Bakı şəhəri, 4 noyabr 2026-cı il — Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı və “Kliniki Tibbi Mərkəz” PHŞ-in birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş geniş konfrans keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş video-çarxın nümayişi ilə başlanıb.
Konfransda çıxış edən “Kliniki Tibbi Mərkəz” PHŞ-in direktoru Musa Abbasov Zəfər Gününün dərin fəlsəfi və tarixi mahiyyətindən danışıb. O qeyd edib ki, Zəfər Günü sadəcə hərbi qələbənin ildönümü deyil, bu tarix xalqımızın əsrlər boyu qoruyub saxladığı milli iradənin, azadlıq eşqinin və dövlətçilik təfəkkürünün ən yüksək təntənəsidir. Mərkəz direktoru Zəfərin fəlsəfəsinin xalqımızın sarsılmaz birlik ruhuna, Müzəffər Ali Baş Komandanın dəmir iradəsinə və xalq-dövlət həmrəyliyinə əsaslandığını diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında xalqımızın milli qürur və iftixar mənbəyinə çevrilmiş Zəfər Gününün əhəmiyyətini vurğulayaraq, otuz ilə yaxın davam edən işğala son qoyulmasının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan hərbi və siyasi uğurların, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ilə suverenliyimizin tam bərpasının tarixi əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, bu böyük Qələbənin arxasında illərlə həyata keçirilmiş məqsədyönlü dövlət siyasəti dayanır. Yerli təşkilatın sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, müasir və peşəkar ordunun yaradılması, müdafiə sənayesinin inkişafı və beynəlxalq mövqelərimizin gücləndirilməsi Zəfərin əsasını təşkil edib. O, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində təhsil və ictimaiyyət nümayəndələrinin üzərinə düşən məsuliyyətdən bəhs edib.
Rayon təşkilatının sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar sahədə və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsində həyata keçirilən layihələrdəki fəaliyyətini yüksək qiymətləndirib.
YAP İdarə Heyətinin üzvü,Milli Məclisin deputatı, İlham Məmmədov çıxışında Vətən müharibəsi dövründə Azərbaycan səhiyyə işçilərinin, həkim və orta tibb işçilərinin göstərdiyi misilsiz igidlik və cəsarətdən ətraflı bəhs edib. O bildirib ki, döyüş meydanında həyatı təhlükədə olan hərbçilərimizin, yaralı əsgərlərimizin xilas edilməsi üçün həkimlər, tibb bacıları və bütün tibb heyəti gecə-gündüz ağır cəbhə şəraitində böyük fədakarlıq və misilsiz şücaət nümayiş etdiriblər. Hər bir həkimin qəhrəmanlığı ümumi Zəfərimizin qazanılmasında mühüm mənəvi və peşəkar dayaq olub.
Kliniki Tibbi Mərkəzin baş həkimi, YAP ərazi partiya təşkilatının sədri Hüseyn Məsimov da öz növbəsində səhiyyə işçilərinin fədakar əməyini xatırladaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə səhiyyə və humanitar sahədə həyata keçirilən layihələri, o cümlədən TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin əməkdaşlarını əhatə edən yeni əməkhaqqı islahatlarını yüksək qiymətləndirib.
Tədbirin rəsmi və bədii hissəsinin sonunda Kliniki Tibbi Mərkəzdə çalışan şəhid ailələrinin üzvləri və Vətən müharibəsi veteranlarına xüsusi hədiyyələr təqdim olunub.
Mərasim Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.