20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpasını, milli iradənin və Zəfərin təntənəsini əks etdirən əlamətdar tarixdir. Bu gün təkcə Ağdamın işğaldan azad olunmasını deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi tarixi nailiyyətləri ifadə edir.
Ağdamın azad olunması 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbənin mühüm nəticələrindən biri oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı Ermənistanı məğlubiyyətini qəbul etməyə məcbur etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini təsdiqləyən mühüm sənəd oldu. Bəyanatın 2-ci bəndinə əsasən, Ermənistan silahlı qüvvələri noyabrın 20-də Ağdam rayonundan çıxarıldı və rayon Azərbaycana qaytarıldı. Beləliklə, Ağdam hərbi-siyasi qələbəmizin nəticəsi olaraq bir güllə atılmadan işğaldan azad edildi. Bu hadisə Azərbaycanın diplomatik müstəvidə də milli maraqlarını qətiyyətlə müdafiə etdiyini nümayiş etdirdi.
Uzun illər işğal altında qalan Ağdam erməni vandalizminin ən ağır nəticələrinə məruz qalmış şəhərlərimizdən biridir. Vaxtilə Qarabağın ən böyük və inkişaf etmiş şəhərlərindən olan Ağdam mühüm iqtisadi, mədəni və ictimai mərkəz kimi tanınırdı. Lakin işğal dövründə şəhərin yaşayış evləri, məktəbləri, xəstəxanaları, mədəniyyət müəssisələri, tarixi və dini abidələri dağıdılaraq xarabalığa çevrildi. Məhz bu dəhşətli mənzərəyə görə Ağdam “Qafqazın Xirosiması” adlandırıldı. Bu ifadə şəhərin məruz qaldığı dağıntıların miqyasını, bütöv bir yaşayış məkanının məhv edilməsini və Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini bütün dünyaya nümayiş etdirir.
Bu gün isə Ağdamın tarixində tamamilə yeni mərhələ başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Ağdamın Baş planına uyğun olaraq müasir infrastruktur yaradılır, yaşayış binaları, təhsil və səhiyyə müəssisələri, ictimai məkanlar və digər sosial obyektlər inşa olunur. Dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bütün bunlar Ağdamın yalnız fiziki baxımdan deyil, həm də sosial-iqtisadi və mədəni cəhətdən yenidən dirçəldilməsinə xidmət edir.
20 Noyabr – Ağdam Şəhəri Günü, eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq günüdür. Ağdamın azadlığı Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin təntənəsidir.
Bu gün Ağdam artıq dağıntıları ilə deyil, quruculuğu, inkişafı və gələcəyə inamı ilə diqqət çəkir. “Qafqazın Xirosiması” kimi tanınan şəhərin yenidən qurulması tarixi ədalətin bərpasının, həyatın və quruculuğun dağıntılar üzərində qələbəsinin parlaq nümunəsidir. Ağdamın dirçəlişi Azərbaycanın Zəfər tarixinin, güclü dövlətçilik siyasətinin və Böyük Qayıdış strategiyasının mühüm rəmzlərindən biri kimi tarixə yazılır.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri