Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciəti zamanı Şuşa şəhərinin işğaldan azad edildiyi rəsmən elan olunmuşdur. Şuşanın azad edilməsi İkinci Qarabağ müharibəsinin həlledici mərhələsi olmaqla yanaşı, Azərbaycanın hərbi-siyasi qələbəsinin, ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının mühüm rəmzinə çevrilmişdir.
Uzun illər davam edən diplomatik danışıqların nəticəsiz qalması və münaqişənin sülh yolu ilə həlli istiqamətində əldə olunan irəliləyişlərin olmaması şəraitində Azərbaycan Ordusu öz hərbi qüdrətini və qarşıya qoyulmuş strateji məqsədlərə nail olmaq əzmini döyüş meydanında nümayiş etdirmişdir. Şuşa əməliyyatı regionda mövcud olan hərbi-siyasi reallıqları köklü şəkildə dəyişmiş, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasını şərtləndirən əsas amillərdən biri olmuşdur.
Şuşanın azad edilməsi Azərbaycan xalqının milli qürurunun, tarixi yaddaşının və dövlətçilik iradəsinin təntənəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin bu qələbə ilə Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiyini bəyan etməsi dövlətçilik ənənələrinin davamlılığının, siyasi varisliyin və ümummilli həmrəyliyin bariz ifadəsi olmuşdur.
Zəfərdən sonra, 2021-ci il yanvarın 14-də Prezident İlham Əliyevin Şuşa şəhərinə ilk səfəri şəhərin tarixi-mədəni irsinin bərpası, infrastrukturunun yenidən qurulması və Böyük Qayıdış prosesinin həyata keçirilməsi istiqamətində mühüm mərhələnin başlanğıcı olmuşdur. Səfər çərçivəsində Dövlət bayrağının ucaldılması, Saatlı, Yuxarı və Aşağı Gövhərağa məscidlərinin, Qazançı kilsəsinin, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Natəvan bulağının və Şuşa Realnı Məktəbinin ziyarət edilməsi, həmçinin Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin şəhərə qaytarılması Şuşanın tarixi-mədəni irsinin qorunması və əvvəlki simasının bərpası istiqamətində həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsini təşkil etmişdir. Bu addımlar şəhərin dirçəldilməsi, sosial-iqtisadi inkişafının təmin edilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün zəruri şəraitin yaradılması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi