Hər bir dövlətin siyasi və hüquqi simasını müəyyən edən, onun idarəçilik prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, dövlət hakimiyyətinin fəaliyyət istiqamətlərini özündə əks etdirən əsas sənəd Konstitusiyadır. Konstitusiya yalnız hüquqi normalar toplusu deyil, həm də xalqın dövlətçilik iradəsinin, milli suverenliyinin və gələcəyə dair strateji baxışının ifadəsidir. Azərbaycan Respublikasında 12 Noyabr – Konstitusiya Gününün qeyd olunması da məhz bu mühüm dövlətçilik ənənəsinə ehtiramın göstəricisidir.
Azərbaycanın konstitusiya quruluşunun tarixi mürəkkəb siyasi mərhələlərdən keçmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə ilk demokratik respublikalardan birinin əsasını qoymuş, müstəqil dövlət idarəçiliyi ənənələrini formalaşdırmağa başlamışdır. Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində ölkədə parlamentli idarəçilik sistemi fəaliyyət göstərsə də, mürəkkəb tarixi və siyasi şərait səbəbindən ayrıca Konstitusiya qəbul etmək mümkün olmamışdır.
Konstitusiya quruculuğu tariximizdə 1978-ci il aprelin 21-də qəbul edilmiş Əsas Qanun xüsusi yer tutur. Həmin dövrdə Azərbaycan SSR Ali Sovetinin müzakirəsinə təqdim olunan layihədə Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyi və təşəbbüsü nəticəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması mühüm tarixi hadisəyə çevrildi. Bu addım milli kimliyin, ana dilinin və dövlətçilik düşüncəsinin qorunması baxımından böyük əhəmiyyət daşıyırdı.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycanın hüquqi inkişafında tamamilə yeni mərhələnin başlanğıcını qoydu. Artıq ölkənin siyasi müstəqilliyini, suverenliyini və milli maraqlarını dolğun şəkildə ifadə edən müasir Konstitusiyanın hazırlanmasına ehtiyac yaranmışdı. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, dövlət idarəçiliyindəki böhran və digər çətinliklər bu istiqamətdə ardıcıl addımlar atılmasını çətinləşdirirdi.
Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə dövlət quruculuğu prosesinə yeni dinamika verildi. Onun rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı, müstəqil dövlətin hüquqi əsaslarını müəyyənləşdirəcək layihə hazırlandı və geniş ictimai müzakirəyə çıxarıldı.
Nəhayət, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Noyabrın 27-də qüvvəyə minən bu sənəd ölkəmizin suveren dövlət kimi gələcək inkişafının hüquqi təməlini formalaşdırdı.
12 Noyabr tarixi Azərbaycan dövlətçiliyinin çoxəsrlik inkişaf yolunda mühüm mərhələni təmsil edir. Bu gün biz yalnız Əsas Qanunun qəbul edilməsini deyil, həm də müstəqil dövlətimizin hüquqi dayaqlarının möhkəmləndirilməsini qeyd edirik. Konstitusiya quruluşunun tarixi inkişafı bir daha göstərir ki, dövlətçiliyin davamlılığı, milli iradənin qorunması və hüquqi sabitlik güclü dövlətin əsas şərtlərindəndir.
Hacı Məmmədov
YAP Kəngərli rayon təşkilatının fəalı