Azərbaycan xalqının tarixində elə müqəddəs dəyərlər var ki, onlar zamanın sınaqlarından keçərək milli kimliyimizin, dövlətçilik ənənələrimizin və azadlıq məfkurəmizin ayrılmaz hissəsinə çevrilib. Dövlət Bayrağımız da bu müqəddəs dəyərlər sırasında xüsusi yer tutur. Hər bir azərbaycanlı üçün üçrəngli bayrağımız yalnız dövlət rəmzi deyil, həm də xalqımızın müstəqillik iradəsinin, milli birliyinin, tarixi yaddaşının və gələcəyə inamının təcəssümüdür. Bu baxımdan 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın həyatında mühüm ictimai-siyasi və mənəvi əhəmiyyət daşıyan əlamətdar gündür.
Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi 1918-ci ilə – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı dövrə gedib çıxır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilmişdir. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bu bayraq xalqımızın milli düşüncəsini, müasirliyə və tərəqqiyə can atmasını, mənəvi dəyərlərə bağlılığını özündə əks etdirirdi. Mavi rəng türk mənşəyimizi və türkçülük ideyasını, qırmızı rəng müasirliyi, inkişafı və demokratik cəmiyyət qurmaq istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, xalqımızın dövlətçilik tarixində silinməz iz qoydu. Şərqdə ilk demokratik respublikalardan biri kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin bərpası, demokratik institutların yaradılması və milli kimliyimizin təsdiqi istiqamətində mühüm addımlar atdı. Həmin dövrdə qəbul edilən üçrəngli bayraq isə Azərbaycanın azadlıq və müstəqillik ideallarının rəmzinə çevrildi.
Sovet hakimiyyəti illərində üçrəngli bayrağımızın rəsmi dövlət rəmzi kimi istifadəsi dayandırılsa da, xalqımızın qəlbində bu müqəddəs rəmzə olan sevgi və ehtiram heç vaxt sönmədi. Azərbaycan xalqı öz müstəqillik arzularını, milli kimliyini və dövlətçilik düşüncəsini qoruyub saxladı. Xüsusilə ötən əsrin 80-ci illərinin sonlarında başlanan milli azadlıq hərəkatı üçrəngli bayrağımızın yenidən yüksəldilməsi ilə müşayiət olundu.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə üçrəngli bayrağımız yenidən qaldırıldı. Bu tarixi hadisə Azərbaycanın müstəqilliyə doğru atdığı mühüm addımlardan biri oldu. Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideallarına sadiqliyi, qətiyyətli mövqeyi və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsi yenidən xalqımıza qaytarıldı.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız ölkəmizin Dövlət Bayrağı statusunu aldı. Beləliklə, xalqımızın azadlıq mübarizəsinin və müstəqillik arzusunun rəmzi olan bayrağımız yenidən müstəqil Azərbaycanın səmasında dalğalanmağa başladı.2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan edildi. Bu qərar dövlət rəmzlərimizə göstərilən yüksək ehtiramın, milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına verilən önəmin bariz ifadəsi oldu.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız ölkəmizin bütün bölgələrində, diplomatik nümayəndəliklərimizdə, beynəlxalq təşkilatların qarşısında və dünyanın müxtəlif məkanlarında qürurla dalğalanır. Dövlət Bayrağımız Azərbaycanın müstəqil siyasətinin, artan beynəlxalq nüfuzunun, iqtisadi və siyasi gücünün rəmzidir.Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi üçrəngli bayrağımızın tarixində yeni və şanlı səhifə açdı. Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfər nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa olundu.
Bu qələbələr Azərbaycan bayrağının mənasını və xalqımız üçün daşıdığı müqəddəs dəyəri daha da ucaltdı. Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması tarixi ədalətin bərpasının, milli iradəmizin və dövlət suverenliyimizin təntənəsidir. Bu mənzərə onilliklər boyu torpaq həsrəti ilə yaşayan xalqımızın arzularının gerçəkləşdiyini nümayiş etdirir.Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımız öz evlərinə qayıdırlar. Həmin ərazilərdə ucaldılan dövlət bayraqlarımız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin əbədi rəmzi kimi yüksəlir. Bu proses ölkəmizin gücünü, xalqımızın quruculuq əzmini və dövlətimizin gələcəyə hesablanmış strategiyasını nümayiş etdirir.
Dövlət Bayrağı Günü həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir. Hər bir gənc bilməlidir ki, bu bayraq asanlıqla əldə edilməyib. Onun arxasında xalqımızın əsrlər boyu apardığı mübarizə, şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və müstəqilliyimiz uğrunda göstərilən fədakarlıqlar dayanır. Bayrağa hörmət Vətənə, dövlətə, tariximizə və milli dəyərlərimizə hörmət deməkdir.Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızı vahid amal ətrafında birləşdirən, milli həmrəyliyimizi möhkəmləndirən və dövlətçiliyimizə sədaqətimizi ifadə edən müqəddəs rəmzdir. Bu bayraq altında xalqımız müstəqilliyini qoruyur, yeni uğurlara imza atır və Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir.
Bu gün hər bir azərbaycanlı böyük qürur hissi ilə deyə bilər ki, üçrəngli bayrağımız müstəqil Azərbaycanın bütün ərazisində dalğalanır. Bu, xalqımızın tarixi arzularının gerçəkləşməsi, milli birliyimizin və dövlət suverenliyimizin təntənəsidir.9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hər bir vətəndaşımızı bu əlamətdar gün münasibətilə təbrik etmək, bayrağımıza olan sevgimizi və ehtiramımızı ifadə etmək bizim mənəvi borcumuzdur. Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın, Azərbaycanımızın müstəqilliyi, suverenliyi və dövlətçiliyi əbədi olsun!
Yaşasın müstəqil Azərbaycan! Ucalarda dalğalansın üçrəngli Dövlət Bayrağımız!
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı.