Milli həmrəylik və azərbaycançılıq məfkurəsi xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini və dövlətçilik ənənələrini özündə birləşdirən mühüm ideoloji prinsiplərdir. Bu iki anlayış Azərbaycan cəmiyyətinin birliyinin, bütövlüyünün və gələcək inkişafının əsasını təşkil edir. Tarixin müxtəlif dövrlərində xalqımız bir sıra çətin sınaqlarla üzləşsə də, milli birliyini, özünəməxsusluğunu və Vətənə bağlılığını qoruyub saxlamağı bacarmışdır. Məhz bu xüsusiyyətlər Azərbaycan xalqının gücünü, iradəsini və milli ruhunu nümayiş etdirən başlıca amillərdəndir.
Azərbaycançılıq məfkurəsi hər şeydən əvvəl Azərbaycan dövlətinə, xalqına, tarixinə və milli-mənəvi dəyərlərinə bağlılıq deməkdir. Bu ideologiya ölkəmizdə yaşayan bütün insanların vahid Vətən ətrafında birləşməsini, dövlətçilik maraqlarının qorunmasını və milli həmrəyliyin möhkəmləndirilməsini nəzərdə tutur. Azərbaycançılıq yalnız milli mənsubiyyət anlayışı ilə məhdudlaşmır. O, həm də ümumi vətəndaşlıq mövqeyini, Vətən qarşısında məsuliyyəti, dövlətə sədaqəti və cəmiyyətin inkişafına töhfə vermək istəyini ifadə edir.
Azərbaycançılıq ideologiyasının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər ölkəmizin mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşdiyi bir dövrdə milli birliyin qorunmasını, dövlətçiliyin möhkəmləndirilməsini və xalqın vahid ideya ətrafında səfərbər olunmasını əsas vəzifələrdən biri kimi müəyyən etmişdir. Onun siyasi fəaliyyətində azərbaycançılıq ideologiyası dövlət siyasətinin mühüm istiqamətinə çevrilmişdir. Heydər Əliyev hər zaman vurğulayırdı ki, Azərbaycan xalqının birliyi, milli həmrəyliyi və öz dövlətinə bağlılığı ölkənin müstəqilliyinin möhkəmlənməsinin əsas şərtləridir.
Ulu Öndərin müəyyən etdiyi siyasi xətt nəticəsində azərbaycançılıq məfkurəsi cəmiyyətin bütün təbəqələrini əhatə edən ümummilli ideyaya çevrildi. Bu ideya insanların dilindən, dinindən, etnik mənsubiyyətindən və sosial vəziyyətindən asılı olmayaraq, onları vahid dövlətçilik prinsipləri ətrafında birləşdirir. Azərbaycan tarixən müxtəlif xalqların və mədəniyyətlərin birgə yaşadığı məkan olmuşdur. Ölkəmizdə formalaşan tolerantlıq, qarşılıqlı hörmət və multikulturalizm ənənələri də milli həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Milli həmrəylik xalqın ortaq məqsədlər naminə birləşməsi, dövlətin maraqlarını şəxsi və qrup maraqlarından üstün tutması və çətin anlarda vahid mövqedən çıxış etməsidir. Həmrəylik yalnız müəyyən tarixi hadisələr zamanı nümayiş etdirilən birlik deyil, gündəlik həyatda, ictimai münasibətlərdə, dövlət quruculuğunda və gələcək nəsillərin tərbiyəsində özünü göstərən davamlı dəyərdir. Güclü milli həmrəyliyə malik olan cəmiyyət qarşıya çıxan problemləri daha böyük inamla aradan qaldırır, inkişaf istiqamətində məqsədyönlü addımlar atır.
Azərbaycanın müstəqillik tarixində milli həmrəyliyin ən parlaq təzahürlərindən biri Vətən müharibəsi dövründə nümayiş etdirilən birlik olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı xalqımız dövlət, ordu və Ali Baş Komandan ətrafında sıx birləşərək tarixi Zəfərin əldə olunmasına öz töhfəsini verdi. Cəmiyyətin bütün təbəqələrinin nümayiş etdirdiyi birlik, əsgər və zabitlərimizə göstərilən mənəvi dəstək, xaricdə yaşayan soydaşlarımızın fəallığı milli həmrəyliyin nə qədər böyük gücə malik olduğunu bir daha təsdiqlədi. Bu Zəfər Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və birliyinin tarixi nəticəsi kimi yadda qaldı.
Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də milli həmrəyliyin əhəmiyyətini daha da artırır. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, doğma yurdlarına qayıdan insanların məskunlaşması, yeni infrastruktur layihələrinin reallaşdırılması ümummilli məqsədlərin həyata keçirilməsinin nümunəsidir. Bu proseslərdə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür. Çünki güclü dövlət yalnız iqtisadi və siyasi imkanlarla deyil, həm də xalqın birliyi, vətəndaşların fəallığı və ümumi məsuliyyət hissi ilə formalaşır.
Azərbaycançılıq məfkurəsinin əsas istiqamətlərindən biri də gənc nəslin milli ruhda tərbiyə olunmasıdır. Gənclər ölkənin gələcəyini müəyyən edən əsas qüvvədir. Onların milli tariximizi dərindən öyrənməsi, ana dilimizi qoruması, mədəni irsimizə sahib çıxması və dövlətçilik ənənələrinə hörmətlə yanaşması xüsusi əhəmiyyət daşıyır. Vətənpərvərlik yalnız sözlə ifadə edilən hiss deyil, həm də bilik, zəhmət, məsuliyyət və cəmiyyətə fayda vermək istəyi ilə təsdiqlənən mənəvi keyfiyyətdir. Hər bir gənc öz fəaliyyəti ilə Azərbaycanın inkişafına töhfə verməli, milli dəyərlərimizi gələcək nəsillərə ötürməlidir.
Jalə Fərəcli
YAP Ordubad rayon təşkilatının fəalı