Konstitusiya və Suverenlik – Azərbaycan dövlətçiliyinin möhkəm təməlləri

Konstitusiya və Suverenlik – Azərbaycan dövlətçiliyinin möhkəm təməlləri

 

      2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizin dövlətçilik tarixində mühüm siyasi və tarixi hadisə kimi xüsusi əhəmiyyət daşıyır. Bu il Azərbaycan dövlətinin hüquqi əsaslarının, müstəqilliyinin, milli suverenliyinin və ərazi bütövlüyünün əhəmiyyətini bir daha ön plana çıxarır. Konstitusiya və suverenlik anlayışları hər bir müstəqil dövlətin mövcudluğunu, inkişafını və gələcəyini müəyyən edən əsas amillərdəndir. Bu baxımdan 2025-ci ilin məhz bu istiqamətə həsr olunması Azərbaycanın keçdiyi tarixi yolun, qazandığı nailiyyətlərin və qarşıya qoyduğu strateji məqsədlərin ifadəsidir.

      Azərbaycan xalqının dövlətçilik ənənələri qədim tarixə malikdir. Xalqımız müxtəlif tarixi dövrlərdə öz müstəqilliyini qorumaq, milli kimliyini yaşatmaq və dövlətçilik ideallarını gələcək nəsillərə ötürmək uğrunda mübarizə aparmışdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin ən mühüm mərhələlərindən biri olmuşdur. Şərqdə ilk demokratik respublikalardan biri olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq və müstəqillik arzularının gerçəkləşdiyini nümayiş etdirmişdir. Həmin dövrdə qəbul edilən qərarlar, yaradılan dövlət institutları və milli atributlar müasir Azərbaycan dövlətçiliyinin formalaşmasına mühüm tarixi zəmin yaratmışdır.

     1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkənin qarşısında müstəqil dövlət quruculuğunun möhkəm əsaslarını yaratmaq vəzifəsi dayanırdı. Bu dövrdə siyasi, iqtisadi və sosial sahələrdə ciddi çətinliklər mövcud idi. Dövlətçiliyin qorunması, ölkədə sabitliyin təmin olunması və müstəqilliyin dönməz xarakter alması mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir mürəkkəb şəraitdə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində həlledici dönüş nöqtəsinə çevrildi.

      1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğu tarixində əlamətdar hadisə oldu. Bu sənəd ölkənin hüquqi sisteminin formalaşmasına, dövlət hakimiyyətinin təşkilinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına möhkəm hüquqi zəmin yaratdı. Konstitusiyada Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi və unitar dövlət olduğu təsbit edildi. Beləliklə, müstəqil dövlətimizin gələcək inkişaf istiqamətləri, idarəçilik prinsipləri və hüquqi əsasları müəyyənləşdirildi.

      Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də dövlətlə vətəndaş arasında münasibətləri tənzimləyən, cəmiyyətin inkişafına istiqamət verən fundamental sənəddir. Onun əsas prinsipləri hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsini, qanunun aliliyini və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədə həyata keçirilməsini nəzərdə tutur. Konstitusiyaya hörmət etmək, onun müddəalarına əməl etmək və dövlət qanunlarına riayət etmək hər bir vətəndaşın məsuliyyətli mövqeyinin göstəricisidir.

      Müstəqillik illərində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövlət idarəçiliyinin hüquqi bazası daha da təkmilləşdirildi. Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər ölkənin inkişaf edən ictimai-siyasi münasibətlərinə uyğun hüquqi mexanizmlərin formalaşmasına xidmət etdi. Bu proses dövlətin demokratik inkişafına, hüquqi institutların gücləndirilməsinə və insan hüquqlarının müdafiəsinə mühüm töhfə verdi.

      2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əsas səbəblərindən biri də iki mühüm tarixi hadisənin əlamətdar ildönümlərinin tamam olmasıdır. Belə ki, 2025-ci ildə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinin 30 ili, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin isə 5 ili tamam oldu. Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncam bu iki tarixi hadisənin əhəmiyyətini bir daha vurğuladı.

     Azərbaycanın suverenliyinin tam bərpa olunması xalqımızın çoxəsrlik dövlətçilik tarixində ən mühüm nailiyyətlərdən biridir. Uzun illər ərzində torpaqlarımızın işğal altında qalması ölkəmizin ərazi bütövlüyünə və suveren hüquqlarına ciddi maneələr yaratmışdı. Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, öz tarixi torpaqlarına qayıtmaq, ərazi bütövlüyünü təmin etmək və milli suverenliyini bərpa etmək əzmindən dönmədi.

      2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın milli birliyini, dövlətimizin gücünü və müstəqilliyə bağlılığını bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam təmin edildi. Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazisində bərqərar oldu.

       Suverenlik yalnız dövlət sərhədlərinin toxunulmazlığı demək deyil. O, eyni zamanda xalqın öz taleyini müəyyən etmək, müstəqil qərarlar qəbul etmək, milli maraqlarını qorumaq və beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu tərəfdaş kimi çıxış etmək hüququdur. Azərbaycan bu gün öz milli maraqlarına əsaslanan müstəqil xarici və daxili siyasət həyata keçirir. Ölkəmizin beynəlxalq nüfuzunun artması, müxtəlif dövlətlərlə əməkdaşlıq əlaqələrinin genişlənməsi və regional layihələrdə fəal iştirakı suveren inkişaf strategiyasının mühüm nəticələridir.

       “Konstitusiya və Suverenlik İli”nin mühüm istiqamətlərindən biri də gənc nəslin hüquqi maarifləndirilməsidir. Hər bir Azərbaycan vətəndaşı Konstitusiyanın mahiyyətini, öz hüquq və vəzifələrini, dövlət rəmzlərinin və müstəqilliyin əhəmiyyətini dərindən bilməlidir. Xüsusilə gənclər dövlətçilik tariximizi öyrənməli, müstəqilliyimizin hansı tarixi mübarizələr nəticəsində əldə olunduğunu dərk etməlidirlər. Çünki dövlətin gələcəyi yalnız iqtisadi və siyasi nailiyyətlərlə deyil, həm də milli şüuru, vətənpərvərlik ruhu və hüquqi düşüncəsi yüksək olan vətəndaşların yetişməsi ilə müəyyən edilir.

       Bu il çərçivəsində hüquqi maarifləndirmə tədbirlərinin, elmi konfransların, seminarların, dəyirmi masaların və müxtəlif ictimai müzakirələrin keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Belə tədbirlər Konstitusiyanın cəmiyyətdəki rolunun daha dərindən anlaşılmasına, hüquqi mədəniyyətin yüksəlməsinə və vətəndaşların dövlətçilik dəyərlərinə bağlılığının güclənməsinə xidmət edir. Təsdiq edilmiş tədbirlər planında da Konstitusiyanın 30 illiyinin və Dövlət Suverenliyi Gününün geniş qeyd olunması nəzərdə tutulmuşdur.

     Digər mühüm məsələ işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və Böyük Qayıdış prosesinin davam etdirilməsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar, sosial və iqtisadi infrastruktur obyektləri inşa edilir. Vaxtilə doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtması dövlətimizin qarşıya qoyduğu mühüm məqsədlərdəndir. Bu quruculuq prosesi suverenliyin yalnız siyasi və hüquqi deyil, həm də sosial və iqtisadi inkişaf baxımından əhəmiyyətini nümayiş etdirir.

    Azərbaycanın dövlətçilik tarixində Konstitusiya və suverenlik bir-birini tamamlayan iki mühüm anlayışdır. Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyən edir, suverenlik isə həmin hüquqi əsasların müstəqil dövlət tərəfindən həyata keçirilməsinin təminatıdır. Bu iki dəyərin qorunması dövlətin möhkəmlənməsi, cəmiyyətin inkişafı və gələcək nəsillərin təhlükəsiz şəraitdə yaşaması baxımından vacibdir.

Bağırova Cəmilə

YAP Ordubad rayon təşkilatında məsləhətçi