Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cəmiyyət rediküllərə “yox” deyir

Cəmiyyət rediküllərə “yox” deyir

19.04.2024 [09:50]

İndiyədək real həyatda hər hansı bir uğura imza atmayan, buna görə də Azərbaycan cəmiyyətində nüfuzunu tamam itirən, qınaq obyektinə çevrilən redikül müxalifət düşərgəsinin təmsilçiləri virtual “fəaliyyətə” keçmək məcburiyyətində qalıblar . Son vaxtlarda rediküllərin ayrı-ayrı sosial şəbəkə platformalarında fəallıqlarını artırmaları onlar üçün çox kədərli olan bu acı reallığı ortaya qoyur. Əslində, AXCP sədri Əli Kərimlinin və onun çiyindaşlarının sosial şəbəkələrdə, internet televiziya kanallarında atlarını dörd nalla çapmaları da bir işə yaramır. Rediküllər vaxtaşırı mövzunu dəyişsələr də, populizm naminə tez-tez, necə deyərlər, xoruz səsi eşitməmiş iddialar səsləndirsələr də, bunun bir faydası olmur. Cəmiyyət onların söylədiklərini ciddiyə almır, özləri deyib, özləri eşidirlər. 

Son olaraq rediküllər uzun fasilədən sonra aprelin 21-də mitinq keçirəcəklərini anons ediblər. Belə görünür ki, AXCP sədri Əli Kərimli, onun çiyindaşları Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri mitinq sindromundan xilas ola bilmirlər. Bir vaxtlar “Məhsul” stadionunda ard-arda düzənlənən mitinqlər rediküllərin ifşası ilə sonuclandı. Belə ki, birləşmiş müxalifət “Məhsul” stadionunda sosial şəbəkələrdə paylaşmaq və görüntü yaratmaq məqsədilə şəkil çəkdirməyə beş-on nəfəri güclə bir yerə toplaya bildi. Son bir neçə ildə rediküllərin mitinq taktikasından uzaq dayanmaları onların nəhayət, reallığı düzgün dəyərləndirdikləri və sosial bazalarının olmadığı reallığını qəbul etdikləri qənaətini yaradırdı. Ancaq yeni mitinq qərarı ondan xəbər verir ki, ənənəvi sindrom rediküllərin canından çıxmayıb. 

Bitib-tükənməyən narazılıqlar və bəhanələr

Ölkəmizdə redikül müxalifətin təşəkkül tapma tarixini və bu yığınaqda təmsil olunanların sonrakı mərhələlərdə sərgilədikləri əməllərə ötəri nəzər saldığda görürük ki, keçilən uzun yolda hər hansı bir ürək açan, xoş ovqat yaradan bir səhifə belə yoxdur. Əksinə, onillikləri əhatə edən fəaliyyətsizliyə bərabər fəaliyyətdən davamlı hal alan narazılıqlar və əsassız bəhanələr qırmızı xətt kimi keçir. Bununla bağlı çoxsaylı məqamlar sadalamaq mümkündür. Rediküllər müxtəlif zaman kəsiklərində gündəmdə qalmaq üçün mühüm məsələlər ətrafında ucuz siyasi şoular düzəldiblər, özlərini cəmiyyətə canıyananlar, vətənpərvərlər kimi sırımağa çalışıblar. Əlbəttə ki, cidanı çuvalda gizlətmək mümkün olmayıb, intellektual səviyyəsi kifayət qədər yüksək olan Azərbaycan cəmiyyəti onların layiq olduqları qiyməti verib.

Götürək, elə radikalların insanların vətənpərvərlik hisslərini istismar etmələrini və torpaqlarımızın onilliklər ərzində işğal altında qalması faktını hakimiyyətə qarşı narazılıq yaratmaq predmetinə çevirmələrini. Bəli, Azərbaycan insanı bütün varlığı ilə torpağa, Vətənə bağlıdır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin pozulması da hər birimizin ürəyini ağrıdırdı. Hər kəs Vətəni bütöv görmək istəyirdi. Elə iqtidar da buna çalışırdı - ölkənin daxili və xarici siyasətini tarixi ədalətin, beynəlxalq hüququn bərbasına səfərbər etmişdi. Torpaqlarımızın işğaldan azad edilməsi bir nömrəli ümummilli məsələ kimi daim Azərbaycanın gündəliyinin mərkəzində saxlanılırdı. Hədəfə nail olmaq asan deyildi - işğalçılar dünyadakı müəyyən güclər tərəfindən ciddi şəkildə dəstəklənirdilər. Ortada ikili standartlar faktı, selektiv yanaşma, beynəlxalq prinsiplərin manipulyasiya edilməsi reallığı var idi. Tələsik addımların atılması daha ağır nəticələr verə bilərdi. Buna görə də iqtidar uyğun zamanın gəlməsini gözləyir və ölkənin iqtisadi potensialının artması, ordunun gücləndirliməsi üçün mümkün olan hər şeyi edirdi. Rediküllər isə Azərbaycan hakimiyyətinin məqsədyönlü siyasətini təhrif edərək elə hey “torpaqlar nə üçün işağaldan azad edilmir” sualını səsləndirirdilər. Prezident İlham Əliyev Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını hazırlayarkən qondarma “Milli şura”da Cəmil Həsənlinin Rusiya prezidenti V.Putinə yazdığı “şanlı məktub” redaktə edilirdi.  Azərbaycan hakimiyyəti ölkəni böyük Zəfərə ilmə-ilmə qurduğu siyasətlə addım-addım apardı, tələsmədən və gecikmədən ölkənin ərazi bütövlüyünə nail oldu. 

Gözləmək olardı ki, 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra rediküllər bu mövzunu birdəfəlik bağlayacaqlar. Belə olmadı. Azərbaycan xalqı  Qələbə sevinci yaşayarkən rediküllər Xankəndinin, Xocalının separatçılardan təmizlənməməsini manipulyasiya predmetinə çevirdilər və bununla da 44 günlük müharibənin nəticələrinə kölgə salmağa çalışdılar. AXCP sədri Əli Kərimli tez-tez Qənimət Zahidin, filankəs O. Qızının televiziya kanallarına çıxaraq qələbəmizin tam olmamasını söyləməkdən sanki həzz alırdı. Əli Kərimlinin və çiyindaşlarının bu “həzzinin” ömrü uzun çəkmədi - Xankəndi, Xocalı və digər ərazilərimiz də 23 saatlıq uğurlu lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq de-yure olduğu kimi de-fakto da Azərbaycanın nəzarəti altına keçdi. Qarabağ separatçılardan təmizləndi və ölkənin bütün ərazilərində suverenliyimiz bərpa olundu. Xankəndidə, Xocalıda və digər şəhərlərdə Azərbaycan Bayrağının ucalmasını bir vaxtlar heç təsəvvürümüzün kənarından da keçirə bilmirdik. Azərbaycan iqtidarı bu möcüzəni reallığa çevirməyi bacardı. Həm də yalnız Ermənistana deyil, onun arxasında dayanan böyük güclərə qarşı da dirəniş, qətiyyət göstərərək!

Bundan sonra rediküllər Rusiya sülhməramlı kontingentinin ərazilərimizdə qalmasını çeynəməyə başladılar. Yenə də qələbələrimizə kölgə salmaq, cəmiyyətimizə inamsızlıq aşılamaq kimi çirkin məqsədlər ortada idi. Ən ağlasığmaz iddialar, versiyalar səsləndirilir, Ermənistanın işğalının Rusiya işğalı ilə əvəzləndiyi bildirilirdi. Rusiya sülhməramlıları ilə bağlı AXCP sədri Əli Kərimlinin davamlı olaraq bəyanatlar səsləndirdiyi hər kəsin yadındadır. Filankəs O.qızı, Qənimət Zahid sülhməramlıların ərazilərimizdə qalmasını ölkəmiz, müstəqilliyimiz üçün fəlakət kimi dəyərləndirərək bu mövzuda tez-tez onlayn formatda müzakirələr açırdılar. Rediküllər o dərəcədə cəsarətlənmişdilər ki, hətta Azərbaycanın müstəqillinin formal xarakter daşıdığını söyləməkdən belə çəkinmirdilər. Artıq bu yalanın da sonu gəldi. Azərbaycan  və Rusiyanın ali rəhbərliyinin qarşılıqlı razılaşması əsasında sülhməramlılar ərazilərimizdən çıxmağa başlayıblar. Bu günlərdə prosesə start verilib və onun cari ilin sonunadək tamamlanması nəzərdə tutulub. Beləliklə, rediküllər sonuncu arqumentlərindən də məhrum qalıblar. İndiki məqamda rediküllərin qarşısında böyük bir sual dayanır: Görəsən, onlar 21 aprel mitinqinin tribunalarından yenidən nəyin narazılığını edəcəklər? 

Mitinq çağırışı havadan asılı qalacaq

Yuxarıda sadalanan faktlardan da göründüyü kimi, rediküllərin “fəaliyyəti” həmişə anti-milli səciyyə daşıması ilə diqqət çəkib. Onların səsləndirdikləri fikirlər heç vaxt ümummilli ideyalarla və məqsədlərlə bağlı olmayıb. Əksər hallarda biz görürük ki, Əli Kərimlinin və digərlərinin sosial şəbəkələrdə düzəltdikləri saxta gündəmlərin tezisləri Qərbdəki Azərbaycanafob dairələrin ölkəmizə qarşı səsləndirdikləri əsassız ittihamlarla üst-üstə düşür. Bu bir daha təsdiqləyir ki, redikül müxalifət yığnağı əslində, “Beşinci kolon” rolunda çıxış edir. Vurğuladığımız kimi, Azərbaycanda Əli Kərimlinin və onun başına yığdığı dəstənin sosial bazası yerli-dibli yoxdur. Artıq sübut olunub ki, xaricdəki erməni lobbisinə bağlı olan Azərbaycanafob dairələr rediküllər üçün maliyyə qaynağıdır. Həmin dairələr Azərbaycana qarşı çirkin ssenarilərini reallaşdırmaqdan ötrü redikülləri qrantlarla və digər maliyyə qaynaqları ilə şirnikləndirirlər. Əlbəttə ki, sem dayıları bu vəsaitləri Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin, Qənimət Zahidin, filankəs O.qızının qara qaşlarına, ala gözlərinə aşiq olub xərcləmirlər. Rediküllər bir növ muzdlu icraçılardırlar. Onlar aldıqları paralar müqabilində Azərbaycanafob mərkəzlərdən gələn sifarişləri can-başla yerinə yetirməyə çalışırlar. Hətta bu sifarişlər Azərbaycanın milli maraqlarına zərbə vurmağa hesablansa belə!

Bu məqamda rediküllərin cari il aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmiləri arasında baş tutan üçtərəfli görüşdən sonra fəallaşmaları və mitinq anonsu etmələri diqqət çəkir. Azərbaycanın böyük qələbələrini həzm edə bilməyən bəlli mərkəzlər ölkəmizə qarşı yeni planlarını işə salıblar. Məqsəd hansı yollarlasa respublikamızdakı xalq-iqtidar həmrəyliyinə xələl gətirmək, sabitliyi pozmaqdır. Belə görünür ki, rediküllərə verilən yeni sifarişlər də məhz bu məzmunludur və anonsu edilən mitinq də buna hesablanıb.

Ancaq Azərbaycanın xaricdəki bədxahları və “Beşinci kolon” təmsilçiləri yanılırlar. Azərbaycan cəmiyyəti rediküllərin antimilli səciyyə daşıyan, düşmən dəyirmanına su tökən fəaliyyətinə həmişə “yox” deyərək kəskin münasibət bəsləyib. Hazırda da cəmiyyətimizdə antimitinq ovqatı hökm sürür. Bu bir daha təsdiqləyir ki, rediküllərin mitinq çağırışları yenə də havadan asılı qalacaq.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31