Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində...

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində...

25.09.2026 [11:42]

İkitərəfli görüşlər keçirilib, anlaşma memorandumları imzalanıb

BMT Baş Assambleyasının 81-ci sessiyası yalnız qlobal gündəlikdə duran mühüm məsələlərin müzakirə edildiyi beynəlxalq platforma kimi deyil, həm də dövlətlər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı baxımından mühüm imkanlar yaradan diplomatik müstəvi kimi yadda qalır. Sessiya çərçivəsində müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, xarici işlər nazirlərinin və digər yüksək səviyyəli rəsmilərin keçirdiyi görüşlər beynəlxalq münasibətlərdə qarşılıqlı təmasların intensivləşməsinə şərait yaradır. Belə görüşlər zamanı siyasi, iqtisadi, enerji, təhlükəsizlik, humanitar və digər sahələr üzrə əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilir, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir.

Baş Assambleyanın əsas xüsusiyyətlərindən biri də dünyanın müxtəlif regionlarını və siyasi mövqelərini təmsil edən dövlətləri eyni platformada bir araya gətirməsidir. Burada keçirilən çoxsaylı görüşlər, danışıqlar və təmaslar dövlətlərə bir-birinin mövqelərini daha yaxından öyrənmək, fikir ayrılıqlarının diplomatik yollarla müzakirəsinə imkan yaratmaq və qarşılıqlı maraq doğuran məsələlər üzrə anlaşma axtarmaq imkanı verir.

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında Birgə Kommünike imzalanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da sessiya çərçivəsində mühüm görüşlər keçirib. C.Bayramov Mərkəzi Afrika Respublikasının xarici işlər, frankofoniya və xaricdəki mərkəzi afrikalılar üzrə naziri Silvi Baypo-Temon ilə görüşüb. Tərəflər ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edib, Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin gücləndirilməsinə, həmçinin siyasi, iqtisadi, mədəni, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinə verdiyi strateji əhəmiyyəti vurğulayıblar. Həmçinin BMT, Afrika İttifaqı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərinə nəzər salınıb. Nazirlər Mərkəzi Afrika Respublikasından olan tələbələrin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təhsil təqaüdü proqramlarından yararlanmasını məmnunluqla qeyd ediblər. Bu yeni diplomatik əlaqələri rəsmiləşdirmək məqsədilə nazirlər “Azərbaycan Respublikası ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike”ni imzalayıblar.

Bundan başqa, xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiç ilə görüşüb. Görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini, siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Nazirlər ikitərəfli əlaqələrin irəlilədilməsində yüksəksəviyyəli təmasların, siyasi dialoqun və parlamentlərarası əlaqələrin, eləcə də Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurası, Hökumətlərarası Komissiya və xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr kimi əsas mexanizmlərin mühüm rolunu vurğulayıblar.

BQXK ilə Azərbaycan arasında əməkdaşlıq

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç ilə görüşərək Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələlərini müzakirə edib. Tərəflər Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin hazırkı vəziyyəti, keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində səylər və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin həyati əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Azərbaycan beynəlxalq humanitar hüquq və humanitar prinsiplərə sadiqliyini bir daha təsdiqləyib və qarşılıqlı maraqlara əsaslanan dialoqun vacibliyini vurğulayıb.

XIN rəhbəri BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Konqresinin üzvü Co Uilson ilə də görüşüb. Tərəflər Azərbaycan- ABŞ strateji münasibətlərinin perspektivləri, eləcə də uzunmüddətli regional təhlükəsizliyin, sülhün və sabitliyin təşviqi məqsədilə ABŞ Konqresi ilə institusional əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Görüş zamanı Azərbaycanın regionda əsas roluna xüsusi diqqət yetirilib.

Belarusla konsulluq məsələləri üzrə əməkdaşlıq...

Ceyhun Bayramov Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşərək, Azərbaycan-Belarus strateji tərəfdaşlığını və onun gələcək inkişaf perspektivlərini müzakirə edib. Tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksəksəviyyəli siyasi dialoqun və hər iki ölkənin liderləri arasındakı təmasların, eləcə də ticarət-iqtisadi əməkdaşlığın inkişafında Birgə Hökumətlərarası Komissiyanın mühüm rolunu vurğulayıblar. Həmçinin BMT, MDB, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalar çərçivəsində sıx əlaqələndirmənin əhəmiyyəti qeyd olunub.

İkitərəfli danışıqlardan sonra nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Planı”nı imzalayıblar. Bundan əlavə, tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsələləri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu da imzalayıblar.

Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə də görüşüb. Nazirlər ikitərəfli gündəliyi nəzərdən keçirib, Azərbaycan-Aİ münasibətlərini müzakirə edib, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran məsələlər daxil olmaqla, əsas regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan-Aİ əməkdaşlıq gündəliyi müzakirə edilib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində kiprli həmkarı Konstantinos Kombos ilə də görüşüb. Tərəflər siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar, həmçinin Azərbaycan-Aİ əməkdaşlıq gündəliyi, regional proseslər, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi istiqamətindəki səylər ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov həmçinin Baham adalarının xarici işlər naziri Fred Miçell ilə görüşüb. Tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar, strateji dialoqun qurulmasının və qarşılıqlı faydalı əməkdaşlığın yeni sahələrinin araşdırılmasının vacibliyi vurğulanıb.

Səmərəli müzakirələrin yekununda nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Baham Adaları Birliyinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu”nu imzalayıblar. Bu sənəd müntəzəm diplomatik təmasları təşviq edəcək və ikitərəfli tərəfdaşlığın inkişaf etdirilməsi üçün möhkəm zəmin rolunu oynayacaq.

TRIPP davamlı regional sülhə töhfə verəcək...

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ABŞ hökuməti tərəfindən təşkil olunmuş “Sülh yolu ilə rifah: Trans-Xəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edərək, Azərbaycanın iqtisadi artımın, dayanıqlı təchizat zəncirlərinin və yeni investisiya imkanlarının hərəkətverici qüvvəsi kimi daha güclü regional əlaqələrə dair baxışını vurğulayıb. Tədbirdə əlaqəlilik, sülh quruculuğu və rifahı özündə birləşdirən layihə kimi TRIPP-ə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, tarixi Vaşinqton sammitinin əsas nəticələrindən biri olan TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal əlaqəni təmin edəcək, daha geniş əlaqəliliyi gücləndirəcək və davamlı regional sülhə töhfə verəcək. Nazir layihənin həyata keçirilməsi prosesində ABŞ-ın göstərdiyi səylərə görə minnətdarlığını bildirib. Ceyhun Bayramov, həmçinin TRIPP-in regional enerji əlaqəliliyinin və şaxələndirilməsinin inkişaf etdirilməsi potensialını vurğulayıb. Bundan əlavə nazir Azərbaycanın Bakı Limanı və Ələt Azad İqtisadi Zonası əsasında formalaşan inteqrasiya olunmuş nəqliyyat və logistika qovşağına davamlı investisiyalarını qeyd edib. O, rəqəmsallaşmanın, sadələşdirilmiş logistika və gömrük prosedurlarının, eləcə də tərəfdaşlar arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayaraq, xüsusilə Qazaxıstan, Türkiyə və Gürcüstanla uğurlu əlaqələndirmə yol xəritələrini qeyd edib.

Mali və Dominikan ilə Azərbaycan arasında anlaşma memorandumları imzalanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə də görüşüb. Görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə regional və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

Nazirlər, həmçinin çoxtərəfli platformalar çərçivəsindəki fəaliyyətləri, o cümlədən oktyabr ayında Azərbaycanda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısı və gələn il keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısı ilə bağlı məsələləri müzakirə ediblər. Bundan əlavə, nazirlər geniş Yaxın Şərq regionundakı mürəkkəb vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Xarici işlər naziri Ceyhun Bayramov Dominikan Respublikasının xarici işlər naziri İto Bisono ilə görüşüb. Nazirlər münasibətlərin inkişaf perspektivlərini müzakirə edib və iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusionallaşmasının vacibliyini vurğulayıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi perspektivlərini qeyd ediblər. Görüşdən sonra nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbindən qarşılıqlı azad etmə haqqında Saziş”i imzalayıblar.

Bundan əlavə, tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Dominikan Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”nu imzalayıblar. Bu yeni sazişlər institutsional çərçivənin genişləndirilməsinə və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.

Ceyhun Bayramov Malinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdoulaye Diop ilə də görüşüb. Tərəflər Azərbaycan ilə Mali arasında münasibətlərin mövcud vəziyyəti və perspektivlərini müzakirə edib, xüsusilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və ikitərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məsələlərinə diqqət yetiriblər. BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin vacibliyi, eləcə də Azərbaycanın Afrika ölkələri və Afrika İttifaqı ilə əlaqələri genişləndirmək əzmi vurğulanıb. Ətraflı müzakirələrdən sonra nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Mali Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu”nu imzalayıblar. Bu mühüm sənəd institusional əlaqələrin gücləndirilməsinə və ölkələr arasında ardıcıl, müntəzəm siyasi dialoqun təmin edilməsinə xidmət edəcək.

SADİQ

Paylaş:
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Gündəm

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30