YAP Nərimanov rayon təşkilatında “Zəfər Günü” münasibətilə şəhid Ziyad Muradovun xatirəsinə həsr olunmuş “Misralarda Yaşayan Şəhid” kitabının təqdimat mərasimi keçirilib

 

 

6 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında “8 Noyabr – Zəfər Günü” münasibətilə Vətən müharibəsi şəhidi Ziyad Muradxan oğlu Muradovun xatirəsinə həsr olunmuş “Misralarda Yaşayan Şəhid” kitabının təqdimat mərasimi keçirilib.

YAP Nərimanov rayon təşkilatının akt zalında keçirilən tədbirdə şəhid ailəsinin üzvləri, ziyalılar, müəllimlər, jurnalistlər, ictimaiyyət nümayəndələri, şəhidin döyüş yoldaşları və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov şəhidlərin xatirəsinin yaşadılmasının, onların həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıb. O, qeyd edib ki, şəhidlərin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, onların Vətən uğrunda göstərdikləri fədakarlıq gənc nəsil üçün daim örnək olacaq. “Misralarda Yaşayan Şəhid” kitabının nəşrinin də bu müqəddəs missiyaya xidmət etdiyini bildirən A.Abbasov kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü ifadə edib.

Daha sonra şəhid Ziyad Muradovun atası Muradxan Muradov və anası Tahirə xanım çıxış edərək övladlarının həyatından, uşaqlıq və gənclik illərindən, Vətənə bağlılığından və qəhrəmanlıq yolundan söz açıblar. Onlar Ziyadın xatirəsinə göstərilən diqqət və ehtirama, şəhidlərin adının yaşadılması istiqamətində görülən işlərə görə Ali Baş Komandan İlham Əliyevə, birinci-vitse president Mehriban Əliyevaya və Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını bildiriblər.

Kitabın müəllifi, şəhidin ibtidai sinif müəlliməsi Zəminə Mahmudova çıxışında Ziyad Muradovun şagirdlik illərindən, onun xarakterindən, müəllimləri və sinif yoldaşları ilə münasibətlərindən bəhs edib. Müəllif bildirib ki, bu kitab şəhidin xatirəsinə ehtiramın, müəllim-şagird münasibətinin və illər keçsə də unudulmayan mənəvi bağların ifadəsidir. O, kitabın hazırlanması prosesindən və Ziyadın xatirəsini misralar vasitəsilə yaşatmaq istəyindən danışıb.

Kitabın tərtibçi-redaktoru, şair-publisist, jurnalist, “Həkəri” qəzetinin baş redaktoru Rauf İlyasoğlu nəşrin məzmunu və hazırlanma prosesi haqqında məlumat verib. O, şəhidlərin həyat və qəhrəmanlıq tarixinin ədəbi nümunələr vasitəsilə gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.

73 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Günay Cəlilova çıxışında şəhid Ziyad Muradovun adının məktəbin kollektivinin və şagirdlərinin yaddaşında xüsusi yer tutduğunu qeyd edib. O, belə nəşrlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə digər çıxış edənlər də çıxışlarında şəhidin əziz xatirəsinə ehtiramlarını ifadə edib, onun Vətən qarşısındakı xidmətlərindən, qəhrəmanlığından və həyat yolundan bəhs ediblər.

Tədbirin bədii hissəsində 73 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri tərəfindən şəhid Ziyad Muradovun şeirlərindən ibarət kompozisiya təqdim olunub. Həmçinin şəhid Ziyad Muradovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda onun həyatının müxtəlif məqamları, Vətənə bağlılığı və qəhrəmanlıq yolu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.