Hər bir xalqın milli kimliyini, tarixi keçmişini, dövlətçilik ənənələrini və müstəqillik arzularını özündə təcəssüm etdirən müqəddəs rəmzləri vardır. Azərbaycan xalqı üçün bu müqəddəs rəmzlərdən biri də üçrəngli Dövlət Bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət bayrağımız xalqımızın milli-mənəvi dəyərlərinin, müasirlik və tərəqqi ideyalarının, azadlıq və müstəqillik uğrunda mübarizəsinin parlaq ifadəsidir. 9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlının qəlbində milli qürur, vətənpərvərlik və dövlətçiliyimizə sədaqət hisslərini daha da gücləndirən əlamətdar gündür.
Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət bayrağı kimi qəbul edilmişdir. Bu, Azərbaycan xalqının müstəqil dövlət qurmaq iradəsinin, milli özünüdərkinin və azadlıq ideallarının tarixi təzahürü idi. 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, xalqımızın yaddaşında və qəlbində yaşamaqda davam etdi.
Milli dövlətçilik ənənələrinin qorunub saxlanılmasında və üçrəngli bayrağımızın yenidən ucaldılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi əhəmiyyət daşıyır. 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı yenidən qaldırıldı. Həmin sessiyada Naxçıvanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, milli dövlət rəmzlərinin bərpası və üçrəngli bayrağın qəbul edilməsi ilə bağlı mühüm tarixi qərarlar verildi. Bu təşəbbüs Azərbaycan dövlət müstəqilliyinin bərpasına aparan yolda böyük siyasi və mənəvi əhəmiyyətə malik hadisəyə çevrildi.
Ulu Öndər Heydər Əliyev bayrağımızın mahiyyətini və müqəddəsliyini belə ifadə etmişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq etdi. Müstəqilliyimizin bərpasından sonra isə bu müqəddəs rəmz dövlətçiliyimizin ayrılmaz atributuna çevrildi. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Dövlət Bayrağı Günü yalnız təqvimdə əks olunan əlamətdar tarix deyil. Bu gün milli dövlət rəmzimizə hörmət və ehtiramın, müstəqilliyimizə sədaqətin, xalqımızın birliyinin və həmrəyliyinin təcəssümüdür. Bayrağımıza ehtiram göstərmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Çünki bayraq tariximizi, şəhidlərimizin qanı bahasına qorunmuş torpaqlarımızı, dövlətimizin suverenliyini və gələcəyə yönəlmiş milli hədəflərimizi özündə birləşdirir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq məfkurəsi də milli birliyin, həmrəyliyin və dövlətə sədaqətin əsas ideoloji dayaqlarından biridir. Bu məfkurə müxtəlif dünyagörüşünə, sosial mənsubiyyətə və coğrafi məkana malik azərbaycanlıları vahid milli ideya ətrafında birləşdirir. Üçrəngli bayrağımız isə həmin birliyin ən uca və müqəddəs rəmzidir.
Bu gün Azərbaycan Bayrağı dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların iqamətgahları qarşısında, diplomatik nümayəndəliklərimizin binalarında və mötəbər tədbirlərdə qürurla dalğalanır. Xüsusilə Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda, şəhər və kəndlərimizdə ucaldılması xalqımızın yaddaşına əbədi həkk olunmuş qürurverici anlara çevrildi. Bu mənzərə dövlət suverenliyimizin, ərazi bütövlüyümüzün və milli iradəmizin təntənəsidir.
Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan və onun dövlət rəmzləri haqqında söylədiyi aşağıdakı fikirlər bu gün də öz tarixi və siyasi əhəmiyyətini qoruyur: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”.
Bu gün hər birimiz üçün əsas vəzifələrdən biri dövlət rəmzlərimizə hörmət ruhunun gənc nəslə aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçilik ənənələrimizin gələcək nəsillərə ötürülməsidir. Çünki bayrağa sevgi Vətənə sevgidir, dövlətə sədaqətdir, milli kimliyimizə və tariximizə ehtiramdır.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri