Bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində, o cümlədən 28 il düşmən işğalında qalan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Hadrut, Mincivan, Ağbənd, Əsgəran qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə qürurla dalğalanır. Müqəddəs bayrağımız Ali Baş Komandanımızın, müzəffər Ordumuzun, haqq yolunda, Vətən uğrunda həlak olan qəhrəman şəhidlərimizin şücaəti nəticəsində azad edilmiş torpaqlarda ucalır, başdan-başa ölkəmizi bəzəyir. Üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə yaddaşlara, tarixə yazıldı. Artıq altıncı ildir ki, qalib Azərbaycan 9 Noyabr - Dövlət Bayrağı Gününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir. Cəmi 44 günə düşmənin pərən-pərən salındığını, işğaldan azad edilən torpaqlarda yenidən üçrəngli bayrağın qürurla dalğalandığını görmək hər bir azərbaycanlıda fəxarət hissi yaradır. Hər saatı, hər dəqiqəsi bir dastan olan haqq savaşından qalib çıxan Azərbaycanda bu ərəfələr bayram-bayrama qarışır. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasəti, ordumuzun qüdrəti, xalqımızın birliyi sayəsində 28 ildən sonra düşmən tapdağından azad olan Şuşaya bayrağımızın sancıldığı Zəfər Günündən 1 gün sonra - 9 noyabrda tarix boyu dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşan xalqımızın Dövlət Bayrağı Günü qeyd edilir. Dahi şəxsiyyət Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Bəli, xalqımın, dövlətimin şərəf və ləyaqətinin ifadəsi olan üçrəngli bayrağa xüsusi münasibəti hər zaman özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirən üçrəngli bayrağımıza, milli atributumuza sevgi ildən-ilə daha da artıb. Özünütəsdiq simvolu olan bayrağı qürur və güvənc yeri sayan xalqımız bundan böyük qürur duyur. Ölkə Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. “Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında bəyan etdiyi bu sözlər hər birimizdə qürur, iftixar hissi yaratdı. 2016-cı ildə işğaldan azad edilən Lələtəpə yüksəkliyinə sancılaraq bütün işğal altında olan torpaqlarımızın da azad ediləcəyinin müjdəçisinə çevrilən bayrağımız Vətən savaşının 44-cü günündə Qarabağda əbədi dalğalandırıldı.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi