Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bu gün Beynəlxalq Sülh Günüdür

Bu gün Beynəlxalq Sülh Günüdür

21.09.2026 [10:40]

Hər il sentyabrın 21-də beynəlxalq ictimaiyyət Beynəlxalq Sülh Gününü qeyd edir.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bu günü həm milli, həm də beynəlxalq səviyyədə bütün ölkələr və xalqlar arasında sülh ideallarının möhkəmləndirilməsi günü elan edib.

1981-ci ildə Baş Assambleya 36/67 saylı qətnaməsi ilə Sülh Gününü elan edib və onun sentyabr ayının üçüncü çərşənbə axşamı qeyd olunmasını müəyyənləşdirib. 20 il sonra – 2001-ci ildə isə Baş Assambleya yekdilliklə 55/282 saylı qətnaməni qəbul edərək 2002-ci ildən etibarən Beynəlxalq Sülh Gününün hər il sentyabrın 21-də ümumi atəşkəs və zorakılıqdan imtina günü kimi qeyd olunmasına qərar verib.

Dünya əhalisinin əksəriyyəti üçün sülh gündəlik həyatın ayrılmaz hissəsidir. Şəhərlərin küçələri sakitdir, uşaqlar məktəbə və uşaq bağçalarına gedirlər... Cəmiyyətin əsasları möhkəm olan yerlərdə sülhün əvəzsiz neməti bəzən heç kimin xüsusi diqqətini çəkməyə bilər. Lakin müasir dünyada çox sayda insan üçün bu nemət yalnız əlçatmaz bir arzu olaraq qalır. Onlar qeyri-sabitlik və qorxu mühitində, sanki görünməz buxovlar içində yaşayırlar.

Əsl sülhə nail olmaq üçün yalnız hərbi əməliyyatların dayandırılması kifayət deyil. Bütün insanlar üçün bərabər imkanların yaradıldığı cəmiyyət qurmaq da vacibdir. Bu isə irqi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər münasibətin göstərildiyi bir dünyanın formalaşdırılmasını nəzərdə tutur.

Bundan əlavə, COVID-19 pandemiyası hər bir insana yardım göstərilməsi, daha bərabərhüquqlu, ədalətli, inklüziv və dayanıqlı dünyanın qurulması istiqamətində kollektiv səylərin nə qədər vacib olduğunu nümayiş etdirdi. Pandemiya insanların ölümü ilə nəticələnən damğalanma, ayrı-seçkilik və nifrət hallarının artması ilə müşayiət olundu. Bəşəriyyətin qarşılaşdığı bu ümumi düşmən fonunda insanlar bir-birinin düşməni olmadıqlarını unutmamalıdırlar.

Ümumiyyətlə, son illərdə baş verən hadisələr – müharibələr, terrorizm, iğtişaşlar, bütün dünyada xalqları və ayrı-ayrı insanları bir-birindən ayıran dərin ziddiyyətlər, iqlim böhranı, viruslar – Beynəlxalq Sülh Gününün bu gün nə qədər böyük aktuallıq daşıdığını göstərir.

Buna görə də 1981-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilən bu gün milyonlarla insanı, çoxsaylı ölkə və regionları əhatə edir. Müxtəlif ictimai və gənclər təşkilatlarının təşəbbüsü ilə bu münasibətlə müxtəlif aksiyalar və tədbirlər keçirilir. Çünki Beynəlxalq Sülh Günü insanları yalnız sülh haqqında düşünməyə deyil, həm də onun naminə konkret addımlar atmağa çağırır.

BMT bu gün bütün ölkələri və xalqları hərbi əməliyyatları dayandırmağa, sülh məsələləri ilə bağlı maarifləndirici və ictimai məlumatlandırma tədbirləri keçirməyə çağırır. Təşkilat, həmçinin Beynəlxalq Sülh Günündən sülhün dəstəklənməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətə diqqəti cəlb etmək, bütün dünyada ayrı-ayrı şəxsləri, qrupları və icmaları sülh problemləri barədə düşünməyə, bu istiqamətdə məlumat və praktiki təcrübə mübadiləsi aparmağa təşviq etmək üçün istifadə edir.

Belə ki, hər il BMT-nin Sülh Gününə həsr olunan tədbirləri ənənəvi olaraq Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında Sülh Zəngi qarşısında keçirilən mərasimlə başlayır. Əvvəlcə BMT-nin Baş katibi müraciətlə çıxış edir və daha sonra zəngi çalır. Ardınca bir dəqiqəlik sükut elan olunur və BMT Təhlükəsizlik Şurasının sədri müraciət edir.

Hər il Beynəlxalq Sülh Günü müəyyən bir mövzuya həsr olunur. 2026-cı ildə Beynəlxalq Sülh Gününün mövzusu “Sülhə sərmayə qoyun – hər kəs üçün, hər yerdə, hər gün” şüarıdır.

Paylaş:
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Gündəm

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30