Şuşa Zəfəri milli iradəmizin və dövlətçilik əzmimizin təntənəsidir

Şuşa Zəfəri milli iradəmizin və dövlətçilik əzmimizin təntənəsidir

 

8 Noyabr Azərbaycan tarixinin ən şanlı və qürurverici günlərindən biridir. 2020-ci ilin həmin günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək xalqımıza misilsiz sevinc və qürur yaşatdı. Bu tarixi Qələbə dövlətimizin gücünü, xalqımızın birliyini və əsgərlərimizin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Şuşanın azad olunması Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, milli yaddaşımızda əbədi yaşayacaq möhtəşəm hadisədir.

Şuşa uğrunda aparılan döyüşlər Vətən müharibəsinin ən mürəkkəb və həlledici mərhələlərindən biri oldu. Azərbaycan əsgərləri çətin relyef və mürəkkəb döyüş şəraitində misilsiz qəhrəmanlıq göstərərək şəhəri azad etdilər. Bu Qələbə Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının və xalqımızın sarsılmaz birliyinin nəticəsi idi. Dövlət başçısının Şəhidlər xiyabanında xalqa müraciət edərək “Əziz Şuşa, sən azadsan!” bəyanatı verməsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Şuşanın azad edilməsi yalnız hərbi Qələbə deyil, həm də tarixi ədalətin bərpası, milli-mənəvi dəyərlərimizə qayıdış demək idi. Uzun illər işğal altında qalan bu şəhər Azərbaycanın mədəniyyətinin, musiqisinin və ədəbiyyatının beşiyi olub. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Molla Pənah Vaqif kimi görkəmli şəxsiyyətlərin adı Şuşa ilə bağlıdır. Şəhərin azadlığı ilə xalqımız öz tarixi irsinə, milli kimliyinə və mənəvi yaddaşına qovuşdu.

Prezident İlham Əliyevin Şuşaya ilk səfərləri şəhərin bərpası və dirçəldilməsi istiqamətində mühüm mərhələnin başlanğıcı oldu. Şuşada Dövlət bayrağımızın ucaldılması, tarixi abidələrin vəziyyətinin yerində araşdırılması, dağıdılmış muzeylərin, məscidlərin və digər mədəniyyət ocaqlarının bərpası dövlətimizin bu şəhərə xüsusi diqqətinin göstəricisidir. İşğal dövründə dağıdılmış tarixi-mədəni irsimiz yenidən bərpa olunur, Şuşanın əvvəlki şöhrətinin qaytarılması üçün genişmiqyaslı işlər həyata keçirilir.

Bu gün Şuşada müasir infrastruktur yaradılır, yaşayış kompleksləri, məktəblər, xəstəxana, yollar və kommunal xidmətlər yenidən qurulur. Şəhərin tarixi simasının qorunması ilə yanaşı, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün zəruri şərait formalaşdırılır. “İsa bulağı” istirahət kompleksinin, sutəmizləyici qurğular kompleksinin istifadəyə verilməsi, Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılması, Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmiri bu istiqamətdə görülən işlərin mühüm nümunələridir.

 

Şuşanın dirçəlişi Böyük Qayıdışın mühüm tərkib hissəsidir. Doğma sakinlərin öz yurdlarına qayıtması, burada yeni həyat qurması dövlətimizin qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Şuşa ilə yanaşı, ətraf kəndlərin də yenidən qurulması, yaşayış məntəqələrinin bərpası, əhalinin məşğulluğu və sosial rifahının təmin olunması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir.

Şuşa bu gün yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq əməkdaşlıq və dialoq məkanıdır. Şəhərdə keçirilən Vaqif Poeziya Günləri, “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı, beynəlxalq konfranslar və Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Şuşanın dünya miqyasında artan nüfuzunu nümayiş etdirir. Bu tədbirlər Azərbaycanın zəngin mədəniyyətini, sülh və əməkdaşlıq təşəbbüslərini beynəlxalq ictimaiyyətə çatdırır.

8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, şəhidlərimizin müqəddəs xatirəsini və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfəri ehtiramla yad etdiyimiz əlamətdar gündür. Şuşanın azadlığı Azərbaycan xalqının heç vaxt öz tarixi torpaqlarından, milli dəyərlərindən və dövlətçilik əzmindən vaz keçməyəcəyini sübut etdi.

Bu gün Şuşa azadlığın, quruculuğun, milli birliyin və gələcəyə inamın rəmzi kimi yüksəlir. Onun hər bir küçəsi, hər bir abidəsi xalqımızın qəhrəmanlığından, tarixi yaddaşından və sarsılmaz iradəsindən xəbər verir. Şuşa daim Azərbaycan olacaq, onun azadlığı və dirçəlişi gələcək nəsillər üçün qürur mənbəyi kimi yaşayacaq.

 

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Təhmasib Rüstəmov

YAP Qubadlı rayon təşklatının sədri