YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Tarixin qəhrəmanlıq salnaməsi - 8 Noyabr” adlı tədbir keçirildi.
Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş, şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 8-dək davam edən Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü və zəfər qazandı. Bununla da tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə qürurvericidir. Bu gün qələbəmizin ildönümünü şəhidlərimizin xatirəsinə dərin ehtiram, ordumuza minnətdarlıq hissləri ilə qeyd edirik.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov çıxış edərək qeyd etdi ki, xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.
Millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə 2020-ci ilin 8 noyabrında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad edib. Bu tarixi Qələbə ilə 30 ilə yaxın davam edən ədalətsizlik və işğal dövrünə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinin, eləcə də qazilərin və veteranların dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə edildiyi vurğulanıb.
Millət vəkili Səbinə Xasayeva Azərbaycan xalqını Böyük Zəfərə aparan yolun Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı, eləcə də uğurlu xarici və daxili siyasəti ilə başladığını bildirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı Zəfər nəticəsində 30 ildən artıq işğal altında qalan torpaqlarımızın azad edilməsinin böyük tarixi nailiyyət olduğunu diqqətə çatdırdı. Dağıdılmış kəndlərimizin, şəhərlərimizin yenidən tikilməsinin, qurulmasının, doğma yurd-yuvalarından didərgin düşmüş insanların öz ata-baba torpaqlarına qaytrarılmasının dövlətimizin gücü, dövlət başçımızın uğurlu siyasəti və sarsılmaz xalq-ordu-rəhbər birliyi sayəsində həyata keçirildiyini bir daha vurğuladı.
Vətən müharibəsi şəhidi, "Qarabağ" ordeni və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuş baş leytenant Cəmil Nəcəfovun anası Mətanət Nəcəfova Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışdı.
Binəqədi Rayon İcra Hakimiyyətinin sektor müdiri Rauf Həsənov təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox böyük uğurla davam etməsindən, onun bir çağırışıyla dəmir yumruq kimi birləşən ordu-xalq birliyinin əzmlə mübarizə aparmasından və qalib gəlməsindən bəhs etdi. Şəhidlərə Allahdan rəhmət, şəhid ailələrinə səbir, qazilərə isə can sağlığı arzuladı.
Tədbir bədii hissə ilə başa çatdı.