“Neftqazelmitədqiqatlayihə” İnstitutunda “İsmayıl məqamı” sənədli filminin təqdimat mərasimi keçirilib

Oktyabrın 16-da “Neftqazelmitədqiqatlayihə” İnstitutunda Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin həyatından, qəhrəmanlıq salnaməsindən və döyüş yolundan bəhs edən “İsmayıl məqamı” sənədli filminin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin anası, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Memarlıq və İnşaat şöbəsinin qrup rəisi Rəna Kərimova, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat şöbəsinin rəisi Heydər Əsgərov, filmin rejissoru Səməd Ağayev, partiya üzvləri və institutun əməkdaşları iştirak ediblər.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra şəhid İsmayıl Kərimlinin həyatından və döyüş yolundan bəhs edən “İsmayıl məqamı” sənədli filmi nümayiş etdirilib.

Film nümayişindən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat şöbəsinin rəisi Heydər Əsgərov, Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin anası Rəna Kərimova, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev və filmin rejissoru Səməd Ağayev çıxışlarında şəhidlik zirvəsinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemindəki müstəsna yerindən bəhs ediblər. Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfər xalqımızın birliyinin, dövlətimizin gücünün və Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığının təntənəsidir. İsmayıl Kərimli kimi igid oğullarımızın həyat yolu Vətənə sədaqətin, torpağa bağlılığın və yüksək vətəndaşlıq məsuliyyətinin parlaq nümunəsidir. Onun döyüş meydanında göstərdiyi şücaət və canı bahasına qazandığı qəhrəmanlıq hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Çıxışlarda vurğulanıb ki, şəhidlərimizin keçdiyi şərəfli həyat yolunun sənədli filmlər vasitəsilə gələcək nəsillərə çatdırılması mühüm mənəvi və ictimai əhəmiyyət daşıyır. Bu cür ekran əsərləri qəhrəmanlarımızın xatirəsinin yaşadılmasına, onların Vətən uğrunda mübarizəsinin təbliğinə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dəyərli töhfə verir. Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən davamlı diqqət və qayğı dövlətin bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasətin bariz nümunəsidir. Qeyd olunub ki, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və rifahının yüksəldilməsi istiqamətində görülən işlər cəmiyyətdə böyük məmnunluq və minnətdarlıq hissi doğurur.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, şəhid əsgər Kərimli İsmayıl Ceyhun oğlu şəhadətindən sonra sonra “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.