12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya – müstəqil dövlətçiliyimizin və milli birliyimizin təməli” adlı tədbir keçirilib.
Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun müdiri Ceyhun Əbdulov və partiya fəalları iştirak edib.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxışında Konstitusiyanın qəbulunun Azərbaycan dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayaraq, bu tarixi sənədin hazırlanması və qəbulunda Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. O qeyd edib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlətçilik strategiyası bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Digər çıxış edənlər – Ceyhun Əbdulov, Elnur Tağıyev, Ramin Fərəcov, Günay Qurbanlı və Sahibə Alışanova Konstitusiyanın cəmiyyət həyatında rolundan, hüquqi dövlət quruculuğunun əhəmiyyətindən, gənclərin hüquqi maarifləndirilməsinin vacibliyindən danışıblar. Xüsusilə gənc nəslin Konstitusiyada təsbit olunmuş hüquq və vəzifələrini dərindən bilməsinin, qanunun aliliyinə hörmət, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sədaqət ruhunda formalaşmasının əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, Konstitusiya hüquqi normalar toplusu olmaqla yanaşı, həm də dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyətin, cəmiyyətin həmrəyliyinin və milli birliyin əsas təminatıdır. Müstəqil Azərbaycanın gələcəyinin etibarlı təminatı dövlətçilik ənənələrinə sadiq, yüksək intellektual səviyyəyə və fəal vətəndaş mövqeyinə malik gənclərin yetişdirilməsindən keçir.
Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.