Vaşinqtondan başlayan yeni sülh dövrü...
12.08.2026 [10:45]
Cənubi Qafqazın gələcəyi əməkdaşlıq və rifah üzərində qurulur
Bakının sülh təşəbbüsü qlobal təhlükəsizliyə və iqtisadi maraqlara hədəflənib
Ötən il, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli sammit Cənubi Qafqazın siyasi tarixində yeni səhifənin başlanğıcını qoydu. Bu görüş regionda uzunmüddətli sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılması baxımından mühüm tarixi hadisəyə çevrildi. Sammit çərçivəsində sülh sazişinin paraflanması, ATƏT-in Minsk prosesinin və əlaqədar strukturlarının bağlanmasına dair razılaşmanın əldə olunması, eləcə də Zəngəzur dəhlizinin (TRIPP) açılması istiqamətində razılaşmalar Cənubi Qafqazda yeni geosiyasi reallıqların hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirdi.
Vaşinqton görüşündən ötən bir il ərzində baş verən proseslər Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin təkcə cari siyasi vəziyyətə hesablanmış təşəbbüs olmadığını, regionun gələcəyi üçün strateji yol xəritəsi xarakteri daşıdığını göstərdi. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dayanıqlı sülhə, qarşılıqlı etimada və regional əməkdaşlığa üstünlük verməsi artıq Cənubi Qafqazın gələcəyinə dair beynəlxalq təsəvvürlərin də əsas istiqamətlərindən birinə çevrilir.
Yeni dövrdə əsas vəzifə əldə olunmuş razılaşmaları davamlı sülhə çevirmək, normallaşma prosesini tamamlamaq, kommunikasiyaları açmaq və region dövlətləri arasında iqtisadi əlaqələri genişləndirməkdir. Zəngəzur dəhlizinin (TRIPP) reallaşması isə yalnız nəqliyyat layihəsi deyil, Cənubi Qafqazı daha geniş regional və qlobal bağlantılar sisteminə inteqrasiya edəcək mühüm geoiqtisadi layihədir. Qarşıdakı mərhələ Azərbaycanın yaratdığı yeni reallıqları möhkəmləndirmək və Cənubi Qafqazı münaqişələr məkanı deyil, sülh, əməkdaşlıq və rifah regionuna çevirmək mərhələsidir.
Vaşinqton sammiti Cənubi Qafqazda yeni geosiyasi reallıqların əsasını qoydu...
Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatları, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb. Bəyanatda bildirilir ki, bir il əvvəl Prezident Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birlikdə Ağ Evdə tarixi Sammitə ev sahibliyi edib və Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan sülh üçün Birgə Bəyannamə imzalayıblar. Üç liderin şahidliyində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tərəfindən “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Sülhün və Dövlətlərarası Münasibətlərin Təsis Edilməsi haqqında Saziş” layihəsi paraflanıb: “Bu birinci ildönümdə ölkələrimizin birlikdə əldə etdiyi nailiyyətlərə görə dərin qürur hissi keçirir və onilliklər boyu davam etmiş münaqişəyə son qoyan, Cənubi Qafqazı daha firavan gələcəyə doğru aparan bu təməl üzərində irəliləmək əzmindəyik. Sülhün təmin olunması istiqamətində bu tarixi və mühüm səylərə verilən yüksək qiymətin ifadəsi olaraq, Prezident Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər”.
Qeyd olunur ki, Birgə Bəyannamə ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan üçün sülhün möhkəmləndirilməsi, rifahın təmin edilməsi və tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində konkret yol xəritəsi müəyyən edib. Cəsarətli liderlərin bir araya gəlməsindən ötən bir il ərzində bu ölkələr davamlı uğurların təmin edilməsi üçün təməl işlər görüblər: “Ermənistan və Azərbaycan Ermənistan-Azərbaycan sərhədi boyunca sabitliyi qoruyub saxlayıb və hər iki tərəf münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və davamlı sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər vasitəsilə etimadın gücləndirilməsi istiqamətində konkret addımlar atmaqdadırlar”.
Bəyanatda o da vurğulanır ki, multimodal tranzit marşrutu olacaq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP), infrastrukturun inkişafına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılmasına dair ABŞ-Ermənistan razılaşması da daxil olmaqla, konkret irəliləyişlər sayəsində ideyadan reallığa çevrilməkdədir. “Ermənistanda mühəndis-tədqiqat işləri artıq həyata keçirilməkdədir. Azərbaycan öz ərazisində Ermənistanda TRIPP-ə birləşəcək avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb. Üç ölkə, həmçinin TRIPP marşrutu boyunca elektrik enerjisinin ötürülməsi xəttinin inşasını dəstəkləyir. ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada Trans-Xəzər Ticarət Marşrutuna (Orta Dəhliz) özəl sektor investisiyalarının cəlb edilməsinə dəstək göstərmək məqsədilə Trans-Xəzər Sahibkarlıq Fonduna 201 milyon ABŞ dolları məbləğində vəsait ayırıb. ABŞ həm Ermənistan, həm də Azərbaycanla yeni ikitərəfli strateji tərəfdaşlıqları müəyyən edən xartiyalar, habelə enerji təhlükəsizliyi, sərhəd infrastrukturu və təhlükəsizliyi, süni intellekt və yarımkeçiricilər sahəsində innovasiyalar və mühüm mineral ehtiyatlar üzrə anlaşma memorandumları imzalamaqla, əlaqələrini daha da dərinləşdirib. Bunlar hər üç ölkənin uzunmüddətli rifahına yönəlmiş sərmayələr olmaqla, artıq konkret nəticələr verib. Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin ruhuna uyğun olaraq, Azərbaycan Ermənistana münasibətdə bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Bir il ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana və Ermənistandan təqribən 60 min ton yük daşınıb. Azərbaycan, həmçinin Ermənistan 20 min ton neft məhsulu ilə tədarük edib. İki ölkə ikitərəfli ticarətin həcminin artırılması istiqamətində fəaliyyətlərini davam etdirir”. Sənəddə o da bildirilir ki, iki ölkənin telekommunikasiya operatorları regional bağlantı marşrutlarının şaxələndirilməsi, Cənubi Qafqazda etibarlılıq və dayanıqlılığın artırılması və Avrasiya telekommunikasiya şəbəkələrində infrastrukturun inkişafına dəstək verəcək internet sazişi imzalayıb. Həll olunmamış münaqişə dövrünün başa çatdığının təsdiqi olaraq, ATƏT-in Minsk qrupu və əlaqəli strukturlar Ermənistan və Azərbaycanın birgə müraciəti əsasında ləğv edilib. ABŞ-ın dəvəti ilə Ermənistan və Azərbaycan Sülh Şurasına qoşulub, bununla da, daha dinc və firavan dünyanın yaradılması istiqamətindəki səylərdə ABŞ ilə çiyin-çiyinə olduqlarını nümayiş etdirib: “ABŞ, Ermənistan və Azərbaycan Ermənistanın və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına sarsılmaz dəstəklərini bir daha təsdiq edir. Hər üç dövlət 8 Avqust Birgə Bəyannaməsinin mətninə və ruhuna uyğun olaraq, onun tam şəkildə həyata keçirilməsinə, habelə regionun fövqəladə iqtisadi potensialının üzə çıxarılmasına sadiq qalır. Bundan əlavə, ABŞ Ermənistan və Azərbaycanla imzalanmış ikitərəfli xartiyaların və anlaşma memorandumlarının tam şəkildə həyata keçirilməsinə və hər iki ölkə ilə ikitərəfli münasibətlərinin gücləndirilməsinə sadiqdir.
Həqiqi sülh bir gündə əldə edilmir, bununla belə, Prezident Trampın ifadə etdiyi kimi, verilən vədlər yerinə yetirilir. Azərbaycan və Ermənistanın davamlı sülhə doğru atdığı addımlar dünya üçün nümunə təşkil edir və bu baxımdan biz regionun parlaq və firavan gələcəyini səbirsizliklə gözləyirik”.
Ankara Bakının sülh gündəliyini və Cənubi Qafqazda davamlı sabitlik siyasətini dəstəkləyir
Azərbaycanın təşəbbüsü ilə formalaşan və son mərhələdə mühüm nəticələrə gətirib çıxaran sülh prosesi artıq yalnız Cənubi Qafqazın siyasi gündəliyi ilə məhdudlaşmır. Bu proses qlobal dünya, xüsusilə Avropanın aparıcı dövlətləri tərəfindən diqqətlə izlənilir və dəstəklənir. Çünki Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunması təkcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması deyil, daha geniş coğrafiyada sabitliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Avropa dövlətləri də yaxşı anlayırlar ki, Cənubi Qafqazda davamlı sülh mühitinin yaranması region ölkələri arasında münasibətlərə yeni məzmun gətirməklə yanaşı, Avropa ilə Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına ciddi təkan verə bilər. Xüsusilə Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn nəqliyyat və kommunikasiya layihələri Şərqlə Qərbi birləşdirən marşrutların şaxələndirilməsi, ticarət dövriyyəsinin artırılması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından strateji imkanlar açır.
Bakının sülh təşəbbüsünün mühüm cəhəti ondan ibarətdir ki, Azərbaycan regional sabitliyi yalnız siyasi razılaşma kimi deyil, həm də iqtisadi inkişafın əsas şərti kimi nəzərdən keçirir. Sülhün bərqərar olması sərhədlərin açılması, nəqliyyat bağlantılarının genişlənməsi, investisiyaların artması və yeni əməkdaşlıq formatlarının yaranması üçün əlverişli şərait formalaşdıracaq.
Bu baxımdan Azərbaycanın sülh gündəliyi regional çərçivəni aşaraq qlobal təhlükəsizlik və dünya iqtisadiyyatının dayanıqlılığı baxımından da əhəmiyyət kəsb edir. Cənubi Qafqazın qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi həm Avropanın, həm də bütövlükdə beynəlxalq ictimaiyyətin strateji maraqlarına cavab verir. Azərbaycanın rəsmi müttəfiqi, qardaş Türkiyə sülh prosesini daim dəstəkələyən ölkələrdəndir - Ankara bütün dövrlərdə verdiyi bəyanatlarda Bakının ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyini dəstəkləməklə yanaşı, sülhün ən real tənzimləmə mexanizmi olduğunu irəli sürüb. Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinin redaktorları ilə dəyirmi masa müzakirəsi zamanı bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir. Türkiyə diplomatiyasının rəhbəri Bakı ilə İrəvan arasında sülhə doğru davam edən dialoqa diqqət çəkib. O, Cənubi Qafqazın Türkiyənin təhlükəsizlik arxitekturasına birbaşa təsir edən bölgələrdən biri olduğunu qeyd edib.
Berlinin dəstəyi Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq əhəmiyyətini artırır
Vurğulandığı kimi, Avropa məkanının əsas dövlətlərinin əksəriyyəti də sülh prosesinin açıq dəstəkçisi qismində çıxış edir, Bakının təşəbbüslərini yüksək dəyərləndirir. Məsələn, rəsmi Berlin də Azərbaycanın sülh gündəliyini açıq şəkildə dəstəkləyən dövlətlər sırasındadır. Ötən il Almaniya Prezidenti Bakıda mətbuata açıqlamasında bildirmişdi ki, “Siz qonşu Ermənistan arasında sülh münasibətləri haqqında danışdınız. Bu sülh prosesinin çox böyük əhəmiyyəti var... Ümid edirəm ki, hər şey alınacaq və biz, həmçinin kənardan bacardığımız qədər, necə mümkündürsə öz dəstəyimizi verəcəyik”.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri müstəvisində bu il iyulun 21-də Almaniyanın Federal Kansleri Fridrix Merts mətbuata bəyanatında bildirmişdi ki, “Cənab Prezident, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik bizim üçün də zəruridir. Almaniya və Avropa İttifaqı həmin geosiyasi baxımdan mühüm bölgədə davamlı dincliyə nail olmaqda çox maraqlıdırlar. Bu səbəbdən, cənab Prezident, biz Sizi Almaniyada salamlamaqdan xüsusi olaraq məmnunuq. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına nail olmağınız münasibətilə Sizi təbrik edirik. Bu, tarixi razılaşmadır. Onilliklər davam etmiş münaqişəni onun sayəsində aradan qaldırmaq fürsəti yaranır. Alman və Avropa perspektivindən nəyi edə bilsək, bundan şad olarıq”.
Rəsmi Berlin Vaşinqton sülh prosesinə də eyni dəstəyi göstərir. Belə ki, Almaniyanın Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə ötən il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü ilə əlaqədar paylaşım edib. Nazirliyin X hesabında edilən paylaşımda qeyd olunub: “Bu mühüm mərhələ iki ölkə arasındakı münasibətlərdə tarixi bir təkan yaratdı. Hər iki tərəfi bu yolda irəliləməyə təşviq edirik”.
Nazirlik Almaniyanın Cənubi Qafqazda bu prosesə dəstəyini davam etdirəcəyini vurğulayıb. “Cənubi Qafqazda sülh və sabitlik bizim ortaq maraqlarımıza uyğundur. Almaniya Avropa İttifaqı və ABŞ-dan olan tərəfdaşları ilə birlikdə bu prosesi dəstəkləməyə davam edəcək”, - deyə Almaniya XİN-in açıqlamasında bildirilib.
Qeyd olunmalıdır ki, Almaniyanın bu balanslaşdırılmış və konstruktiv yanaşması regional kommunikasiyaların açılması və beynəlxalq hüquq prinsipləri çərçivəsində yekun sülh sazişinin imzalanması prosesinə diplomatik dəstək baxımından böyük əhəmiyyət kəsb edir. Almaniyanın sülh prosesinə dəstəyi, Azərbaycanın təşəbbüslərini təqdir etməsi isə olduqca mühüm amildir.
Vaşinqtonun siyasi iradəsi sülhü iqtisadi əməkdaşlıq və regional bağlantılarla tamamlayır
Təbii ki, Vaşinqton sülh prosesinin inkişafında, onun reallaşmasında ABŞ-ın xidməti danılmaz və böyükdür. Ən mühüm cəhət isə odur ki, rəsmi Vaşinqton məsələyə ənənəvi “vasitəçilik” missiyası ilə yanaşmadı - sadəcə olaraq, iki tərəfin arasındakı razılaşmaya şahidlik etdi. Təbii ki, bu razılaşmanın, sülh sazişinin paraflanmasının məhz Vaşinqtonda, dünyanın ən mühüm siyasi paytaxtlarından birində və bəlkə də birincisində baş tutması sülh prosesinin siyasi mahiyyətini olduqca yüksəltdi. ABŞ Prezidenti Donald Trampın qlobal təhlükəsizliyin ən mühüm komponentlərindən biri kimi Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşmasına göstərdiyi dəstək regionun və bəlkə də Avrasiyanın gələcəyində yeni bir səhifə açır. Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubionun 8 avqust görüşünün ildönümü ilə bağlı bəyanatında bildirilir ki, bir il əvvəl bu gün Prezident Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı birlikdə qəbul etmək və tarixi Birgə Bəyannamənin imzalanmasının şahidi olmaqla Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi. O qeyd edib ki, bu bəyannamə Cənubi Qafqazda onilliklərlə davam edən münaqişəyə son qoyub, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) açıb. “Son 12 ay ərzində ABŞ bu vədi irəliləyişlərə çevirmək üçün Ermənistan və Azərbaycanla çiyin-çiyinə çalışıb. Dəmir yollarını, yolları, enerji və rəqəmsal infrastrukturu modernləşdirəcək multimodal tranzit marşrutu olan TRIPP Ermənistanda dəmir yolu üçün mühəndislik tədqiqatlarının artıq başlaması və Azərbaycanla Ermənistanı birləşdirəcək avtomobil və dəmir yolunun tikintisinin demək olar ki, başa çatması ilə reallığa çevrilmək yolundadır. Sülh ABŞ, Ermənistan və Azərbaycan arasında iqtisadi rifaha töhfə verəcək əlaqələrin gücləndirilməsinə qapı açdı. Bu gün məmnuniyyətlə elan edirəm ki, Trans-Xəzər Sahibkarlıq Fondu yeni seçilmiş direktorlar şurasının rəhbərliyi altında fəaliyyət göstərir, Cənubi Qafqaz və Orta Asiyada Trans-Xəzər Ticarət Marşrutu (Orta Dəhliz) boyunca özəl sektora investisiyaları təşviq etmək üçün ABŞ hökumətinin 201 milyon dollarlıq maliyyəsi ilə kapitallaşdırılıb”, - deyə Rubio əlavə edib.
Rubio vurğulayıb ki, bu irəliləyiş sadə bir həqiqəti əks etdirir: sülh və rifah bir-birini gücləndirir. “TRIPP sadəcə infrastruktur layihəsi deyil, o, Trans-Xəzər Ticarət Marşrutunda həyati bir halqa, ABŞ və digərləri üçün kommersiya imkanlarının hərəkətverici qüvvəsi və uzunmüddətli mübahisələrin həllindən sonra iqtisadi əməkdaşlığın sülhü necə möhkəmləndirə biləcəyi üçün bir modeldir. Amerika Birləşmiş Ştatları bu təməl üzərində qurularkən Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir. Hər iki ölkəni son bir ildə göstərdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik və Cənubi Qafqazda davamlı sülhə doğru davamlı irəliləyiş gözləyirik”, - deyə Rubio vurğulayıb.
Beləliklə, Vaşinqtonda yaranan siyasi iradə və son bir ildə əldə olunan nəticələr göstərir ki, Cənubi Qafqaz artıq münaqişə və qarşıdurma ilə deyil, sülh, bağlantı və iqtisadi əməkdaşlıqla assosiasiya oluna bilər. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi bu prosesin əsas dayaqlarından biri olmaqla, regionun yeni inkişaf modelinin formalaşmasına xidmət edir. Qarşıdakı əsas vəzifə əldə edilmiş razılaşmaları tam reallaşdırmaq, sülhü möhkəmləndirmək və açılan yeni imkanları region xalqlarının rifahına çevirməkdir. Vaşinqtonda açılan yeni səhifə indi Cənubi Qafqazın davamlı sülh və firavanlıq kitabının növbəti fəsilləri ilə tamamlanmalıdır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52

