Ağdam rayon Heydər Əliyev Mərkəzində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən RİH başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digər natiqlər 12 Noyabr – Konstitusiya Gününün tarixi əhəmiyyətindən, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, ölkəmizdə hüquqi dövlət quruculuğunun inkişafından, qanunun aliliyinin təmin edilməsindən və insan hüquq və azadlıqlarının qorunmasından bəhs etmişlər. Natiqlər, həmçinin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasi, hüquqi və institusional islahatlara, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Azərbaycanın davamlı inkişafı istiqamətində görülən işlərə toxunmuşlar. Qeyd edilmişdir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunur.