Zəfərə aparan yol: Güclü dövlət, qüdrətli ordu və milli birlik

Zəfərə aparan yol: Güclü dövlət, qüdrətli ordu və milli birlik



Azərbaycanın müasir tarixində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası xalqımızın əsrlər boyu yaddaşında yaşayacaq möhtəşəm tarixi hadisələrdir. Bu Zəfər təsadüfən qazanılmadı. O, illərlə aparılan məqsədyönlü siyasətin, güclü dövlət quruculuğunun, iqtisadi inkişafın, qüdrətli ordunun formalaşdırılmasının və xalqımızın sarsılmaz iradəsinin məntiqi nəticəsi idi.
Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması xalqımızın ən böyük ağrısı və dövlətimizin qarşısında duran başlıca vəzifə idi. Münaqişənin uzun müddət həll olunmaması, onun beynəlxalq müstəvidə faktiki olaraq “dondurulmuş münaqişə” xarakteri alması Azərbaycanın öz gücünü artırmasını, milli maraqlarını qətiyyətlə müdafiə etməsini zəruri edirdi. Bu dövrdə dövlətin bütün imkanları ölkənin gücləndirilməsinə, müdafiə qabiliyyətinin yüksəldilməsinə və gələcək Qələbəyə hazırlanmasına səfərbər olundu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi büdcənin ildən-ilə artırılması, müasir silah və texnikanın alınması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı. Dövlət başçısının da vurğuladığı kimi: “Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq”.
Prezident İlham Əliyev həmin illərdə qarşıya qoyulan məqsədi belə ifadə etmişdi: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”.
Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər gün irəliləyərək torpaqlarımızı işğaldan azad etdi. Dövlət başçısının “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi” fikri həmin günlərin qəhrəmanlıq salnaməsini dolğun şəkildə ifadə edir. Hərbçilərimiz “Öldü var, döndü yoxdur!” şüarı ilə döyüşlərə gedir, Vətən torpağı uğrunda misilsiz fədakarlıq göstərirdilər.
44 gün davam edən müharibə Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Bu Qələbə yalnız hərbi üstünlüyün deyil, milli həmrəyliyin, xalq-ordu birliyinin və dövlətimizin siyasi iradəsinin təntənəsi oldu. Prezidentin müharibə dövründəki çıxışları, beynəlxalq mediaya verdiyi müsahibələr və qətiyyətli bəyanatları ölkə əhalisi tərəfindən böyük rəğbətlə qarşılandı, xalqın mübarizə əzmini daha da gücləndirdi. Zəfər paradı isə Azərbaycanın hərbi qüdrətinin, milli qürurunun və qalib xalq olmasının möhtəşəm nümayişinə çevrildi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi. Bir gündən az davam edən əməliyyat nəticəsində separatçı qüvvələrin mövcudluğuna son qoyuldu. Dövlət başçısının sözləri ilə desək, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi və gücünü bir daha göstərdi. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin sərhədləri üzərində suveren hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıdı.
Qazanılmış hərbi və siyasi uğurların davamı olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində də tarixi nəticələr əldə edildi. Azərbaycan sülhün tərəfdarı olduğunu dəfələrlə bəyan edərək regionda dayanıqlı təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasını əsas məqsədlərindən biri kimi müəyyənləşdirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır”.
Zəfərdən sonrakı mərhələdə Azərbaycanın qarşısında yeni vəzifələr – azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın təmin edilməsi, iqtisadi potensialın reallaşdırılması və həmin torpaqlarda həyatın yenidən canlandırılması dayanır. Prezidentin “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq” fikri bu mərhələnin əsas hədəflərini müəyyənləşdirir.
Qələbənin ən mühüm mənəvi tərəflərindən biri də Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə, müharibə əlillərinə və qazilərimizə dövlət qayğısının davamlı şəkildə göstərilməsidir. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi, mənzil və digər sosial təminat tədbirlərinin həyata keçirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin tapşırıqları əsasında şəhid ailələri və müharibə iştirakçılarını əhatə edən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.
Dövlət başçısının qeyd etdiyi kimi, Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların ailələri daim dövlət qayğısı ilə əhatə olunmalı, sağlamlığını itirmiş və yaralanmış qazilərimizə hərtərəfli dəstək göstərilməlidir. Müharibə iştirakçılarına göstərilən diqqət və qayğı onların qəhrəmanlığının dövlət səviyyəsində qiymətləndirilməsinin, milli yaddaşımızda daim uca tutulmasının bariz nümunəsidir.
Bu gün Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri milli birliyin qorunması və daha da möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” fikri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bəli, Azərbaycan Zəfərə uzun və çətin bir yoldan keçərək çatdı. Bu yol güclü dövlətin, qüdrətli ordunun, müdrik siyasi rəhbərliyin və xalqımızın sarsılmaz birliyinin yoludur. Qazanılan tarixi Qələbə gələcək nəsillər üçün həm qürur mənbəyi, həm də Vətənə sədaqət və milli həmrəyliyin əbədi örnəyi olaraq qalacaq.

Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri