12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü müstəqil dövlətçiliyimizin tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın hüquqi dövlət quruculuğu yolunda əldə etdiyi nailiyyətləri, milli müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində atılmış tarixi addımları və demokratik inkişaf prinsiplərinə sadiqliyini özündə əks etdirir.
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Bu mühüm tarixi hadisə müstəqil Azərbaycanın siyasi, iqtisadi və hüquqi sisteminin formalaşmasında yeni mərhələnin başlanğıcı olmuşdur. Konstitusiyanın hazırlanması və qəbul edilməsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin ən mühüm nəticələrindən biri kimi tarixə düşmüşdür.
Müstəqilliyin ilk illərində ölkədə mövcud olan mürəkkəb siyasi və ictimai vəziyyət, dövlət idarəçiliyində yaranmış çətinliklər, hüquqi sistemin yenidən qurulması zərurəti yeni Konstitusiyanın qəbulunu qaçılmaz edirdi. Belə bir şəraitdə Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təcrübəsi və uzaqgörən strategiyası əsasında müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq xalqın müzakirəsinə və səsverməsinə təqdim edildi. Bununla da ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyuldu.
Konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik əsas qanunu olmaqla, cəmiyyətin siyasi və hüquqi həyatının başlıca prinsiplərini müəyyən edir. Burada insan və vətəndaş hüquq və azadlıqları, dövlət hakimiyyətinin təşkili, hakimiyyət bölgüsü, qanunun aliliyi, demokratiya və sosial ədalət kimi fundamental prinsiplər öz əksini tapmışdır. Əsas Qanuna görə, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu müddəa xalqın suverenliyinin və dövlət idarəçiliyində aparıcı rolunun hüquqi ifadəsidir.
Konstitusiyanın mühüm xüsusiyyətlərindən biri də onun insan amilini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etməsidir. Hər bir vətəndaşın yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, mülkiyyətə sahib olmaq, fikir və söz azadlığı, sağlamlığının qorunması və digər fundamental hüquqları Konstitusiya ilə təsbit olunur. Bu hüquqların təmin edilməsi dövlətin və cəmiyyətin qarşısında duran əsas vəzifələrdəndir.
Azərbaycan Konstitusiyası zamanın tələblərinə və ölkənin inkişaf dinamikasına uyğun olaraq bir neçə dəfə təkmilləşdirilmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Əsas Qanuna əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, demokratik institutların inkişafı, insan hüquq və azadlıqlarının daha səmərəli qorunması baxımından mühüm əhəmiyyət daşımışdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində Konstitusiyanın müəyyən etdiyi prinsiplər, milli maraqların qorunması, hüquqi dövlət quruculuğu və vətəndaş rifahının yüksəldilməsi əsas istiqamətlərdəndir. Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin olunması dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindəndir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi Konstitusiyanın ali məqsədlərində əks olunan prinsiplərin dövlət həyatında əhəmiyyətini bir daha nümayiş etdirir.
Konstitusiya Günü yalnız tarixi hadisənin qeyd olunması deyil, həm də hər bir vətəndaşın hüquqi dövlət qarşısında məsuliyyətini, qanunlara hörmət və vətəndaşlıq mövqeyini dərk etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki güclü dövlətin təməlində yalnız mükəmməl qanunvericilik deyil, eyni zamanda həmin qanunlara əməl edən, hüquqlarını və vəzifələrini bilən, dövlətinə və milli dəyərlərinə bağlı vətəndaş dayanır.
12 Noyabr – Konstitusiya Günü Azərbaycan xalqının müstəqil dövlətçilik iradəsinin, hüquqi düşüncəsinin və gələcəyə inamının təcəssümüdür. Bu əlamətdar gün münasibətilə hər bir vətəndaş üçün Əsas Qanunumuzun mahiyyətini dərindən dərk etmək, dövlətçiliyimizin hüquqi dayaqlarına hörmətlə yanaşmaq və ölkəmizin davamlı inkişafına töhfə vermək mühüm vətəndaşlıq borcudur.
Konstitusiyamız müstəqilliyimizin hüquqi təminatı, dövlətçiliyimizin sarsılmaz dayağı və gələcək nəsillərə ötürülən ən mühüm milli dəyərlərimizdən biridir.
Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri