Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər vardır ki, həmin tarixlər milli yaddaşımıza əbədi həkk olunaraq xalqımızın qürur və iftixar mənbəyinə çevrilir. 8 Noyabr – Zəfər Günü də bu baxımdan müasir tariximizin ən şanlı səhifələrindən biridir. Bu möhtəşəm Qələbə Azərbaycan xalqının əzmini, mübarizə iradəsini, milli birliyini və güclü dövlətçilik ənənələrini bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun və siyasi mövqelərinin daha da möhkəmlənməsi demək idi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, qəhrəmanlıq və döyüş əzmi nümayiş etdirərək düşmənin uzun illər ərzində qurduğu müdafiə istehkamlarını darmadağın etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri və yüzlərlə yaşayış məntəqəsi işğaldan azad edildi. Noyabrın 8-də isə Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin azad edilməsi müharibənin taleyini həll edən mühüm hadisəyə çevrildi. Məhz Şuşanın azad olunması Azərbaycanın hərbi və siyasi üstünlüyünü qəti şəkildə təsdiqlədi. Bu tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi.
Zəfərimizin əhəmiyyəti yalnız hərbi müstəvidə əldə olunan nəticələrlə məhdudlaşmır. Azərbaycan müharibədən sonrakı dövrdə də öz siyasi iradəsini, diplomatik gücünü və beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə nümayiş etdirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində mühüm nəticələr əldə edilmişdir. Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş, sülh sazişinin mətninin paraflanması və Birgə Bəyannamənin imzalanması regionun gələcəyi baxımından tarixi əhəmiyyət daşıyan hadisələr olmuşdur. Eyni zamanda, ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması istiqamətində atılan addımlar uzun illər davam edən münaqişənin beynəlxalq vasitəçilik mexanizmlərinin gündəmindən çıxarılması baxımından mühüm nəticədir. Bu hadisələr Azərbaycanın regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına verdiyi töhfəni bir daha təsdiqləyir.
Tarixi Zəfərin əldə olunmasında misilsiz qəhrəmanlıq göstərən hərbi qulluqçulara, müharibə iştirakçılarına və şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dövləti Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsini daim uca tutur, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və qazilərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Müharibə iştirakçılarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, sosial ödənişlərlə əhatə olunması, tibbi və psixoloji reabilitasiyası dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir, Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin edir. Bir vaxtlar dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, müasir infrastruktur yaradılır, iqtisadi və sosial həyat canlanır. Bütün bunlar Zəfərin yalnız hərbi qələbə deyil, həm də quruculuq, inkişaf və gələcəyə inam mərhələsi olduğunu göstərir.
8 Noyabr – Zəfər Günü xalqımızın tarix qarşısında öz gücünü və iradəsini nümayiş etdirdiyi əbədi qürur günüdür. Bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi sayəsində əldə edilmişdir. Zəfər tariximiz gələcək nəsillər üçün vətənpərvərlik, milli birlik və dövlətə sədaqət nümunəsi olaraq yaşayacaqdır. Azərbaycanın üçrəngli bayrağı azad edilmiş torpaqlarımızda əbədi dalğalanacaq, xalqımızın Zəfər salnaməsi isə gələcək uğurlarımız üçün möhkəm mənəvi əsas olacaqdır.
Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini