Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sülh artıq reallıqdır...

Sülh artıq reallıqdır...

24.06.2026 [10:31]

Prezident İlham Əliyev: Biz qisasımızı döyüş meydanında aldıq və bu, kifayətdir

Ermənistanın təcavüzkar siyasəti nəticəsində Cənubi Qafqaz 30 ilə yaxın bir dövrdə müharibə şəraitində yaşadı. Bu, bütövlükdə regionun inkişafına mane olmaqla yanaşı, ayrıca Azərbaycan üçün humanitar fəlakət yaratmışdı. Yenicə müstəqillik qazanmış bir ölkə üçün torpaqlarının 20 faizinin işğal edilməsi, bir milyona yaxın qaçqın və məcburi köçkünün olması əsl humanitar və sosial fəlakət idi. Prezident İlham Əliyev iyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışında  bildirib ki, 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal edilmişdir və bu da humanitar fəlakətə yol açmışdır: “1990-cı illərin əvvəllərində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O vaxt əhalimiz 8 milyon idi, beləliklə, hər səkkiz nəfərdən biri məcburi köçkün, evsiz, işsiz, yaşamaq üçün heç bir maddi imkanı olmayan idi. Bu, həqiqi humanitar fəlakət idi və biz tək qalmışdıq”.

Ermənistana qarşı heç kəs sanksiyalar tətbiq edilmədi...

Həmin dövrdə yaranan bu çətin vəziyyət qarşısında Azərbaycan tək qalmışdı. Nəzərə alsaq ki, həm işğala, həm də təcavüzə məruz qalmız ölkə Azərbaycan idi, dünya ictimaiyyəti bu mənzərə qarşısında susurdu. Nəinki işğalçı Ermənistana qarpşı hər hansı bir ciddi addımlar atılmırdı, hətta bəzi məqamlarda işğalçı ilə işğala məruz qalan arasında  bərabərlik qoyulmasına çalışılırdı. Ermənistana qarşı hər hansı bir sankisya tətbiq olunmurdu, beynəlxalq hüquq görməzdən gəlinirdi. Bu gün qlobal məkanda baş verən bir sıra kataklizmlərə operativ reaksiya verən qlobal təşkilatlar və aparıcı dövlətlər Ermənistanın təcavüzünə qarşı ikili standartlarla yanaşırdı - bu gün sanksiyalarla münaqişə tərəflərinə təsir göstərən qurum və dövlətlər həmin vaxt İrəvana qarşı heç bir analoji addım atmırdı. Prezident İlham Əliyev nitqində bildirib ki, müharibə cinayətlərini və Xocalı soyqırımını törətmiş, bizim şəhər və kəndlərimizi dağıtmış, işğal olunmuş ərazilərdə urbisid törətmiş Ermənistana qarşı sanksiya tətbiq olunmadı: “Hər gün sanksiyalar haqqında eşidirik - sanksiyalar və yenə də sanksiyalar. Hər gün eşidirik. Haradasa hər hansı bir hadisə baş verən kimi dərhal sanksiyalar tətbiq olunur. Lakin Ermənistana qarşı heç kəs sanksiyalar tətbiq etmədi və bu, ikili standartların, həmçinin bəyan edilən qondarma dəyərlərlə real siyasət arasındakı fərqin açıq təzahürüdür. Əgər beynəlxalq hüququ pozduğuna, suveren dövlətin ərazilərini işğal etdiyinə və müharibə cinayətləri törətdiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilsəydi, iki ölkə arasında münaqişə bu qədər uzun sürməzdi”.

Çoxsaylı nəticəsiz, sonsuz və mənasız danışıq raundları...

Vurğulandığı kimi, beynəlxalq təşkilatlar sadəcə bəyanat verməklə işlərini bitmiş sayır, bu bəyanatların icrasına diqqət yetirmirdilər. Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupu da bu məsələdə beynəlxalq vasitəçilik missiyası yerinə yetirməli olsa belə, fəaliyyəti ciddi suallar doğururdu. ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi bu format kağız üzərində münaqişənin sülh yolu ilə tənzimlənməsinə xidmət etsə də, praktiki baxımdan status-kvonun qorunmasına şərait yaradır, hətta bəzi məqşamlarda işğalçı ölkəyə dəstək belə göstərirdilər. İşğal altında olan Azərbaycan torpaqları ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilmədi, Ermənistanın destruktiv siyasətinə qarşı konkret təzyiq mexanizmləri tətbiq olunmadı - halbuki, hər üç dövlət BMT TŞ-nın daimi üzvu idilər. Prezident İlham Əliyev deyib ki, münaqişə təxminən 30 il davam etdi və bu illər ərzində çoxsaylı nəticəsiz, sonsuz və mənasız danışıq raundları aparıldı. Həmin danışıqlara himayədarlıq edənlərin yalnız bir məqsədi var idi - torpaqlarımızı əbədi olaraq Ermənistanın işğalı altında saxlamaq. Sülhün təmin edilməsi və ərazilərimizin azad olunması mandatını daşıyanların məqsədi məhz bundan ibarət idi: “Mən ATƏT-in Minsk qrupunun həmsədrlərini - BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan Fransanı, Rusiyanı və Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. Təsəvvür edin, bu ölkələr Ermənistanı Azərbaycan ərazilərini azad etməyə məcbur edə bilməzdilərmi? Əlbəttə ki, edə bilərdilər. Sadəcə bunu istəmirdilər. Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər. Bu, onların birgə qərarı idi. Lakin biz bu planları dəyişdirdik”.

2020-ci ilin Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi və bununla həm də Minsk Qrupunun illərlə nəticə verməyən fəaliyyəti faktiki olaraq iflasa uğradı. Bu proses bir daha göstərdi ki, beynəlxalq vasitəçilik mexanizmi effektiv siyasi iradə və konkret nəticəyə hesablanmış yanaşma olmadan yalnız formal platformaya çevrilə bilər. ATƏT-in Minsk Qrupu da nəinki öz işinin öhdəsindən gəlmədi, əksinə, hətta müəyyən dövrlərdə həll prosesinə əngəl, status-kvonun davam etməsinə şərait yaratdı. Ötən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə yüzlərlə, bəlkə də minlərlə səfərləri gözdən pərdə asmağa xidmət etdi, problemin həllində iştirak isə ümumiyyətlə nəzərə çarpmadı. İllər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan ATƏT-in Minsk qrupu hüquqları pozulan azərbaycanlıları görməzdən gəldi. Nəhayət ki, ötən ilin yayında Vaşinqtonda baş tutan üçtərəfli sammitdə həm Ermənistan, həm də Azərbaycan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı sənəd imzaladı - ötən ilin dekabrında qurum rəsmi şəkildə ləğv edildi.

Törədilənləri heç vaxt unutmayacağıq...

Ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması regionda yeni bir situasiya formalaşdırdı. Azərbaycanın post-müharibə reallıqları, sülh təşəbbüsü bölgə üçün yeni bir gələcək perspektivi yaradır. Vətən müharibəsi və antiterror  tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. Bakı öz iradəsi ilə həm də BMT TŞ-nın icra edilməyən 4 qətnaməsinin icrasına nail oldu. Azərbaycanın bölgədə sülh şəraiti ilə bağlı planları isə davamlı və qətiyyətli idi - ölkəmiz revanşizmi deyil, sülhü və əməkdaşlığı önə sürdü. Məhz Bakının irəli sürdüyü iradə nəticəsində artıq region özünün yeni dövrünü yaşayır. Prezident İlham Əliyev bildirib ki, artıq təxminən bir ilə yaxındır ki, biz sülh şəraitində yaşayırıq və bunun müsbət nəticələrini görürük. Ermənistanın işğalçı qüvvələrinin xalqımıza və şəhərlərimizə qarşı törətdiklərini heç vaxt unutmayacağıq: “Onların 65 məscidi dağıtmasını, xalqımızın dini hisslərini təhqir etmək məqsədilə məscidlərdə heyvan, o cümlədən donuz saxlamalarını heç vaxt unutmayacağıq. Biz Xocalı soyqırımını da heç vaxt unutmayacağıq. Lakin gələcəyə baxmağı bacarmalıyıq. Biz qisasımızı döyüş meydanında aldıq və bu, kifayətdir. Müharibə dayanmalı idi və onu dayandıran da biz olduq. Güclü tərəf olaraq biz müharibəyə son qoyduq və sülh təklif etdik. Beləliklə, bu gün sülh artıq reallıqdır”.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30