Müzəffər Ali Baş Komandanın Şuşa səfərləri: dirçəlişin salnaməsi

Müzəffər Ali Baş Komandanın Şuşa səfərləri: dirçəlişin salnaməsi

Şuşanın azadlığından sonra keçən illər ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın incisinə dəfələrlə səfər edib. Hər bir səfər şəhərin tarixində yeni bir səhifə açıb, yeni quruculuq layihələrinin başlanğıcı, tarixi abidələrin yenidən həyata qayıtması ilə yadda qalıb. Bu səfərləri xronoloji ardıcıllıqla izləmək Şuşanın dirçəliş salnaməsini oxumaq deməkdir.
İlk tarixi səfərlərdən biri 2021-ci il yanvarın 14-də baş tutdu. Həmin gün Müzəffər Ali Baş Komandan Şuşa şəhərində Dövlət bayrağını ucaltdı, hərbçilərlə görüşdü, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini ziyarət etdi. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün işğal dövründə gülləbaran edilmiş büstləri yenidən Şuşada qoyuldu. Dövlət başçısı Bülbülün dağıdılmış ev-muzeyinə, Molla Pənah Vaqifin dağıdılmış muzey-məqbərə kompleksinə, Şuşa Realnı Məktəbinin dağıdılmış binasına baxdı. Bu səfər işğalın vurduğu yaraları bütün dünyaya göstərdi və eyni zamanda, dirçəlişin başlanğıcını qoydu.
2021-ci il mart ayında Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində bərpa işləri ilə tanışlıq oldu, martın 20-də isə Cıdır düzündə Novruz tonqalı alovlandırıldı. May ayında 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyası açıldı, “Xarıbülbül” hoteli yenidənqurmadan sonra istifadəyə verildi, yeni məscidin və Şuşa şəhər 1 saylı ümumtəhsil məktəbinin təməli qoyuldu. Həmin günlərdə Cıdır düzündə “Xarıbülbül” festivalı yenidən öz qapılarını açdı.
2021-ci il iyunun 15-i Şuşa tarixinə xüsusi gün kimi yazıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd iki qardaş ölkənin münasibətlərini yeni, müttəfiqlik səviyyəsinə yüksəltdi. Avqust ayında isə “Qarabağ” hoteli açıldı, Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi, Bülbülün ev-muzeyi istifadəyə verildi, Üzeyir Hacıbəylinin heykəli ucaldıldı, Şuşa şəhərinin baş planı təqdim olundu və I məhəllənin təməli qoyuldu. Ertəsi gün Vaqif Poeziya Günləri yenidən Şuşada açıldı.
2021-ci il noyabrın 7-də Zəfər yolunun açılış mərasimi keçirildi. Həmin gün Daşaltı məscidinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının və Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu, Topxana meşəsində və Cıdır düzündə ağacəkmə mərasimləri təşkil olundu. 2022-ci ildə Şuşa “Şuşa İli” kimi zəngin tədbirlərə ev sahibliyi etdi: aprel ayında Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi, may ayında “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi açıldı, V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı start götürdü.
2023-cü il səfərləri isə Şuşanın beynəlxalq platformaya çevrilməsini nümayiş etdirdi. May ayında “Böyük Avrasiya geosiyasətinin formalaşması” mövzusunda beynəlxalq konfrans keçirildi, iyulda Şuşa Qlobal Media Forumunun açılışı oldu. Avqustda Özbəkistan Prezidenti Şuşaya səfər etdi. Noyabrın 7-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəb istifadəyə verildi, “Yasəmən” hoteli açıldı, Mamayı məscidində bərpa işləri ilə tanışlıq oldu.
2024-cü il Şuşa üçün Böyük Qayıdışın real mərhələsinə çevrildi. Mayın 10-11-də birinci yaşayış kompleksi istifadəyə verildi və Prezident şəhərə köçmüş ilk sakinlərlə görüşdü. Həmin səfərdə Şirin su hamamı və Mamayı məscidi bərpadan sonra açıldı, üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməli qoyuldu, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışı oldu. Mart ayında Qazaxıstan, may ayında Belarus prezidentləri Şuşada qonaq oldular. İyulun 5-6-da Aşağı Gövhər Ağa məscidi, “İsa bulağı” istirahət kompleksi, sutəmizləyici qurğular kompleksi, Dövlət Xidmətləri Mərkəzi açıldı, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalandı. Sentyabrda isə Üzeyir Hacıbəylinin ev-muzeyi və Bayraq Meydanı istifadəyə verildi.
2025-ci ildə martın 27-də tarixi Çöl Qala məscidi və bulağı bərpadan sonra açıldı, mayın 9-da Daşaltı kənd məscidi və Şuşa Müalicə-Sağlamlıq Mərkəzi istifadəyə verildi, dördüncü yaşayış kompleksinin təməli qoyuldu. İyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, sentyabr ayında isə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşada oldular.
2026-cı il də Şuşa üçün hadisələrlə zəngin olub. Mayın 28-də Böyük Qaladərəsi kəndində görülən işlərlə tanışlıq və sakinlərlə görüş keçirildi. İyunda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşaya səfər etdi. İyulun 11-də Kiçik Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüş oldu, “Sadıqcanın evi” bərpadan sonra açıldı. İyulun 13-də IV Şuşa Qlobal Media Forumu açıldı, iyulun 14-də isə Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada rəsmi qarşılandı.
Səfərlərin xronologiyasına nəzər saldıqda aydın görünür ki, Şuşanın dirçəlişi ardıcıl və sistemli şəkildə aparılır. İlk illərdə əsas diqqət dağıdılmış abidələrin vəziyyətinin öyrənilməsinə, mühəndis infrastrukturunun bərpasına və baş planın hazırlanmasına yönəlmişdisə, sonrakı mərhələdə tarixi binaların bərpası, mədəni tədbirlərin təşkili və yaşayış komplekslərinin inşası ön plana çıxdı. Artıq bu gün isə Şuşa məskunlaşmanın, beynəlxalq əməkdaşlığın və turizmin inkişafı mərhələsini yaşayır. Dövlət başçısının şəxsi nəzarəti sayəsində bütün bu işlər yüksək keyfiyyətlə və qısa müddətdə həyata keçirilir.
Bu səfərlərin hər biri Müzəffər Ali Baş Komandanın verdiyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədinin addım-addım həyata keçirildiyini göstərir. Şuşa artıq həm doğma sakinlərinin qayıtdığı şəhər, həm də dünya liderlərinin ziyarət etdiyi beynəlxalq dialoq məkanıdır.


Coşqun Dadaşov

Rəşid Behbudov küçəsi,134 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 

Azərbaycan Dillər Universitetində rektorun müşaviri