Şanlı tariximizə qızıl hərflərlə yazılan 8 Noyabr

Şanlı tariximizə qızıl hərflərlə yazılan 8 Noyabr

05 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “ Şanlı tariximizə qızıl hərflərlə yazılan 8 Noyabr ” adlı tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, müharibə iştirakçıları, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ağstafa şəhərində yerləşən “Şəhid” Memorial abidə kompleksini ziyarət ediblər, abidə kompleksinin önünə gül dəstələri düzüblər və şəhidlərimizin əziz xatirələrini ehtiramla anıblar.

Tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.

Tədbirə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yeni Azərbaycan Partiyasının, müasir, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev ilk öncə tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib və bildirib ki, Zəfər Günü yalnız hərbi qələbənin qeyd olunduğu tarix deyil. Bu gün həm də Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq və gələcək nəsillərə ötürülən vətənpərvərlik nümunəsidir. Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda həyatını fəda edən qəhrəman övladlarının xatirəsini daim uca tutur.

Tədbirdə çıxış edən digər natiqlər - Vətən Müharibəsi iştirakçısı, Ağstafa RİH başçısı Aparatında Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ariz Qədiməliyev, partiya veteranları Məmməd Məmmədov, Alı Mehdiyev, partiya fəalları Nizami Alıyev və Fəridə Həsənova öz növbələrində qeyd ediblər ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin bariz nümunəsidir. Müharibə dövründə xalqımızın nümayiş etdirdiyi birlik, dövlətinə və ordusuna dəstək, Vətən sevgisi qələbənin mühüm mənəvi dayaqlarından oldu. Bu birlik bu gün də ölkəmizin inkişafı, təhlükəsizliyi və gələcək hədəflərinin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman və partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.

8 Noyabr – Zəfər Gününə həsr edilmiş film nümayiş etdirilib. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda isə xatirə şəkli çəkdirilib.