Hər bir xalq üçün özünütəsdiq simvolu olan, qürur və güvənc yeri sayılan dövlət bayrağı ölkənin və xalqın kimliyinin, düşüncə tərzinin və mənəvi dünyasının görünən ən işıqlı meyarıdır. Dövlət bayrağı bütün xalqlar üçün onun milli kimliyini, azadlıq düşüncəsini və dövlətçilik iradəsini ifadə edən müqəddəs rəmzlərin ən birincisi hesab olunur.
Xalqımızın milli-mənəvi dünyasını, tarixi köklərini, müasir inkişaf arzularını və ümumbəşəri dəyərlərə bağlılığını mavi, qırmızı və yaşıl rənglərin vəhdətində əks etdirən Azərbaycan Bayrağının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrindən başlayır.
Bu gün suverenliyini bərpa etmiş Müstəqil Azərbaycan Respublikasının bütün ərazilərində qürurla dalğalanan müqəddəs bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Xalqımızın müstəqillik ideallarının rəmzi kimi tarixə düşən üçrəngli bayrağımız Sovet hakimiyyəti illərində dövlətçilik həyatımızdan çıxarılsa da, xalqımızın yaddaşında və milli düşüncəsində daim yaşayıb və onun yenidən ucaldılması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Belə ki, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə Sovet İmperiyası tərəfindən süquta uğradıldı, dövlət ilhaq edildi. Bununla yanaşı dövlətçilik ideyaları və xalqın mübarizə əzmi qəlblərdə yaşadı. Nəhayət, Dövlət Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Həmin sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması da milli dövlətçilik ənənələrinin bərpası istiqamətində atılan mühüm siyasi addım oldu. Həmin vaxt sovet siyasi sisteminin hələ qüvvədə olduğu şəraitdə belə bir qərarın qəbul edilməsi böyük cəsarət, siyasi uzaqgörənlik və milli maraqlara sarsılmaz sədaqət tələb edirdi. Ulu Öndər bununla xalqımıza müstəqilliyin mümkünlüyünə inam aşıladı, milli dövlətçilik ideyasının yenidən dirçəlməsinə güclü təkan verdi və bu təşəbbüs Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm mərhələ olmaqla milli dövlətçilik ideyalarının möhkəmlənməsinə yol açdı.
Nəticədə 1991-ci il fevralın 5-də üçrəngli bayrağımız Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ikinci dəfə dövlət rəmzi kimi təsdiq edildi və müstəqilliyimizin bərpasından sonra Azərbaycanın əsas dövlət atributlarından biri kimi qəbul olundu. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı. Bununla da Dövlət bayrağımız Müstəqil Azərbaycanda və dünya dövlətlərinin mərkəzlərində dalğalanmağa, varlığımızı, gücümüzü bütün dünyaya tanıtmağa başladı.
Heydər Əliyevin “Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” fikirləri bayrağımızın mənəvi və siyasi əhəmiyyətini açıqlamaqla, dövlətçilik fəlsəfəmizin mühüm ideoloji əsasını təşkil edir və bu çağırışların mahiyyətində milli həmrəylik, vətənpərvərlik və ümumi məqsədlər naminə birləşmək dayanır.
Bu gün Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkə rəhbərinin milli ideyalara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı dövlət rəmzlərimizə göstərilən diqqətin bariz nümunəsi oldu. Bu gün Azərbaycanın üçrəngli bayrağı beynəlxalq təşkilatların iqamətgahları qarşısında, diplomatik nümayəndəliklərimizdə və ölkəmizin bütün guşələrində dalğalanaraq dövlətimizin beynəlxalq nüfuzunu və müstəqilliyini təcəssüm etdirir.
Müzəffər Ali Baş Komandanımızın vaxtilə söylədiyi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” fikri isə bütöv bir xalqın qəlbinin səsi olaraq tam reallığa çevrildi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə Dövlət Bayrağımızın rəmzi əhəmiyyətini daha da artırdı. Torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası nəticəsində üçrəngli bayrağımız bütün ərazilərimizdə ucaldıldı.
Bu gün Şuşada, Xankəndidə Xocalıda, Laçında, Kəlbəcərdə və digər azad edilmiş torpaqlarımızda dalğalanan bayrağımız xalqımızın birliyinin, ordumuzun qüdrətinin və dövlətimizin suverenliyinin təcəssümü olaraq yeni bir tarixi mərhələnin rəmzinə çevrilib. Bayrağımızın hər dalğalanışında şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı, xalqımızın sarsılmaz iradəsi və Prezident İlham Əliyevin qətiyyətli siyasəti yaşayır.
Prezident İlham Əliyevin “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir” fikri hər bir azərbaycanlının düşüncəsində xüsusi yer tutur. Sözün əsil mənasında bayrağımız dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatlarda və mötəbər tədbirlərdə dövlətimizin səsini və nüfuzunu təmsil edir. Onun ucalığı Azərbaycanın müstəqil siyasətinin, beynəlxalq mövqeyinin və milli iradəsinin göstəricisidir.
Üçrəngli bayrağımız xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin əbədi rəmzidir. Vətənə layiqli xidmət etmək, dövlətimizin maraqlarını qorumaq, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq, milli ideologiyamızı və bayrağımıza olan ehtiramımızı gələcək nəsillərə ötürməklə Azərbaycanın inkişafına töhfə vermək hər bir azərbaycanlının və əsas vəzifəsi və müqəddəs borcudur.
Üşrəngli bayrağımız altında birləşən mətin xalqımız daha böyük uğurlara imza atmağa qadirdir və əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni-yeni nailiyyətlər qazanacaq, bayrağımız dünyanın hər yerində qürurla dalğalanacaq və xalqımızın milli qürurunu və müstəqillik iradəsini əbədi təcəssüm etdirəcəkdir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri