12 noyabr – Konstitusiya Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev, idarə, müəssisə və təşkilatların kollektivlərindən nümayəndələr iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev öz çıxışında Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin, milli suverenliyimizin, insan hüquq və azadlıqlarının təminatçısı olduğunu vurğulayıb. O, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin hüquqi dövlət quruculuğunun daha da möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Tərtər rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev qeyd edib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin ən mühüm tarixi nailiyyətlərindən biridir. Bildirilib ki, Ulu öndərin rəhbərliyi və uzaqgörən siyasəti ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini qoyub.
Tədbirdə Tərtər Peşə Məktəbi ərazi partiya təşkilatının sədri Qalalı Hüseynov, Səhləbad ərazi partiya təşkilatının sədr müavini, 44 günlük Vətən müharibəsi qazisi Səbuhi İbrahimov, rayon icra hakimiyyətində könüllü Şahnaz Tanırverdiyeva, Bəyimsarov ərazi partiya təşkilatının sədri Aqil Şərifov, Uluqarabəy kənd İƏD–i üzrə nümayəndəliyin baş məsləhətçisi Zəminə Əzimova çıxış ediblər. Çıxışçılar Konstitusiyanın dövlətimizin hüquqi əsaslarının formalaşmasında müstəsna rolundan, ölkəmizdə qanunun aliliyinin təmin edilməsindən, vətəndaş hüquq və azadlıqlarının qorunmasından bəhs ediblər.
Qeyd olunub ki, Azərbaycan Konstitusiyası xalqımızın dövlətçilik iradəsinin, müstəqillik əzminin və milli birliyinin təcəssümüdür. Konstitusiya Gününün qeyd edilməsi isə hər bir vətəndaşda hüquqi dövlətçilik prinsiplərinə hörmət və məsuliyyət hissinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.