Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ izi azdırır

ABŞ izi azdırır

19.04.2024 [10:23]

Kollektiv Qərb mövcud geosiyasi reallıqlar fonunda Cənubi Qafqaz regionu ilə bağlı çoxdan cızdığı  planını işə salıb. Aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan rəsmiləri arasında baş tutan üçtərəfli görüş Qərbin öz planının gerçəkləşməsində israrlı olduğunu bir daha təsdiqlədi. Əvvəlcə onu qeyd edək ki, görüşün üçtərəfli formatda keçirilməsi suallar yaradır. Söhbət Qərbin Cənubi Qafqaz siyasətindən gedirsə, nə üçün bura regionun yalnız bir dövlətinin -Ermənistanın nümayəndəsi dəvət alır? Ancaq görüşlə bağlı sual yaradan  və şübhələr doğuran məqam tədbirə yalnız Ermənistanın dəvət alması ilə bağlı deyil. Verilən rəsmi məlumatlar və müxtəlif diplomatik mənbələrdən mətbuata sızdırılan materiallar arasında kəskin ziddiyyətlər var. O cümlədən bu günlərdə “Caliber.az” saytında dərc olunan materialda ortada  hərbi əməkdaşlıq niyyətinin olması da öz əksini tapıb ki, bu da narahatlıq doğurmaya bilməz.

Region dövlətləri arzuolunmaz qonaq istəmirlər

Əvvəlcə onu qeyd edək ki, region dövlətləri bölgədə arzuolunmaz qonaq istəmirlər. Buna görə də Azərbaycan, Rusiya və Türkiyə görüş ərəfəsində narahatlıqlarını diplomatik kanallarla ifadə ediblər. Bu xüsusda, Azərbaycanın lap əvvəldən həyəcan təbili çalması başadüşüləndir. Son 30 ildə respublikamız Ermənistanın işğalçılıq siyasətindən və ayrı-ayrı Qərb dövlətlərini bu ölkəyə dəstək vermələrindən ciddi əziyyət çəkib. Belə qənaət hasil olur ki, ABŞ və Avropa İttifaqı sülhyaratma prosesinə dəstək vermək əvəzinə, yenə də müxtəlif manipulyasiyalarla prosesi ləngidən Ermənistanın yanında yer alırlar.  Xatırladaq ki, Brüssel görüşündən əvvəl ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünün təfərrüatlarını müzakirə ediblər. Prezident İlham Əliyev həm ABŞ Dövlət katibi, həm də Avropa Komissiyasının rəhbəri ilə apardığı danışıqlar zamanı öz mövqeyini qəti şəkildə bəyan edib və regional inklüzivliyin vacibliyini vurğulayıb. Əlbəttə, görüş öncəsi ABŞ-ın və Aİ-nin yüksəksəviyyəli rəsmilərinin Bakıya telefon açmağa zərurət görmələri Azərbaycanın və Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun göstəricisidir. Azərbaycanın mövqeyi belədir ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər birtərəfli, qərəzli xarakter daşıyır və selektiv yanaşma nümunəsidir. Belə bir konfransın müəmmalı şəkildə təşkil olunması və keçirilməsi regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna,  inteqrasiyaya ziddir. Bu konfrans Ermənistanı xoş niyyətlə danışıqlara sövq etməkdən çox uzaqdır.

Üçtərəfli görüşlə bağlı Rusiya və Türkiyə rəsmiləri də narahatlıqlarını ifadə ediblər. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilk dəfə İrəvanı açıq şəkildə milli maraqları satmaqda ittiham edib. “Ermənistan hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı və ABŞ-nin müvəqqəti bonusları naminə qurban verir. Ermənistanın Qərb ölkələri ilə əlaqələri erməni xalqının maraqlarına xələl gətirir. Söhbət ondan gedir ki, onlar bizə, tərəfdaşlarına və müttəfiqlərinə deyil, öz xalqlarına xəyanət edirlər. Problem də məhz bundadır”, - deyə Rusiya XİN-in rəsmisi vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə deyilir ki, Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. “Azərbaycanın iştirakını nəzərdə tutulmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq”, - deyə Türkiyə XİN-in yaydığı bəyanatda vurğulanıb. Rəsmi Ankara üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb: “Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək”. 

Beləliklə, görünən odur ki, Brüssel görüşünün regionda sülh və sabitlik üçün təhlükə olduğunu yalnız Azərbaycan deyil, region ölkələri də təsdiqləyərək narahatlıqlarını bildirirlər. Azərbaycanı və digər region dövlətlərini qayğılandıran əsas məqam isə kollektiv Qərbin Ermənistanla hərbi əməkdaşlıq qurmaq planlarıdır ki, bunun da ciddi əsasları var. 

İqtisadi dəstək, yoxsa hərbi əməkdaşlıq?

ABŞ-ın və Aİ-nin yüksəksəviyyəli rəsmiləri Azərbaycan Prezidenti ilə telefon danışığında və ümumiyyətlə, verdikləri bəyanatlarda üçtərəfli görüşün Ermənistanın iqtisadi inkişafına dəstək, bu ölkəyə humanitar yardım göstərilməsi kimi məsələlərlə bağlı olduğunu bildirirdilər. Elə görüşdən sonra yayılan press-reliz də məhz bu məzmunda idi. Bəyan edilib ki, Avropa İttifaqı Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracaq. 

Geniş müzakirələrə yol açan görüşün Ermənistana qeyd olunan məbləğdə vəsait ayrılması məqsədilə keçirildiyi izahına inanmaq mümkün deyil. Bu ölkənin, necə deyərlər, batmış iqtisadiyyatını dirçəltmək üçün publik şəkildə elan olunan vəsait dəryada damlaya bənzəyir. Bu pulla Ermənistan hansı yarasını sarıyacaq?

“Caliber.az” saytının dərc etdiyi material isə əvvəldən də şübhələr doğuran Brüssel görüşünün bəzi gizli məqamlarına aydınlıq gətirib.  Bildirilir ki, Brüssel görüşündən iki gün əvvəl, yəni aprelin 3-də “Caliber.az”-ın redaksiyasına diplomatik dairələrdəki mənbələrdən məlumat daxil olub. Məlumata görə Nikol Paşinyan, Ursula fon der Lyayen və Antoni Blinken arasında Brüsseldə baş tutacaq görüşdə İrəvanın Avro-Atlantik məkana inteqrasiyası məqsədilə siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı sazişlərin imzalanması nəzərdə tutulub. Ən əsası isə bağlı qapılar arxasında “hərbi pakt” bağlanacaq - bu pakt MDB məkanı üçün təhlükəsizlik sahəsində görünməmiş bir sənəddir. Sənəddə ABŞ və Aİ-nin ayrı-ayrılıqda Ermənistanla hərbi əməkdaşlığının konturları yer alır. Bunlardan bəzilərinə diqqət çəkək:

-Paktda ABŞ-ın İrəvana strateji müdafiə icmalının aparılması və Ermənistan üçün yeni hərbi doktrinanın hazırlanması üçün ekspert dəstəyi verməsi.

-İkitərəfli hərbi əməkdaşlığın Ermənistanın NATO ilə əməkdaşlığına uyğun şəkildə tənzimlənməsi. Əməkdaşlığın Planlaşdırma və Analiz Prosesi (PARP), eləcə də Əməliyyat İmkanları Konsepsiyası (OCC) vasitəsilə həyata keçirilməsi planlaşdırılır. 

-Birləşmiş Ştatlar Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, İranla sərhədə xüsusi diqqət yetirməklə sərhəd nəzarətini və təhlükəsizliyi gücləndirmək üçün lazımi yardım göstərməyi planlaşdırır. Bu, Ermənistanın ABŞ-ın İranla bağlı planlarını reallaşdırmaqdan ötrü plasdarma çevriləcəyi anlamına gəlir. Belə çıxır ki, fürsətcil Ermənistan forpostu olduğu Rusiya kimi, ötən 30 il ərzində onun üçün nəfəslik rolunda çıxış edən İrana da xəyanət edəcək.

-Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hədəfə alınması. Paktda ABŞ-ın Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq,  hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün analitik qruplar göndərməsi məsələsi də öz əksini tapıb. 

- Paktda ABŞ Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün Ermənistan Silahlı Qüvvələri ilə birgə hərbi təlimlərdə iştirakı da vurğulanır. Bu isə öz növbəsində iki ölkənin hərbi birləşmələri arasında qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək məqsədi daşıyır .

- Eyni zamanda, ABŞ Beynəlxalq Hərbi Təhsil və Təlim (IMET) proqramı vasitəsilə Ermənistanın müdafiə qabiliyyətini gücləndirməyi planlaşdırır. Məsələ hərbi təhsil sahəsində əməkdaşlığı özündə əks etdirir.

- Razılaşmaya görə, ABŞ həm də bütün Ermənistan ərazisində GPS texnologiyasının geniş tətbiqini sürətləndirməyə çalışacaq.

- Avropa İttifaqı isə Ermənistan Silahlı Qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu (AƏF) çərçivəsində yardım paketini qəbul edəcək. Saytın məlumatına görə, bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini, sabitliyini və dayanıqlığını gücləndirmək məqsədi daşıyır. Paket həmçinin əməliyyat səmərəliliyini artıracaq, Ermənistan ordusunun Aİ və NATO standartlarına uyğunluğunu sürətləndirəcək. Yardım paketi həm də Ermənistan Silahlı Qüvvələrinin Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində əməliyyat və missiyalarda iştirak imkanlarını gücləndirmək məqsədi daşıyır.

- Avropa Sülh Fondu (APF) vasitəsilə Ermənistana yardım paketinin qəbulu məsələsində artıq Avropa İttifaqında konsensus əldə olunub.

-Eləcə də Avropa İttifaqı Ermənistan hökumətinin Rusiya Federasiyası Sərhəd Xidməti qoşunlarının Zvartnots beynəlxalq hava limanından, Ermənistan-İran sərhədindən və bütün digər beynəlxalq sərhəd məntəqələrindən çıxarılması barədə qərarını dəstəklədiyini bildirir. Aİ-nin birbaşa dəstəklədiyi bu qərar Rusiyanın Ermənistan ərazisində mövqeyini zəiflətmək üçün ilk konkret, nəzərəçarpacaq addım sayılır və görünür, bu səbəbdən Brüssel razılaşmasında xüsusi qeyd edilir.

- Aİ və Ermənistan İrəvanın Rusiya hərbi texnikası və texnologiyasından asılılığının azaldılması, eləcə də Rusiya tərəfindən verilən hərbi təhsil və təlimdən asılılığın aradan qaldırılması zərurətini də müzakirə ediblər.

ABŞ görünən dağı  inkar etsə də...

Bütövlükdə saytın dərc etdiyi materialda ABŞ-ın və Aİ-nin Ermənistanla hərbi əməkdaşlıq startegiyasının geniş detalları üzə çıxır. ABŞ isə, necə deyərlər, görünən dağı inkar edir. Bu günlərdə  ABŞ Dövlət Departamentinin mətbuat xidməti aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə Ermənistana geniş hərbi dəstəyin göstərilməsi məsələlərinin əksini tapdığı sənədin mətbuatda yayılmış fotosu ilə bağlı AZƏRTAC-ın ABŞ bürosunun sorğusunu cavablandırıb. 

“Bu sənəd sırf dezinformasiyadır, təhlükəsizlik məsələləri gündəmdə olmayıb. Biz sizin diqqətinizi aprelin 5-də Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekununda Avropa İttifaqı və Ermənistan ilə birlikdə qəbul etdiyimiz press-relizə yönləndirmək istərdik. Avropa İttifaqı və Ermənistan ilə birlikdə keçirilmiş Brüssel görüşündə diqqət yalnız ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyaclarını həll etməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığına, o cümlədən Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyə yönəlib”, - deyə Dövlət Departamentinin mətbuat xidmətinin sorğuya cavabında qeyd olunub.

Beləliklə, cidanı çuvalda gizlətmək mümkün olmadı. ABŞ-ın “təkzibi” isə  iz azdırmaq cəhdindən başqa bir şey deyil.  Brüssel görüşünün gizli detalları, Ermənistana geniş hərbi dəstəyin göstərilməsinə dair sənəd ortadadır. Dövlət Departamenti yayılmış sənədi “dezinformasiya” adlandırısa da, bu, ciddi sənəddir. Fakt qarşısında qalanda ən asan yol bunu “dezinformasiya” kimi qələmə verməkdir. 

Sənəddə əks olunan məqamlar ABŞ-la Ermənistan arasında açıq şəkildə müzakirə olunub. Ermənistan nümayəndə heyəti ABŞ-da səfərdə olanda Pentaqonda da, digər görüşlərdə də konkret müzakirə obyekti olduğu hər kəsə bəllidir. 5 aprel görüşünə qədər də müzakirələr davam edib, sadəcə Azərbaycanın ciddi narahatlığına görə Brüssel görüşündə hərbi sahədə əməkdaşlıq komponenti ört-basdır edilib. İndi də “dezinformasiya” adlandraraq gündəlikdən çıxarmaq istəyirlər. Azərbaycanın müdaxiləsindən sonra 5 aprel görüşündə məsələ gizlədilsə də, ortada real gizli pakt var. Bu sənəd göstərir ki, real müzakirələr aparılıb və addımlar atılıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31