Üçrəngli bayrağımız – milli qürurumuzun, dövlət müstəqilliyimizin və tarixi Zəfərimizin rəmzi

Üçrəngli bayrağımız – milli qürurumuzun, dövlət müstəqilliyimizin və tarixi Zəfərimizin rəmzi


9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürur və iftixar hisslərini, dövlətçilik ənənələrinə sədaqətini, azadlıq və müstəqillik ideallarına bağlılığını özündə birləşdirən əlamətdar günlərdən biridir. Bu müqəddəs bayram hər bir azərbaycanlı üçün yalnız dövlət rəmzlərindən birinə ehtiram günü deyil, həm də xalqımızın şanlı tarixini, milli kimliyini, mübarizə əzmini və müstəqil dövlətçilik iradəsini bir daha xatırlamaq fürsətidir. Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın əsrlər boyu yaşatdığı azadlıq arzularının, milli birliyinin və dövlətçilik düşüncəsinin parlaq təcəssümüdür. Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri milli kimliyimizi, müasirlik və inkişaf amalımızı, mənəvi dəyərlərimizi özündə əks etdirir. Onun üzərindəki ağ aypara və səkkizguşəli ulduz isə milli dövlətçilik rəmzlərimizin ayrılmaz elementləridir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli Dövlət Bayrağımız qəbul edilmişdir. Bu qərar Azərbaycan xalqının müstəqil dövlət qurmaq iradəsinin, milli özünüdərkinin və azadlıq mübarizəsinin tarixi ifadəsi idi. 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımızın rəsmi dövlət rəmzi kimi istifadəsinə son qoyulsa da, xalqımız onun ideallarını və müstəqillik arzularını heç zaman unutmadı.
Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və qətiyyətli mövqeyi sayəsində üçrəngli bayrağımızın dövlətçilik tariximizdəki yeri və əhəmiyyəti yenidən təsdiqini tapdı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndərin təşəbbüsü ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi və Azərbaycan SSR-in dövlət rəmzlərinin dəyişdirilməsi məsələsi qaldırıldı. Bu tarixi addım müstəqilliyə gedən yolun mühüm mərhələlərindən biri oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra üçrəngli bayrağımız ölkəmizin dövlət rəmzi kimi təsdiqləndi. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunmağa başlandı. Beləliklə, xalqımızın milli qürur rəmzinə çevrilmiş üçrəngli bayrağımıza dövlət səviyyəsində xüsusi ehtiram və diqqət daha da gücləndirildi. Prezident İlham Əliyevin dövlətçilik siyasətində Dövlət Bayrağına münasibət xüsusi yer tutur. Dövlət başçısı bayrağımızı xalqımızın qürur mənbəyi, milli birliyimizin və dövlət müstəqilliyimizin rəmzi kimi dəyərləndirərək onun hər zaman uca tutulmasının vacibliyini vurğulamışdır.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Prezident İlham Əliyevin söylədiyi fikirlər bu gün də öz tarixi və mənəvi əhəmiyyətini qoruyub saxlayır:
“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”  Bu tarixi çıxış Azərbaycan xalqının gələcəyə olan inamının, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və milli məqsədlərimizin aydın ifadəsi idi. Dövlət başçısının həmin mərasimdə səsləndirdiyi fikirlər sonrakı illərdə həyata keçirilən məqsədyönlü siyasətin, güclü ordu quruculuğunun və milli birliyin nəticəsində reallığa çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni bir dövrün başlanğıcı oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Zəfər tariximizin ən möhtəşəm səhifələrindən birinə çevrildi. Həmin gün Şuşada dalğalanan üçrəngli bayrağımız xalqımızın sarsılmaz iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün rəmzinə çevrildi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazilərində tam bərpa edildi. Beləliklə, Prezident İlham Əliyevin illər əvvəl Dövlət Bayrağı Meydanının açılışında böyük inamla ifadə etdiyi tarixi arzu tam gerçəkləşdi. Bu gün üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Ağdərədə və Azərbaycanın digər şəhər və yaşayış məntəqələrində əzəmətlə dalğalanır.
Bu Zəfər yalnız hərbi qələbə deyil, həm də Azərbaycan dövlətinin gücünün, xalqımızın milli həmrəyliyinin və dövlət başçısının uzaqgörən siyasətinin təntənəsidir. Azərbaycan xalqı öz tarixinin ən böyük arzularından birinə çataraq ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi. Bu gün dalğalanan hər bir bayraq şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, xalqımızın sarsılmaz Vətən sevgisi ilə ucalıb. Dövlət Bayrağımızın ucaldılması və qorunması dövlətçilik ənənələrimizin davam etdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna və dövlət rəmzlərinə hörmət prinsipləri əsasında tərbiyə olunması müasir dövrün əsas vəzifələrindəndir. Hər bir gənc anlamalıdır ki, bayrağa sevgi Vətənə sevgidir, dövlətə sədaqətdir, milli tariximizə və şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramdır. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik siyasətinin təbliği xüsusi aktuallıq daşıyır. Dövlət Bayrağı Günü bu ideoloji dəyərlərin cəmiyyətə, xüsusilə gənc nəslə aşılanması üçün mühüm mənəvi platformadır. Bu gün Azərbaycan yalnız ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qalib dövlət deyil, həm də işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirən, Böyük Qayıdış proqramını uğurla reallaşdıran güclü ölkədir. Qarabağda və Şərqi Zəngəzurda yenidən qurulan şəhərlər, kəndlər, məktəblər, yollar, sosial və infrastruktur layihələri üçrəngli bayrağımızın kölgəsində yeni həyatın başlanğıcını simvolizə edir. Xüsusilə Kəlbəcərdə aparılan quruculuq işləri, doğma yurda qayıdan sakinlərin sevinc dolu anları, yenidən dalğalanan Dövlət Bayrağımız xalqımızın uzun illər həsrətində olduğu tarixi ədalətin bərpasının bariz nümunəsidir. Bir zamanlar doğma yurdlarından məcburi köçkün düşmüş insanların bu gün öz torpaqlarına qayıtması, ata-baba ocaqlarında yenidən məskunlaşması dövlətimizin qüdrətinin və milli iradəmizin təntənəsidir. Dövlət Bayrağı Günü münasibətilə hər bir azərbaycanlı qürurla qeyd edir ki, bu gün bayrağımız müstəqil dövlətimizin bütün ərazilərində, beynəlxalq tədbirlərdə, diplomatik nümayəndəliklərimizdə və idman arenalarında dalğalanır. Bu bayraq Azərbaycanın dünyada tanınan siması, xalqımızın milli kimliyinin və dövlətimizin müstəqilliyinin rəmzidir.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri