Mayın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri Gündüz Bayramov və təşkilatın məsul işçiləri Samux rayon Lək ərazi ilk partiya təşkilatında növbəti görüş keçiriblər. Görüşdə G.Bayramov Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açaraq qeyd edib ki, Ümummilli liderin yaratdığı Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaq böyük qürur və iftixardır. Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunanların fəaliyyətinin ana xəttini Ümummilli lider Heydər Əliyevin ideyaları təşkil edir: “Bu ciddi vəzifənin məsuliyyətini lazımınca qiymətləndirməyi bacarmalı, Ulu öndərin ideya və tövsiyələrinə uyğun çalışmalıyıq”.
Daha sonra çıxış edən Lək ərazi ilk partiya təşkilatının sədri Kamandar Əliyev bildirib ki, yerlərdə görüşlər təşkil edərək ərazi ilk partiya təşkilatlarının fəaliyyəti ilə tanış olmaq və partiya fəalları ilə dialoqlar aparmaq təqdirəlayiqdir. O, Lək ərazi ilk partiya təşkilatlarının fəaliyyəti haqqında məlumat verərək vurğulayıb ki, son günlər Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmaq üçün xeyli sayda insan ərizə ilə müraciət edib.
Yığıncaqda Lək ərazi ilk partiya təşkilatının fəalları çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycan Respublikasının tarixində mühüm rol oynadığını, partiyamızın ötən zaman kəsiyində şərəfli yol keçərək ölkəmizin inkişafına müstəsna töhfələr verdiyini söyləyiblər.
Görüşün sonunda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə partiya vəsiqələri təqdim olunub.