Hər bir müstəqil dövlətin inkişafında, onun gələcəyinin müəyyənləşməsində və cəmiyyətdə sabitliyin qorunmasında Konstitusiyanın xüsusi yeri vardır. Konstitusiya dövlətin əsas qanunu olmaqla yanaşı, xalqın iradəsini, hüquq və azadlıqlarını, milli dəyərlərini və dövlətçilik prinsiplərini özündə birləşdirən mühüm sənəddir. Azərbaycan xalqı üçün 12 noyabr – Konstitusiya Günü də məhz bu baxımdan böyük tarixi və siyasi əhəmiyyət daşıyır. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Bu hadisə ölkəmizin müstəqillik tarixində mühüm dönüş nöqtələrindən biri olmuşdur. Həmin dövrdə Azərbaycan çətin siyasi, iqtisadi və ictimai proseslərdən keçirdi. Belə bir şəraitdə dövlətin gələcək inkişafını təmin edəcək, cəmiyyətdə hüquqi münasibətləri tənzimləyəcək əsas qanunun qəbul edilməsi böyük məsuliyyət tələb edirdi. Bu tarixi işin həyata keçirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini güclü dövlətçilik ənənələri üzərində qurmağı qarşıya əsas məqsəd qoymuşdu. Onun rəhbərliyi ilə hazırlanan Konstitusiya xalqımızın milli maraqlarını, demokratik prinsipləri və ümumbəşəri dəyərləri özündə əks etdirdi. Ulu Öndər Konstitusiyamızın əhəmiyyətini belə ifadə etmişdir: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” Bu fikirlər Konstitusiyamızın mahiyyətini çox aydın şəkildə ifadə edir. Çünki Azərbaycan Konstitusiyası yalnız dövlətin idarə olunması qaydalarını müəyyənləşdirmir, eyni zamanda xalqımızın gələcək inkişafı üçün hüquqi əsas yaradır. Burada həm müasir dünyanın qəbul etdiyi demokratik prinsiplər, həm də xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlər öz əksini tapmışdır.
Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan hüquq və azadlıqlarına geniş yer verilməsidir. Hər bir vətəndaşın yaşamaq, təhsil almaq, işləmək, mülkiyyət sahibi olmaq, sərbəst fikir bildirmək və digər hüquqları əsas qanunla qorunur. Bu hüquqların təmin olunması dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Eyni zamanda hər bir vətəndaşın qanunlara hörmət etməsi, cəmiyyət qarşısında məsuliyyətini dərk etməsi və öz vəzifələrini yerinə yetirməsi də vacibdir. Hüquqi dövlət quruculuğu yalnız qanunların qəbul edilməsi ilə məhdudlaşmır. Əsas məsələ həmin qanunların gündəlik həyatda tətbiq olunması, hər kəsin qanun qarşısında bərabər olması və ədalət prinsipinin qorunmasıdır. Cəmiyyətdə qanunlara hörmət nə qədər yüksək olarsa, dövlətin inkişafı və ictimai sabitlik də bir o qədər möhkəm olar. Buna görə də Konstitusiyanı bilmək və onun prinsiplərinə əməl etmək hər birimizin vətəndaşlıq borcudur.
Bu gün Azərbaycan müstəqil dövlət kimi öz inkişaf yolunu inamla davam etdirir. Ölkəmizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurlar dövlətçilik əsaslarımızın nə qədər möhkəm olduğunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini gücləndirmiş, iqtisadi imkanlarını genişləndirmiş və milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətə çevrilmişdir. Xüsusilə Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpası Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Bu uğurlar xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətli siyasətinin nəticəsidir. Bu gün müstəqil Azərbaycan öz gələcəyini özü müəyyən edir, milli maraqlarına uyğun qərarlar qəbul edir və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanınır. Konstitusiyamızın əsas prinsiplərindən biri də dövlətin vətəndaş qarşısında məsuliyyətini, vətəndaşın isə dövlət və cəmiyyət qarşısında vəzifələrini müəyyən etməsidir. Dövlətin güclü olması üçün yalnız iqtisadi imkanlar və hərbi qüdrət kifayət etmir. Bununla yanaşı, cəmiyyətdə birlik, qarşılıqlı hörmət, qanunlara əməl etmək və vətəndaş məsuliyyəti də mühüm rol oynayır. Hər bir insan öz işində məsuliyyətli olmalı, dövlət əmlakına hörmətlə yanaşmalı, ictimai qaydaları qorumalı və ölkəmizin inkişafına öz töhfəsini verməlidir. Digər mühüm məsələ gənc nəslin Konstitusiyamızın mahiyyətini dərindən öyrənməsidir. Gənclər bilməlidirlər ki, onların hüquqları dövlət tərəfindən qorunur və eyni zamanda onların üzərinə müəyyən vəzifələr düşür. Vətənə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət, dövlət rəmzlərinə ehtiram və qanunlara riayət etmək əsl vətəndaş mövqeyinin əsas göstəriciləridir. Bu dəyərlərin gənc nəslə aşılanması gələcəkdə daha savadlı, məsuliyyətli və dövlətinə bağlı cəmiyyətin formalaşmasına xidmət edir. Bu gün biz Konstitusiya Gününü qeyd edərkən Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki xidmətlərini də dərin ehtiramla xatırlayırıq. Məhz onun uzaqgörən siyasəti nəticəsində müasir Azərbaycan dövlətinin hüquqi əsasları yaradılmışdır. Bu siyasi irs bu gün də ölkəmizin inkişafında mühüm rol oynayır. 12 Noyabr – Konstitusiya Günü hər birimizə müstəqilliyimizin, dövlətçiliyimizin və hüquqlarımızın nə qədər qiymətli olduğunu xatırladır. Biz bu dəyərləri qorumaqla, qanunlara hörmət etməklə və dövlətimizin inkişafına dəstək verməklə gələcək nəsillər qarşısında da öz məsuliyyətimizi yerinə yetirmiş oluruq. Əminik ki, müstəqil Azərbaycan bundan sonra da hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyəcək, xalqımızın birliyi və dövlətimizin gücü sayəsində yeni uğurlara imza atacaqdır. Konstitusiyamız müstəqilliyimizin, suverenliyimizin, milli birliyimizin və gələcək inkişafımızın möhkəm təminatı olaraq qalacaqdır.
Şəhriyar İsmayılzadə,
YAP Göygöl rayon təşkilatı üzrə Gənclər və İdman Sektoru ərazi partiya təşkilatının sədr müavini