızın ən böyük tarixi arzularından birinin gerçəkləşməsidir. Bu mənzərə dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və şəhidlərimizin qanı bahasına qazanılmış Zəfərin təcəssümüdür.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalanmış, 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı olmuşdur. Həmin il sentyabrın 2-də Dövlət Bayrağı Günü təsis edilmiş, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü elan olunmuşdur. Bu qərar dövlət rəmzlərimizə göstərilən yüksək ehtiramın və milli dövlətçilik ənənələrinə sədaqətin bariz nümunəsidir.
Bu gün üçrəngli bayrağımız Azərbaycanın beynəlxalq nüfuzunu, müstəqil siyasətini, iqtisadi və hərbi qüdrətini, xalqımızın sarsılmaz iradəsini nümayiş etdirir. Dövlət bayrağımıza hörmət hər bir vətəndaşın Vətənə, dövlətə və milli dəyərlərə olan sevgisinin ifadəsidir. Bayrağımızın ucalığı müstəqilliyimizin ucalığı, onun dalğalanması isə dövlətimizin əbədi varlığının rəmzidir.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hər bir azərbaycanlı qürur hissi keçirir. Çünki bu bayraq xalqımızın şərəfli tarixini, müstəqillik mübarizəsini, qəhrəmanlığını və parlaq gələcəyə inamını özündə birləşdirir. Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ənənələrinin inkişafına xidmət edən tarixi təşəbbüsü bu gün də yaşayır və gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olaraq qalır.
Üçrəngli bayrağımız daim ucalarda dalğalansın! Azərbaycan dövlətçiliyi əbədi, müstəqilliyimiz sarsılmaz olsun!
Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri