Müstəqilliyimizin Şərəf Məcəlləsi: Dövlət Atributları və Zirvələrə Ucalan Zəfər Bayrağı

Müstəqilliyimizin Şərəf Məcəlləsi: Dövlət Atributları və Zirvələrə Ucalan Zəfər Bayrağı

 

Azərbaycan xalqının dövlətçilik salnaməsi azadlıq iradəsi, şərəf və milli ləyaqət uğrunda aparılan çoxəsrlik mübarizələrlə zəngindir. XX əsrin sonlarında — bəşəriyyətin böyük siyasi təlatümlər yaşadığı bir dövrdə müstəqilliyini yenidən bərpa edən ölkəmiz tarixin ən ağır, mürəkkəb və həlledici sınaqları ilə üz-üzə qalmışdı. İqtisadi tənəzzül, xaos və torpaqlarımızın işğalı təhlükəsi fonunda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin sarsılmaz təməllərini atdı. Ulu Öndər üçün dövlət atributları — üçrəngli bayraq, milli gerb və dövlət himni sadəcə hüquqi simvollar deyil, xalqın mənəvi varlığının, azadlıq ruhunun və dövlətçilik təfəkkürünün ən ali göstəricisi idi.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, uzaqgörənliyini və gələcəyə olan sonsuz inamını əks etdirən bu tarixi sözlər hər bir azərbaycanlının qəlbində böyük qürur hissi oyadır:“İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”

Milli dövlətçilik tariximizin təhlili göstərir ki, Heydər Əliyevin dövlət atributlarımıza verdiyi müqəddəs dəyər müstəqilliyin bərpasından da əvvəl özünü büruzə vermişdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Ümummilli Liderin rəhbərliyi ilə keçirilən tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət rəmzi kimi qəbul olunması imperiya buxovlarına qarşı azad iradənin təntənəsi idi. Hələ Sovet İttifaqının mövcud olduğu bir dövrdə atılan bu cəsarətli addım bütün Azərbaycanda milli azadlıq hərəkatına yeni impuls verdi və müstəqilliyə gedən yolda ilk tarixi pəncərəni açdı.

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına və digər nüfuzlu beynəlxalq qurumlara üzv seçildikdən sonra üçrəngli bayrağımız dünya mərkəzlərində rəsmən ucalmağa başladı. Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət və milli inkişaf strategiyası ölkəmizi beynəlxalq aləmdə suveren, etibarlı və öz sözü olan tərəfdaşa çevirdi. Dövlət bayrağımız müstəqilliyimizin dönməzliyini və Azərbaycan xalqının beynəlxalq aləmdə özünə layiq yer tutduğunu bütün dünyaya bəyan etdi.

Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və rəşadətli ordusu 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza atdı. Qazanılan hərbi-siyasi qələbə və uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tamamilə bərpa olundu.

İllərlə həsrətində olduğumuz müqəddəs torpaqlarımızda — Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda, Zəngilanda və Qubadlıda üçrəngli bayrağımızın yenidən ucaldılması Ümummilli Liderin vəsiyyətinin və arzularının tam təntənəsi oldu. Hər il 9 Noyabr – Dövlət Bayrağı Günündə xalqımız bu ucalığı və tarixi zəfəri böyük fəxarətlə qeyd edir.

Bu gün müstəqil Azərbaycan dövləti regionun lideri, dünyada söz sahibi olan və iqtisadi cəhətdən qüdrətli bir ölkədir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətimizin parlaq gələcəyinin zəmanətidir. Dövlətimiz var olduqca, üçrəngli bayrağımız mavi səmalarımızda, azad torpaqlarımızda və beynəlxalq kürsülərdə daim dalğalanacaq, Ulu Öndərin dediyi kimi, bu şərəfli yüksəkliklərdən heç vaxt enməyəcəkdir!

 

Münəvvər İsmayıllı

YAP Ordubad rayon təşkilatının fəalı