Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan tarix deyil, bütöv bir xalqın taleyini, milli qürurunu, birliyini və mübarizə əzmini özündə əks etdirir. 8 Noyabr – Zəfər Günü də məhz belə əlamətdar tarixlərdən biridir. Bu gün Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış, dövlətimizin gücünü, xalqımızın birliyini və ordumuzun yenilməzliyini bütün dünyaya nümayiş etdirmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin ən mühüm mərhələsinə çevrildi. Bu müharibə Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrətinin sona çatması, tarixi ədalətin bərpası istiqamətində böyük dönüş yaratdı. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq, döyüş hazırlığı, müasir hərbi texnologiyalardan istifadə bacarığı və misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri hər qarış torpaq uğrunda böyük fədakarlıq göstərdi. Döyüş meydanında nümayiş etdirilən igidlik və qətiyyət xalqımızın milli ruhunun, vətənpərvərlik hissinin nə qədər güclü olduğunu bir daha sübut etdi.
Zəfər tariximizin ən möhtəşəm səhifələrindən biri isə 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Qarabağın tacı hesab edilən Şuşanın azad olunması hərbi və siyasi baxımdan müstəsna əhəmiyyət daşıyırdı. Məhz bu şanlı qələbədən sonra noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Azərbaycan öz hərbi-siyasi üstünlüyünü təsdiqlədi və uzun illər davam edən işğala son qoyulması istiqamətində tarixi nəticə əldə etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. Bu qərar xalqımızın tarixi qələbəsinə verilən yüksək qiymətin ifadəsidir. Zəfər yalnız hərbi qələbə deyil, həm də milli birliyin, dövlət-xalq-ordu həmrəyliyinin təntənəsidir. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan vətəndaşları vahid amal ətrafında birləşərək dövlətimizin və ordumuzun yanında dayandılar. Ölkəmizin hər yerində insanlar böyük ruh yüksəkliyi ilə qələbəyə inanır, əsgərlərimizə mənəvi dəstək göstərirdilər. Bu birlik Azərbaycanın qələbəsində mühüm rol oynadı. Bu möhtəşəm qələbənin əldə olunmasında şəhidlərimizin və qazilərimizin xidmətləri misilsizdir. Vətən torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Qazilərimizin fədakarlığı, şəhid ailələrinin iradəsi və dözümlülüyü xalqımızın mənəvi gücünün göstəricisidir. Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, yollar, tunellər, hava limanları, yaşayış məntəqələri, məktəblər və digər sosial infrastruktur obyektləri inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bu proses Zəfərin yalnız döyüş meydanında qazanılmadığını, həm də quruculuq, inkişaf və tərəqqi ilə davam etdiyini göstərir. 8 Noyabr – Zəfər Günü hər bir azərbaycanlı üçün qürur, fəxr və sonsuz minnətdarlıq günüdür. Bu tarix bizə Vətəni sevməyin, milli birliyi qorumağın, dövlətçiliyə sahib çıxmağın və müstəqilliyimizi daim müdafiə etməyin nə qədər vacib olduğunu xatırladır. Bu gün Azərbaycan qalib dövlət, Azərbaycan xalqı isə öz tarixinə şanlı Zəfər yazmış xalq kimi tanınır. Əminliklə demək olar ki, 8 Noyabrın tarixi əhəmiyyəti gələcək nəsillər tərəfindən də daim yüksək qiymətləndiriləcəkdir. Xalqımız artıq altıncı ildir ki, möhtəşəm Zəfərini böyük qürur və təntənə ilə qeyd edir.
Zəfər bizə milli qürurumuzu, mənəvi ucalığımızı qaytardı. Eyni zamanda, otuz il ərzində üzərimizə kölgə salan işğala məruz qalmış xalq obrazını tariximizin arxivinə göndərdi. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, o, öz torpağının sahibidir, öz taleyini özü müəyyənləşdirir və heç vaxt işğalla barışmır: Məhz buna görə Zəfər Günü qəhrəmanlıq tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifəsidir. Zəfərimizin əsl mahiyyəti yalnız azad etdiyimiz torpaqlarla ölçülmür. Bu qələbə həm də dövlətimizin gücünün, xalqımızın birliyinin və milli iradəmizin təntənəsidir. İnanıram ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da güclənəcək, dövlət suverenliyimiz və müstəqilliyimiz daha da möhkəmlənəcək. Xalqımızın Dəmir yumruğu milli birliyimizin, dövlətçiliyimizin və təhlükəsizliyimizin rəmzi olaraq daim möhkəm qalacaq. Zəfər bizim qürurumuz, dövlətçiliyimizin gücü, gələcək nəsillərə ən böyük tarixi mirasımızdır! Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Qələbə Azərbaycanın beynəlxalq münasibətlərdə öz sözünü deyən, milli maraqlarını qətiyyətlə müdafiə edən və regional proseslərin formalaşmasında fəal iştirak edən dövlət kimi mövqeyini gücləndirdi. Bu Zəfər Azərbaycan xalqının iradəsinin heç bir xarici təzyiq qarşısında sınmadığını bütün dünyaya nümayiş etdirdi.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov