Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan 12 Noyabr – Konstitusiya Günü müstəqil dövlətimizin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyimizin möhkəmlənməsini, demokratik inkişaf prinsiplərinin və insan hüquq və azadlıqlarının təsbit olunmasını ifadə edir. Bu tarix xalqımızın müstəqil dövlət quruculuğu iradəsinin və milli birliyinin təcəssümüdür.
Azərbaycan Respublikasının Konstitusiyası dövlət və cəmiyyət həyatının hüquqi əsaslarını müəyyənləşdirən, milli maraqlarımızın qorunmasına, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna xidmət edən fundamental sənəddir. Bu sənədin qəbul edilməsi müasir Azərbaycan tarixində yeni siyasi və hüquqi mərhələnin başlanğıcı olmuşdur. Prezident İlham Əliyev Konstitusiyanın əhəmiyyətini yüksək qiymətləndirərək qeyd etmişdir: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır”.
Azərbaycanın konstitusiya tarixi 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrindən başlayaraq mürəkkəb mərhələlərdən keçmişdir. Cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə Əsas Qanun qəbul edə bilməsə də, parlamentçilik və demokratik idarəçilik ənənələrinin formalaşmasında mühüm rol oynamışdır. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edilmiş, sonrakı illərdə 1927 və 1937-ci illərdə yeni konstitusiyalar təsdiqlənmişdir.
Konstitusiya tariximizin mühüm hadisələrindən biri 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbul edilməsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində Azərbaycan dilinin dövlət dili statusu Əsas Qanunda təsbit edilmişdir. Sovet ideologiyasının hökm sürdüyü bir dövrdə bu addım milli kimliyimizin, ana dilimizin və dövlətçilik ənənələrimizin qorunması baxımından böyük tarixi əhəmiyyət daşıyırdı.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi xalqımızın azadlıq arzusunu gerçəkləşdirdi. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi və iqtisadi böhran, Ermənistanın hərbi təcavüzü və hakimiyyət qarşıdurmaları dövlətçiliyimizi ciddi təhlükə ilə üz-üzə qoymuşdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə sabitliyi təmin etdi, dövlət idarəçiliyini möhkəmləndirdi və hüquqi dövlət quruculuğunun əsasını qoydu. Ulu Öndər müstəqil Azərbaycanın gələcəyini demokratik prinsiplərə və qanunun aliliyinə əsaslanan dövlət quruculuğunda görürdü. Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası yaradıldı, milli dövlətçilik ənənələrinə və beynəlxalq hüquq normalarına əsaslanan layihə hazırlandı.
Nəhayət, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Səsvermədə iştirak edən seçicilərin 91,9 faizi Əsas Qanunun lehinə səs verdi. Konstitusiya həmin il noyabrın 27-də qüvvəyə mindi. Prezident İlham Əliyev qeyd etmişdir: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur”.
Konstitusiya dövlət hakimiyyətinin təşkilini, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsünü, vətəndaşların hüquq və vəzifələrini müəyyən edir. İnsan hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi kimi təsbit edən Əsas Qanun hər kəsin qanun qarşısında bərabərliyinə, yaşamaq, azadlıq, mülkiyyət, təhsil və əmək hüquqlarına təminat yaradır. Hüquqi dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri də Konstitusiya Məhkəməsinin yaradılmasıdır. 1998-ci ildə fəaliyyətə başlayan bu təsisat Konstitusiyanın aliliyinin qorunması və qanunvericilik aktlarının Əsas Qanuna uyğunluğunun təmin edilməsində mühüm rol oynayır.
Ölkənin inkişafı və yeni ictimai münasibətlərin formalaşması Konstitusiyaya müəyyən əlavə və dəyişikliklərin edilməsini zəruri etmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Əsas Qanuna dəyişikliklər edilmiş, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və insan hüquqlarının müdafiəsi istiqamətində yeni hüquqi mexanizmlər yaradılmışdır. 2016-cı il referendumunda Birinci vitse-prezident və vitse-prezident institutlarının konstitusion əsaslarının müəyyənləşdirilməsi də mühüm yeniliklərdən olmuşdur.
Müasir Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. 2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa olundu.
Bu tarixi nailiyyətlər hərbi-siyasi Qələbə olmaqla yanaşı, Konstitusiyanın hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində təmin edilməsi baxımından da müstəsna əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və Böyük Qayıdış prosesi dövlətimizin inkişaf strategiyasının mühüm istiqamətlərindəndir.
Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi əhəmiyyət daşıyır. Bu qərar Konstitusiyanın qəbulunun 30-cu ildönümü və dövlət suverenliyinin tam bərpası ilə bağlı mühüm hadisələri özündə birləşdirir. 2025-ci il fevralın 11-də təsdiq edilmiş Tədbirlər Planı isə konstitusion dəyərlərin təbliği və hüquqi maarifləndirmənin genişləndirilməsinə xidmət edir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində mühüm təşəbbüslərdən biri də “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsidir. 2025-ci il oktyabrın 10-da qəbul edilmiş Qanunla təsis olunan medal Konstitusiyanın hazırlanması, təkmilləşdirilməsi, təbliği, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində xidmətləri olan şəxslərin əməyinə verilən dövlət qiymətidir.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasətini davam etdirir, beynəlxalq mövqelərini möhkəmləndirir və yeni inkişaf hədəflərinə doğru inamla irəliləyir. Dövlətimizin əldə etdiyi tarixi nailiyyətlər, suverenliyin bərpası və azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri Konstitusiyada müəyyənləşdirilmiş məqsədlərin reallaşmasının bariz nümunəsidir. Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də xalqımızın milli iradəsini, dövlətçilik ənənələrini və gələcək nəsillər qarşısında məsuliyyətini ifadə edən ali dəyərdir. Onun aliliyinin qorunması, qanunun aliliyinə hörmət və konstitusion prinsiplərin yaşadılması güclü dövlətin əsas şərtlərindəndir.
12 Noyabr – Konstitusiya Günü müstəqilliyin hüquqi dayaqlarını, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi nailiyyətləri bir daha xatırladır. Əsas Qanun keçmişin tarixi təcrübəsini, bu gününün reallıqlarını və gələcəyin inkişaf hədəflərini özündə birləşdirərək müstəqil dövlətçiliyin, milli suverenliyin və davamlı tərəqqinin etibarlı təminatı kimi çıxış edir.