Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Macarıstan geri çəkilmədi...

Macarıstan geri çəkilmədi...

22.04.2026 [10:12]

“Drujba”nın açılması Aİ-nin “prioritet”inə çevrildi

Rusiya - Ukrayna müharibəsi ilə bağlı “dəngələr” yenidən dəyişməkdədir. ABŞ-ın daha çox Yaxın Şərqdəki vəziyyətə “diqqət yetirməsi” Şərqi Avropadakı eskalasiya ilə bağlı danışıqlar prosesində “taym-aut” götürülməsinə səbəb olub. Qeyd edək ki, bu istiqamətdə danışıqlar son dəfə fevral ayında keçirilib. Artıq iki aydır ki, Rusiya-Ukrayna-ABŞ formatlı üçtərəfli danışıqlar masası yığılmır. Bu isə prosesin yenidən qeyri-müəyyən müddətə uzanmasına yol açır.

Yaranan “sükutdan” istifadə etməyə çalışan Avropa qısa müddətdə prosesi öz nəzarətinə keçirmək uğrunda fəaliyyətə başlayıb. Təbii ki, ilkin prioritet Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq yardımın gerçəkləşməsidir. Bunun üçün isə ən böyük “maneə” də aradan qalxmalıdır - Macarıstan kreditlə bağlı vetosunu geri götürmələdir. Budeapeştin şərti isə aydındır - “Drujba” neft boru kəməri açılmasa, veto qaldırılmayacaq...

Neft yoxdursa, 90 milyard da yoxdur...

Xatırladaq ki, ötən ilin dekabrında Macarıstanın Baş naziri Viktor Orban Aİ-nin sammitində Ukraynaya 90 milyard avroluq kredit vermək planlarına qarşı çıxmamışdı - amma Macarıstanın bu təşəbbüsdə iştirak etməyəcəyini də vurğulamışdı. Rəsmi Budapeştin mövqeyi isə Çexiya və Slovakiya üçün də analogiya yaratmışdı - hər iki ölkə veto qoymadan prosesdə iştirakdan imtina etmişdi. Sonradan isə vəziyyət dəyişdi - rəsmi Kiyev bu il yanvarın 27-də “Drujba” boru kəmərində təmir işlərinin başlanması barədə məlumat yaydı. Bu isə, Macarıstana və Slovakiyaya Rusiyadan neft tədarükünün dayandırılması demək idi. Budapeşt isə bu səbəblərin doğruluğuna şübhə ilə yanaşaraq Aİ-nin Ukraynaya yardım planına veto qoymaq qərarı verdi. Beləliklə, Macarıstan Aİ-nin krediti üçün son prosedurları təsdiqləməkdən imtina etdi - bu, “Drujba”nın bağlanmasına cavab idi.

Ukrayna müzakirədən yayındı...

Avropa Komissiyası kəmərin məqsədli şəkildə bağlanmadığını sübut etməyə çalışsa da, Macarıstanın mövqeyi dəyişmədi. Hətta AK-nın enerji komissarı Dan Yorgensen bildirmişdi ki, məsələ ilə bağlı Ukrayna nümayəndə heyəti ilə görüşü olub: “Onlar boru kəmərini mümkün qədər tez təmir etmək üçün çalışdıqlarını söylədilər”.

Macarıstan və Slovakiya isə mart ayında rəsmi Kiyevi “Drujba” neft kəmərinin bərpası ilə bağlı müzakirələrə dəvət etsə də, qarşı tərəfin imtinası ilə qarşılaşdılar. Bərpa ilə bağlı Ukraynanın energetika naziri ilə görüş keçirmək təfklifi də qəbul olunmadı. Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqı XİN rəhbərlərinin görüşü əsnasında Brüsseldə “Drujba” kəmərinin texniki cəhətdən etibarlı olduğunu və Ukraynanın onu yalnız siyasi səbəblərə görə bağladığını iddia etdi. “Kiyev bizə qarşı neft blokadasını davam etdirəcəksə, biz də Brüsselin onlara fayda verəcək heç bir qərarını dəstəkləməyəcəyik”, - deyə nazir vurğulamışdı.

Macyar da eyni mövqeni bölüşdü...

Macarıstanda baş tutan son parlament seçkilərinin nəticələri də vəziyyətə təsir etmədi - Macarıstan “Drujba”nın açılmasında israrçı mövqeyindən geri çəkilməyib. Qərb mediasının məlumatına görə, Tisza partiyasının lideri Peter Macyar Ukrayna Prezidenti Volodimir Zelenskini “Drujba” neft kəmərinin tez bir zamanda bərpa olunmasını təmin etməyə çağırıb. Mətbuat konfransında Macyar bildirib ki, Zelenski kəmər təmir edildikdən sonra neft axınını təmin etməlidir. O, həmçinin Rusiyanı neft tədarükünü bərpa etməyə çağırıb. O, Macarıstanın “heç bir şantajı qəbul etməyəcəyini” vurğulayıb.

Aprelin 20-də “Bloomberg” anonim mənbələrə istinadən Ukraynanın “Drujba” boru kəməri ilə neft tədarükünü aprelin 21-də bərpa edəcəyini yazmışdı. Bildirilmişdi ki, boru kəmərinin texniki sınaqları həmin günə planlaşdırılıb. Agentlik qeyd edib ki, bu, Avropa Birliyinin Kiyevə 90 milyard avro  krediti blokdan çıxarması üçün yol açacaq. Bir gün əvvəl isə Macarıstanın Baş naziri Viktor Orban Brüsseldən aldığı məlumatı açıqlamışdı - Budapeşt kredit üzrə bloku ləğv edərsə, Kiyev 20 aprel bazar ertəsi günü neft nəqlini bərpa etməyə hazırdır.

Macarıstan veto qoymasa idi...

Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka isə aprelin 21-də KİV-ə açıqlamasında gün ərzində Rusiyadan Macarıstana “Drujba” neft kəməri vasitəsilə neft tranzitinin bərpa edilmə ehtimalını vurğulayıb. Nazir qeyd edib ki, Brüsseldə keçirilən müzakirələr zamanı ən real ssenari kimi Ukraynanın kəmərin bərpasını elan etməsi nəzərdən keçirilir.

Vurğulayaq ki, aprel ayının ortalarında Zelenski boru kəmərinin təmirini aprelin sonuna qədər başa çatdıracağına söz vermişdi. Kiyev dəqiq başa çatma tarixini açıqlamamışdı. Boka bildirib ki, tədarükün açıldığının elanından sonra operator Macarıstan və Slovakiyadakı neft emalı zavodları üçün Rusiya neftini alan MOL ilə əlaqə saxlayacaq. O, eləcə də vurğulayıb ki, xəttin açılmasında əsas “açar” Macarıstanın “veto” hüququndan istifadə etməsi olub. Nazir bildirib ki, əgər Macarıstan Aİ-nin Ukrayna üçün 90 milyard avroluq kredit xəttini bloklamasaydı, “Drujba” kəməri vasitəsilə neft tədarükü heç vaxt bərpa olunmayacaqdı. O deyib ki,  “Macarıstanın taktikası işə yaradı: biz neftimiz tükənməzdən əvvəl ukraynalıların pulu tükəndi”.

Kiyevdən asılıdır...

Məsələ ilə bağlı Rusiya da öz mövqeyini açıqlayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya “Drujba” boru kəməri vasitəsilə Macarıstan və Slovakiyaya neft nəqlini bərpa etməyə hazırdır: “Sual Ukraynanın şantajı dayandırmağa və “boru kəmərini açmağa” hazır olub-olmamasıdır. Rusiya tərəfi texnoloji cəhətdən hazırdır. Macarıstanla müqavilə öhdəliklərimiz var. Lakin Kiyev bizi şantaj etməyə başladıqdan sonra bu təchizat dayandırıldı. Boru kəmərini açıb-açmayacağı Kiyevdən asılıdır”.

Dünyanın ən böyük magistral neft boru kəməri sistemi...

Qeyd edək ki, “Drujba” dünyanın ən böyük magistral neft boru kəməri sistemidir. Kəmər 1960-cı illərdə Sovet İttifaqı istehsal müəssisəsi olan “Lengazspetsstroy” tərəfindən Volqa-Ural neft və qaz yataqlarından nefti Qarşılıqlı İqtisadi Yardım Şurasının üzvü olan sosialist ölkələrinə: Macarıstan, Çexoslovakiya, Polşa və Şərqi Avropada yerləşən ADR-ə çatdırmaq üçün inşa edilmişdi. Boru kəməri marşrutu Almetyevskdən Bryanska, daha sonra Mozıra qədər uzanır və bundan sonra iki hissəyə bölünür: şimal hissəsi Belarus, Polşa, Almaniya, Latviya və Litvadan keçir, cənub hissəsi isə Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiyanı əhatə edir. Sovet İttifaqı dövründə boru kəmərinin sovet hissəsinin idarəetmə mərkəzi Lvov şəhəri idi. SSRİ-nin dağılmasından sonra Bryansk Rusiya hissəsinin idarəetmə mərkəzinə çevrilib.

Sistem 8900 km boru kəmərindən (o cümlədən Rusiyada 3900 km), 46 nasos stansiyasından və 38 ara nasos stansiyasından ibarətdir ki, onların çən parkları 1,5 milyon kubmetr neft saxlayır. Boru kəməri hər il MDB xaricinə 66,5 milyon ton, o cümlədən şimal qolu vasitəsilə 49,8 milyon ton neft ixrac edir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30