Zəfər Günü – milli iradənin və dövlət qüdrətinin təntənəsi

Zəfər Günü – milli iradənin və dövlət qüdrətinin təntənəsi

 

Azərbaycan xalqının müasir tarixində elə günlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha da aydın görünür. 8 Noyabr məhz belə tarixlərdəndir. Bu gün xalqımızın onilliklər boyu qəlbində yaşatdığı torpaq həsrətinin sona çatdığı, milli iradənin sarsılmaz gücünün və Azərbaycan dövlətinin qüdrətinin bütün dünyaya nümayiş etdirildiyi möhtəşəm Zəfərin rəmzidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, güclü ordu quruculuğu və xalq-iqtidar birliyi 2020-ci ildə tarixi nəticəsini verdi. Sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizəni qətiyyətli qələbə ilə başa çatdırdı. Noyabrın 8-də Şuşanın azad olunması isə bu qələbənin ən parlaq səhifələrindən biri kimi tarixə düşdü. Məhz bu tarixi hadisənin əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Zəfər Günü elan edildi.

44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, döyüş hazırlığını, müasir hərbi imkanlarını və yüksək peşəkarlığını nümayiş etdirdi. Hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut və Suqovuşan qəsəbələri, eləcə də ümumilikdə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Bu qələbənin arxasında illərlə aparılmış ordu quruculuğu, ölkənin iqtisadi potensialının gücləndirilməsi, milli birliyin möhkəmləndirilməsi və dövlətin prinsipial mövqeyi dayanırdı. Müharibə günlərində Prezident İlham Əliyevin xalqa müraciətləri, beynəlxalq media qurumlarına verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. Dövlət başçısı hər çıxışında ölkəmizin öz torpaqlarını azad etmək uğrunda mübarizə apardığını qətiyyətlə bildirir, Azərbaycanın iradəsinin sarsılmaz olduğunu nümayiş etdirirdi. Həmin günlərdə xalqımızın vahid amal ətrafında birləşməsi ilə rəmzə çevrilən “Dəmir yumruq” ifadəsi milli həmrəyliyin, gücün və sarsılmaz birliyin təcəssümü oldu.

Zəfər tariximizin ən mühüm hadisələrindən biri olan Şuşanın azad edilməsi hərb tariximizə misilsiz qəhrəmanlıq nümunəsi kimi daxil oldu. Mürəkkəb relyefi, strateji mövqeyi və düşmənin müdafiə imkanları Şuşa uğrunda döyüşləri son dərəcə çətinləşdirirdi. Lakin Azərbaycan əsgər və zabitlərinin cəsarəti, peşəkarlığı və Vətən sevgisi qarşıya qoyulan tarixi vəzifənin yerinə yetirilməsini təmin etdi. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri həmin günün sevincini və qürurunu ifadə edən tarixi müraciətə çevrildi. Dövlət başçısının Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiyini bildirməsi bu qələbənin mənəvi dəyərini daha da artırdı. Şuşanın azad olunması müharibənin gedişinə həlledici təsir göstərdi və Ermənistanın hərbi-siyasi rəhbərliyini kapitulyasiya aktı xarakteri daşıyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalamağa məcbur etdi. Beləliklə, Şuşa Zəfəri yalnız bir şəhərin azadlığı deyil, bütövlükdə Azərbaycanın tarixi ədalətin bərpası istiqamətində qazandığı böyük uğurun rəmzi oldu.

Vətən müharibəsində əldə edilən qələbə ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoydu. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Dövlət Bayrağımızı ucaltması ərazi bütövlüyünün və suverenliyin tam təmin olunmasının rəmzi hadisəsi kimi yadda qaldı. Dövlət başçısı bu tarixi hadisəni Azərbaycanın qarşısında dayanan əsas məqsədlərdən birinin gerçəkləşməsi kimi qiymətləndirdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, yeni yolların, yaşayış komplekslərinin, sosial obyektlərin inşası, müasir infrastrukturun yaradılması qazanılmış Zəfərin davamı olan böyük inkişaf prosesidir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıtması isə tarixi qələbənin insan talelərində yaratdığı müsbət dəyişiklikləri nümayiş etdirir. Bir zamanlar dağıntılar içində qalan torpaqlarımızın yenidən qurulması Azərbaycanın qurucu və inkişaf edən dövlət kimi potensialını təsdiqləyir.

Zəfər Gününün mahiyyəti yalnız 44 günlük müharibədə qazanılmış hərbi uğurla məhdudlaşmır. Bu tarix dövlətimizin müstəqil siyasət yürütmək imkanlarının, milli maraqlarını qətiyyətlə müdafiə etmək iradəsinin və xalqımızın sarsılmaz birliyinin təntənəsidir. Bu böyük Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın həmrəyliyi və Vətən uğrunda canından keçən şəhidlərimizin misilsiz fədakarlığı sayəsində qazanıldı. Bu gün hər bir azərbaycanlının borcu həmin tarixi qələbənin qəhrəmanlarını ehtiramla yad etmək, qazilərimizin xidmətlərini unutmamaq, milli birliyimizi qorumaq və dövlətimizin qarşısında duran inkişaf hədəflərinə töhfə verməkdir. 8 Noyabr xalqımızın yaddaşında yalnız qürur və sevinc günü deyil, həm də gələcək nəsillərə ötürüləcək böyük dövlətçilik dərsi kimi yaşayacaq. Zəfər Günü Azərbaycanın gücünü, iradəsini və qalib xalq kimi gələcəyə inamını əks etdirən əbədi tarixdir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri