Konstitusiya – dövlətçiliyimizin hüquqi təməli, milli suverenliyimizin ali təminatı

Konstitusiya – dövlətçiliyimizin hüquqi təməli, milli suverenliyimizin ali təminatı

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ölkəmizin müasir dövlətçilik sisteminin hüquqi əsaslarını müəyyənləşdirərək müstəqilliyimizin möhkəmləndirilməsində mühüm tarixi rol oynamışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Əsas Qanun demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun fundamental prinsiplərini təsbit etmiş, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi müəyyənləşdirmişdir.
Konstitusiya yalnız dövlətin idarəçilik mexanizmini və hakimiyyət qollarının fəaliyyət prinsiplərini müəyyən edən hüquqi sənəd deyil. O, həm də xalqın dövlətçilik iradəsinin, milli birliyinin, azadlıq və müstəqillik ideallarının ifadəsidir. Dövlətin suverenliyi, ərazi bütövlüyü, xalq hakimiyyəti, qanunun aliliyi və vətəndaşların bərabərliyi kimi fundamental prinsiplər Azərbaycanın siyasi və hüquqi inkişafının əsas istiqamətlərini müəyyən edir.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqı dövlətçilik ənənələrinə, hüquq mədəniyyətinə hər zaman böyük önəm vermişdir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi insan hüquqlarına, söz və vicdan azadlığına hörmət prinsiplərini bəyan etmişdi. 1995-ci ildə qəbul olunan Konstitusiya isə həmin tarixi ənənələrin müasir dövrdə davamı, müstəqil Azərbaycanın hüquqi kimliyinin təsdiqi oldu. Bu sənəd xalqın öz taleyinə sahib çıxmaq iradəsinin ən ali hüquqi ifadəsidir.
Konstitusiyada təsbit olunan müddəalar dövlətin bütün fəaliyyətinə istiqamət verir. Qanunvericilik, icra və məhkəmə hakimiyyətinin bölünməsi, yerli özünüidarənin inkişafı, çoxpartiyalı siyasi sistem, bazar iqtisadiyyatına keçid, mülkiyyət hüququnun toxunulmazlığı – bütün bunlar məhz Konstitusiyanın yaratdığı hüquqi bazaya əsaslanır. İnsan hüquqlarının qorunması dövlətin əsas vəzifəsi kimi müəyyən edilib və bu, Azərbaycanı beynəlxalq hüquq normalarına, ümumbəşəri dəyərlərə sadiq dövlət kimi tanıdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Konstitusiyada təsbit olunmuş müstəqillik, suverenlik və milli maraqlar prinsiplərinin real həyatda möhkəmləndirilməsinə xidmət edir. Xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası Azərbaycan dövlətçiliyinin tarixində yeni mərhələnin başlanğıcı olmaqla, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazisində təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı Konstitusiyamızın ruhuna, onun milli birliyə və ərazi bütövlüyünə çağıran prinsiplərinə tam uyğundur. Bu gün Azərbaycan bayrağı Xankəndidə, Şuşada, Laçında, bütün Qarabağda dalğalanırsa, bu, həm də Konstitusiyanın aliliyinin tam təmin olunması deməkdir.
Konstitusiyaya hörmət, onun norma və prinsiplərinə əməl etmək hər bir vətəndaşın hüquqi məsuliyyəti və dövlətçilik qarşısında mənəvi borcudur. Güclü dövlətin təməlində güclü hüquq sistemi, qanunun aliliyinə hörmət və vətəndaş məsuliyyəti dayanır. Xüsusilə gənc nəslin Konstitusiyaya hörmət ruhunda, vətənpərvərlik və dövlətçilik prinsiplərinə sədaqətlə tərbiyə olunması gələcəyimizin ən etibarlı təminatıdır. Çünki sabahın Azərbaycanını bu gün Konstitusiyanın dəyərlərini mənimsəyən gənclər quracaqlar.
Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edir, müstəqil Azərbaycanımızın dövlətçilik ənənələrinin daha da möhkəmlənməsini, hüquqi dövlət quruculuğu yolunda yeni nailiyyətlər qazanmasını arzulayırıq!
Konstitusiyamız müstəqilliyimizin hüquqi təminatı, dövlətçiliyimizin sarsılmaz dayağı və gələcəyimizin etibarlı təminatıdır!

Lalə İskəndərova

YAP Qusar rayon təşkilatının məsləhətçisi