Üçrəngli bayrağımız – milli qürurumuzun, dövlət müstəqilliyimizin və birliyimizin rəmzi

Üçrəngli bayrağımız – milli qürurumuzun, dövlət müstəqilliyimizin və birliyimizin rəmzi

 

Hər bir xalqın tarixində onun milli kimliyini, mənəvi dəyərlərini, azadlıq arzularını və dövlətçilik ənənələrini özündə yaşadan müqəddəs rəmzlər mövcuddur. Bu rəmzlər sırasında Dövlət Bayrağı xüsusi yer tutur. Çünki bayraq yalnız müəyyən rənglərin və işarələrin birləşməsindən ibarət deyil, o, bütöv bir xalqın tarixini, mübarizəsini, gələcəyə olan inamını və müstəqil yaşamaq iradəsini ifadə edir. Azərbaycan xalqı üçün üçrəngli Dövlət Bayrağı da məhz belə ali mənəvi dəyərə malikdir. Bu bayraq əsrlər boyu xalqımızın qəlbində yaşatdığı azadlıq və istiqlal ideyalarının, milli birliyin və dövlət suverenliyinin təcəssümüdür.

Azərbaycanın üçrəngli bayrağının yaranması XX əsrin əvvəllərində xalqımızın milli oyanış və dövlət müstəqilliyi uğrunda mübarizə apardığı mürəkkəb tarixi dövrə təsadüf edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə ilk demokratik respublikalardan birinin əsasını qoydu. Bu tarixi hadisə milli dövlətçilik düşüncəsinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Müstəqil dövlətin bütün atributlarının formalaşdırılması istiqamətində atılan addımlar sırasında Dövlət Bayrağının qəbul edilməsi də mühüm əhəmiyyət daşıyırdı.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının iclasında üçrəngli Dövlət Bayrağımızın təsviri təsdiq edildi. Həmin gündən etibarən mavi, qırmızı və yaşıl rənglərdən ibarət bayraq Azərbaycanın müstəqilliyinin rəsmi rəmzinə çevrildi. Bu rənglər təsadüfi seçilməmiş, xalqımızın milli ideallarını və dünyagörüşünü ifadə edən dərin məna ilə müəyyənləşdirilmişdi. Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasir cəmiyyət quruculuğu, tərəqqi və demokratik inkişaf istəyimizi, yaşıl rəng isə islam sivilizasiyasına və mənəvi dəyərlərimizə bağlılığımızı simvolizə edir. Bu ideoloji yanaşmanın formalaşmasında görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq prinsipləri mühüm rol oynamışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımızın rəsmi dövlət rəmzi kimi istifadəsinə son qoyulsa da, onun ifadə etdiyi milli istiqlal ideyası xalqımızın yaddaşından silinmədi. Uzun illər ərzində bu bayraq azadlıq düşüncəsinin, milli özünüdərkin və müstəqil dövlətçilik arzusunun simvolu olaraq yaşadı. Xalqımızın tarixi yaddaşında özünə möhkəm yer tutan üçrəngli bayraq yenidən dövlətçilik həyatımıza qayıdaraq müstəqillik uğrunda mübarizənin əsas rəmzlərindən birinə çevrildi.

Bu prosesdə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd edilməlidir. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyasında üçrəngli Azərbaycan Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi. Bununla yanaşı, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın ölkənin rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırıldı. Həmin qərar milli dövlətçilik tariximizdə mühüm siyasi və mənəvi hadisə olmaqla yanaşı, müstəqilliyə aparan yolda cəsarətli addım kimi yadda qaldı.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın yenidən Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərar verdi. Həmin il oktyabrın 18-də qəbul edilən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələri və dövlət rəmzləri hüquqi varislik əsasında bərpa olundu. Beləliklə, xalqımızın azadlıq ideallarını təcəssüm etdirən müqəddəs bayrağımız müstəqil Azərbaycanın səmasında yenidən dalğalanmağa başladı.

Ümummilli Lider Heydər Əliyevin Dövlət Bayrağımıza münasibəti onun dövlətçilik fəlsəfəsinin mühüm tərkib hissəsi idi. Ulu Öndər bayrağı yalnız dövlətin rəsmi atributu deyil, xalqın birliyini, vətənə bağlılığını və müstəqilliyə sədaqətini ifadə edən müqəddəs dəyər hesab edirdi. Onun səsləndirdiyi “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” çağırışı bu gün də öz aktuallığını qoruyur. Bu fikir bayrağımızın xalqımızı vahid məqsəd və milli maraqlar ətrafında birləşdirən mənəvi qüvvə olduğunu aydın şəkildə göstərir.

Dövlət Bayrağımızın xalqımızın həyatında tutduğu mövqenin daha da möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən də mühüm addımlar atılmışdır. 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzalanmış, 2009-cu il noyabrın 17-də isə müvafiq sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı keçirilmişdir. Bu meydan Azərbaycanın dövlətçilik qüdrətini, milli qürurunu və müstəqillik əzmini nümayiş etdirən mühüm məkanlardan birinə çevrilmişdir.

Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının açılış mərasimindəki çıxışında müstəqilliyin xalqımız üçün ən böyük sərvətlərdən biri olduğunu vurğulamış, hər bir vətəndaşın öz fəaliyyəti ilə dövlətin güclənməsinə töhfə verməli olduğunu bildirmişdir. Dövlət başçısının bu fikirləri göstərir ki, müstəqilliyin qorunması yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin məsuliyyətidir. Hər bir vətəndaş öz peşə fəaliyyətində, ictimai davranışında, vətənə münasibətində və dövlətçilik prinsiplərinə sədaqətində bu məsuliyyəti nümayiş etdirməlidir.

Azərbaycanın müasir tarixində Dövlət Bayrağımızın daşıdığı mənanın daha da yüksəldiyi mühüm hadisələrdən biri 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdir. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası istiqamətində qazanılan nailiyyətlər bayrağımızın ifadə etdiyi istiqlal və suverenlik ideallarının təntənəsi oldu. Şuşanın azad edilməsi, digər şəhər və kəndlərimizin düşmən işğalından qurtarılması xalqımızın milli iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qüdrətinin təzahürünə çevrildi.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi bütün ölkə ərazisində tam bərpa edildi. Xankəndidə, Xocalıda, Xocavənddə və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması dövlətçilik tariximizin yeni və əlamətdar səhifəsini yaratdı. Bu mənzərə xalqımızın uzun illər arzuladığı tarixi ədalətin bərpasını, milli birliyin və dövlət suverenliyinin təntənəsini ifadə etdi.

Bu gün üçrəngli bayrağımız beynəlxalq tədbirlərdə, idman yarışlarında, diplomatik görüşlərdə və müxtəlif ölkələrdə keçirilən rəsmi mərasimlərdə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu nümayiş etdirir. İdmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurlar zamanı bayrağımızın yüksəldilməsi hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Xarici ölkələrdə yaşayan soydaşlarımız üçün də bayrağımız milli mənsubiyyətin, doğma Vətənlə mənəvi bağlılığın və ümummilli həmrəyliyin rəmzidir.

Dövlət Bayrağına hörmət yalnız onun qarşısında ehtiramla dayanmaqla məhdudlaşmamalıdır. Bu müqəddəs rəmzə sevgi dövlətə sədaqətdə, milli dəyərlərin qorunmasında, qanunlara hörmətlə yanaşılmasında, ölkənin inkişafına töhfə verilməsində öz əksini tapmalıdır. Xüsusilə gənc nəslin milli ruhda, vətənpərvərlik və dövlətçilik prinsiplərinə sadiqlik ruhunda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın gələcək uğurları bu gün yetişən gənclərin bilik və bacarıqlarından, məsuliyyətindən və Vətənə bağlılığından asılıdır.

Üçrəngli Dövlət Bayrağımız keçmişimizlə bu günümüzü birləşdirən, milli kimliyimizi qoruyan və gələcəyə inamımızı gücləndirən əbədi dövlətçilik rəmzidir. Onun hər dalğalanışı müstəqilliyimizin, xalqımızın birliyinin və Azərbaycanın beynəlxalq aləmdə qazandığı mövqenin ifadəsidir. Bayrağımızın ucalığı dövlətimizin qüdrətinin, xalqımızın qürurunun və milli iradəmizin ucalığıdır. Bu müqəddəs rəmzi qorumaq, ona hörmət göstərmək və onun təmsil etdiyi dəyərlərə sadiq qalmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

 

İsa Məmmədov

YAP Babək rayon təşkilatının sədri