Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin plenar iclasında

Milli Məclisin plenar iclasında

14.06.2023 [10:48]

Ötən ilin dövlət büdcəsinin icrası haqqında qanun son oxunuşdan keçdi

Günel ABBAS

İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib.

Əvvəlcə deputatlar cari məsələlər ətrafında çıxış ediblər.

Təklif: Qazilərə verilən avtomobillərə yazılmış cərimələr silinsin

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, I və II Qarabağ müharibəsi qazilərinə dövlət tərəfindən verilən avtomobillər əvvəlki illərdə texniki baxışdan keçirilmirdi və bunu fürsət kimi dəyərləndirərək gələn cərimələri ödəməyiblər: “İllər ərzində həmin cərimələr çoxalıb. Hətta bir qazinin cəriməsi həmin vaxtdan bu yana 67 min manata çatıb. Bu da onların şəxsi məsuliyyətsizliyi səbəbindən olub. Çünki onların mütləq əksəriyyəti gələn SMS-lərə fikir verməyiblər”.

“Təbii ki, bütün bunlar heç kim məsuliyyətdən yayındırmır. İnzibati Xətalar Məcəlləsində cərimələrin 5 il müddət keçdikdən sonra qüvvədən düşməsi ilə bağlı qanun mövcuddur və işləkdir. Onlar sadəcə prosesin sürətlənməsini xahiş edirlər. Çünki cərimələr çox olduğu üçün bəziləri avtomobillərin nömrəsini çıxarıb idarə edirlər. Bu da qayda pozuntusudur. Qazi və veteranların bir hissəsi sürdükləri avtomobillərin cəriməsini ödəmədiyindən bu tip problemlər artmaqdadır. Xahiş edirlər ki, bu günə qədər olan cərimələrə amnistiya edilsin, bundan sonra hər hansı qayda pozuntusu baş verərsə hər biri ödəniləcək “,- V.İskəndərov əlavə edib.

Ərdoğanın hər gəlişi ölkəmizə böyük sevinc gətirir...

Deputat Fəzail Ağamalı bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha doğma vətəninə, türk dünyasının tacı olan Azərbaycana gəlib: “Onun hər gəlişi ölkəmizə böyük sevinc gətirir, gücümüzə güc qatır, niyyətlərimizi stimullaşdırır. Bu, tamamilə fərqli səfərdir. Böyük güclərin üzərində möhtəşəm qələbə qazanan Ərdoğan yeni güclə Türkiyə xalqının və türk dünyasının iradəsinə söykənərək bəşəriyyətə daha əhəmiyyətli töhfələr verəcək. Etiraf edim ki, Ərdoğanın qələbəsi tək Türkiyə xalqının deyil, eləcə də türk dünyasının və regionda sülhü və əmin-amanlığı dəstəkləyən hər bir bəşəri dəyərlərin özünə ifadə edən insanın qələbəsi kimi dəyərləndirilməlidir”, - o, bildirib.

Təklif: Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılsın

Deputat Rəşad Mahmudov bildirib ki, hər il uzun illər övlad sahibi ola bilməyənlərin bu arzusu maddi səbəblərə görə gerçəkləşmir:

“Hər dəfə bu mövzu ortaya çıxanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul edilməsi məsələsi gündəmə çıxır. Qanun olmadığına görə də işlər yubanır. Amma qeyd edim ki, bu qanun olmadan da tibbi tərəfdən məsələnin həlli ilə əlaqəli bilinən həqiqətlər var. Uşaq sahibi olmaq əslində bir insanın tam şəkildə fiziki, əqli və sosial cəhətdən sağlamlıq halına yönələn vacib məsələdir. Bu da dövlət təyinatı altında olmalıdır”.

R.Mahmudov vurğulayıb ki, gələn ilin büdcəsində bu sahədə müəyyən hazırlığın indidən görülməsi vacibdir: “Hesab edirəm ki, ildə heç olmasa 200-250 şəxsin süni mayalanma istəkləri ilə bağlı büdcədən 1 milyon və ya 1 milyon 500 min manatlıq yardımın ayrılması uyğun olar”.

“Azərbaycan” qəzetinin çapı dayandırıla bilər?

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun sözlərinə görə, bu gün “Azərbaycan” qəzetinə abunə olanların sayı azalıb: “Hazırda abunə təxminən 5 minə yaxındır. Halbuki 12 mindən yuxarı olduqda səmərə verir. Əgər heç bir dəstək olmasa, qəzetin çapı dayandırılacaq. Çünki Milli Məclisin “Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklər etməsi ilə reklam bazarı üzümüzə bağlandı. Dünya praktikasına görə, qəzetlər öz yaşayışlarının 75 %-ni reklam, 25 %-ni isə satış gəlirlərindən formalaşdırırlar. İndi bütün bunlar bizim üçün demək olar ki, yox dərəcəsindədir.

Ötən il müraciətimiz əsasında bizə əvvəlki illə birgə 800 min manat həcmində birdəfəlik yardım göstərildi. Lakin bu da yetərli olmadı. Bu il qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim, verilən cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki Milli Məclisin təsdiqlədiyi nizamnaməmizin müvafiq bəndinə əsasən, qəzetin maliyyə və texniki təchizat məsələləri parlament tərəfindən həll olunur. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını verə bilmir. Çünki hər il ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı göstərilməlidir. Əks təqdirdə qəzetin çapı dayandırılacaq. Redaksiyamızda 65 yaradıcı və texniki heyət çalışır. Qəzetin çapının dayandırılacağı təqdirdə onların aidiyyəti qurumlarda yerləşdirilməsini xahiş edirəm”.

Milli Məclisin spikeri Sahibə Qafarova isə Bəxtiyar Sadıqova cavab olaraq bildirib ki, Milli Məclis son üç ildə hər zaman qəzetə dəstək olub: “Siz iş prosesini zamanın tələblərinə uyğun qurmalısınız. Aidiyyəti qurumlar da sizinlə danışıblar. Düşünürəm ki, səsləndirdiyiniz təklifləri də həyata keçirmək lazımdır”.

Sonra “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (üçüncü oxunuş), “Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsi, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) səsverməyə çıxarılaraq təsdiqlənib.

Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş), Gömrük Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş), “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) səsvermə yolu ilə qəbul edilib.

Beləliklə, Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başa çatıb.

Paylaş:
Baxılıb: 449 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31