Azərbaycan bayrağı - tariximizin, Zəfərimizin və gələcəyimizin simvolu

Azərbaycan bayrağı - tariximizin, Zəfərimizin və gələcəyimizin simvolu

Hər bir xalqın tarixində onun milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən müqəddəs rəmzlər mövcuddur. Azərbaycan xalqı üçün belə müqəddəs rəmzlərdən biri də Dövlət Bayrağımızdır. Üçrəngli bayrağımız xalqımızın əsrlər boyu yaşatdığı azadlıq arzularının, milli birliyinin, tarixi yaddaşının və müstəqil dövlətçilik iradəsinin ifadəsidir. Bu bayraq Azərbaycan dövlətinin suverenliyini, xalqımızın milli qürurunu və gələcəyə olan inamını özündə birləşdirir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü bu müqəddəs rəmzə olan ehtiramımızın və dövlətçilik dəyərlərinə bağlılığımızın təcəssümüdür.

Azərbaycanın üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu qərar xalqımızın milli dövlətçilik tarixində mühüm hadisə olmaqla yanaşı, müstəqil Azərbaycanın gələcək inkişaf yolunun əsas ideoloji istiqamətlərini də müəyyənləşdirmişdir. Bayrağımızın üç rəngi təsadüfi seçilməmiş, Azərbaycan xalqının milli və mənəvi dünyasını əks etdirən mühüm ideyaları özündə birləşdirmişdir. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə bayrağımızın tarixi və mənəvi məzmununu tamamlayır.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, xalqımızın yaddaşından heç vaxt silinməmişdir. Müstəqillik ideyalarının yaşadılması, milli kimliyimizin qorunması və dövlətçilik ənənələrimizin gələcək nəsillərə ötürülməsi baxımından üçrəngli bayrağımız xüsusi rol oynamışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edilmiş və Azərbaycan Respublikasının ali qanunverici orqanı qarşısında onun rəsmi dövlət bayrağı kimi tanınması məsələsi qaldırılmışdır. Bu, Azərbaycanın müstəqilliyə doğru atdığı mühüm tarixi addımlardan biri idi.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Beləliklə, xalqımızın milli istiqlal rəmzi yenidən dövlətçiliyimizin ayrılmaz atributuna çevrildi. Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətində milli rəmzlərə verilən yüksək dəyər sonrakı illərdə də qorunub saxlanıldı və möhkəmləndirildi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dövlət müstəqilliyini daha da möhkəmləndirən, beynəlxalq aləmdə nüfuzunu artıran və milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlət kimi tanınır. Dövlət Bayrağımıza göstərilən diqqət və ehtiram bu siyasətin mühüm istiqamətlərindən biridir. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı isə milli rəmzimizə göstərilən yüksək ehtiramın parlaq nümunəsinə çevrilmişdir.

Dövlət Bayrağımızın tarixi əhəmiyyəti 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən sonra daha da böyük məna kəsb etmişdir. İşğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması xalqımızın onilliklər boyu davam edən həsrətinə son qoymuş, milli qürurumuzu və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirmişdir. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında və digər azad edilmiş ərazilərimizdə dalğalanan bayrağımız tarixi ədalətin bərpasının rəmzinə çevrilmişdir.

Bu gün üçrəngli bayrağımız yalnız dövlət idarələrinin və meydanların üzərində deyil, hər bir azərbaycanlının qəlbində dalğalanır. O, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, bütövlükdə xalqımızın sarsılmaz iradəsi ilə daha böyük mənəvi dəyər qazanmışdır.

Dövlət Bayrağı Günü hər birimizə müstəqilliyimizin qədrini bilməyi, milli dəyərlərimizi qorumağı və dövlətimizin inkişafına töhfə verməyi xatırladır. Çünki bayrağımız bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. O, Azərbaycan xalqının azadlıq əzminin, milli birliyinin və əbədi müstəqilliyinin rəmzidir. Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın!

Selcan Nağdəliyeva

YAP Kəngərli rayon təşkilatının fəalı