Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Transxəzər Nəqliyyat Dəhlizi artıq reallıqdır

Transxəzər Nəqliyyat Dəhlizi artıq reallıqdır

24.09.2026 [10:19]

Azərbaycan və Çin arasında “Beynəlxalq avtomobil daşımaları haqqında” Saziş imzalanıb

Sentyabrın 22-də Pekində “Qlobal Dayanıqlı Nəqliyyat Forumu - 2026” çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə Yüksəksəviyyəli görüş keçirilib. Çin, Qazaxıstan, Türkiyə və digər ölkələrin hökumət heyətlərinin qatıldığı tədbirdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yanq Te Kim bildirib ki, “Kəmər və Yol” təşəbbüsü regionda siyasi və iqtisadi dialoqun möhkəmlənməsi, çoxşaxəli infrastrukturların əlaqələndirilməsi, ticarətin genişləndirilməsi və xalqların rifahının yaxşılaşması kimi elan edilmiş prioritetlərə çatmaqda mühüm rol oynamaqdadır. Həmin təşəbbüsün əsas strateji istiqamətlərindən biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu quruculuğu uğurla irəliləməkdədir. Orta Dəhliz ailəsinə daxil olan ölkələr arasında nəqliyyat bağlantılarının əlaqələndirilməsi, logistikaların modernləşdirilməsi dəhlizin əhəmiyyətini daha da artırır.

Ümumilikdə rəsmi Pekin Orta Dəhlizin beynəlxalq əhəmiyyətini müasir geosiyasi reallıqlar fonunda qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaldan mühüm faktor kimi qiymətləndirir.

Baş nazirin müavini Şahin Mustafayev tədbirdə çıxışı zamanı Orta Dəhlizin Şərq ilə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyətindən, Azərbaycan və Çin arasında yükdaşımaların həcminin artırılmasından, tranzit imkanlarının genişləndirilməsindən bəhs edib. Bildirilib ki, forum nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm rol oynayır.

Tədbir çərçivəsində Çin və Azərbaycan arasında nəqliyyat layihələrinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin mübadiləsi həyata keçirilib.

Orta Dəhlizin daşınma gücü artırılır

2025-ci ilin iyun ayında Transxəzər marşrutu ilə ilk Çin-Avropa qatarının Pekindən Bakıya yola düşməsi bu marşrutun qlobal əhəmiyyətini gücləndirib. Şimal-Qərbi Çin-Aktau-Bakı xətti ilə hərəkət edən qatarların Ələt limanına və sonra digər region ölkələrinə çatdırılması “dəmir yolu-dəniz-dəmir yolu” multimodal xəttinin rentabelli istifadəsini təmin edib. 8 min km-dən çox məsafə və 15 günlük vaxt intervalı dəhlizin iqtisadi faydalılığını əks etdirib. Bir ildən artıqdır ki, Bakıdan Gürcüstan, Türkiyə, Serbiya və digər ölkələrə daşınan malların həcminin ardıcıl artması Orta Dəhlizin Çin-Avropa beynəlxalq yükdaşıma dəhlizinə çevrildiyini təsdiqləyir.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Qazaxıstan və Azərbaycan hökumətləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun nəqliyyat-logistika infrastrukturunu gücləndirmək məqsədilə Ələt limanında intermodal yük terminalının yaradılması barədə razılıq əldə edib. Tərəflər yük axınlarının idarə edilməsi üzrə vahid sistemin yaradılması, logistika infrastrukturunun sinxron inkişafı, limanların gücünün genişləndirilməsi və donanmanın inkişaf etdirilməsi barədə niyyət protokolu imzalayıb. Qazaxıstan Dəmir Yolları İdarə Heyətinin sədr müavini Yerlan Koyşibayev bildirib ki, intermodal yük terminalının yaradılması nəqliyyat infrastrukturunun imkanlarını genişləndirməklə, Çin, Qazaxıstan və Azərbaycanın logistika habları arasında qarşılıqlı əlaqəni gücləndirəcək.

Orta Dəhliz ortaq iqtisadi həmrəylik körpüsüdür

2026-cı ilin ötən 8 ayı ərzində Orta Dəhliz üzrə tranzit daşımalarının həcmi 38 min TEU-nu (380 konteyner qatarı) ötüb. 2025-ci ilin analoji dövrü ilə müqayisədə konteynerlərlə daşımaların həcmi 50,5 faiz, konteyner qatarlarının sayı isə 82,9 faiz  artıb.

Orta Dəhliz hazırda Çin və Cənub-Şərqi Asiyanı Avropa ilə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirən nəhəng quru-dəniz nəqliyyat-logistika habı kimi qlobal nəqliyyat ailəsinin xüsusi diqqətini cəlb etməkdədir. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılan dəhlizə digər ölkələr də qoşulub.

Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Avropaya qədər uzanır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner tutumu 865 min TEU-ya yüksələcək. Bu, Azərbaycan üçün yalnız müvəqqəti alternativ və ya ehtiyat planı deyil, həm də qlobal ticarət üçün uzunmüddətli, davamlı bir yoldur.

Avropa İttifaqı da Orta Dəhlizə qoşulur

Avropa ölkələri də Orta Dəhliz ailəsinə qoşulmaq üçün öz nəqliyyat infrastrukturlarını inteqrasiya etmək yönündə addımlar atmağa başlayıb. Bolqarıstanın Qara dənizdəki Varna və Burqas limanlarının Orta Dəhlizdə birləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı Bolqarıstan Prezidenti Rumen Radev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Qazaxıstan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində razılaşma əldə edilib.Tərəflər Burqas və Varna dəniz limanlarının Qazaxıstanın strateji nəqliyyat-ticarət marşrutlarına inteqrasiyası üçün birləşdirici dəhliz layihəsi üzərində işləməyə razı olduqlarını bəyan ediblər. Həmçinin, Sloveniya da nəqliyyat şəbəkəsini Orta Dəhlizə birləşdirmək yönündə praktiki addımlar atmaqdadır. Sloveniya hökuməti Şərqlə ticarət əlaqələrini genişləndirmək niyyətini bəyan edib. Macarıstan və Rumıniya nəqliyyat infrastrukturlarını şaxələndirərək bu dəhlizə qoşmağı düşünür.

Ümumilikdə, Orta Dəhlizdə daşınmaların həcminin və dəhlizin geoiqtisadi əhəmiyyətinin artması Avropa İttifaqının da marağını bu bölgəyə daha çox fokuslayıb, Avropanın əksər ölkələri Mərkəzi Asiya-Xəzər -Avropa coğrafiyasına xüsusi önəm verərək bu bölgənin nəqliyyat infrastrukturlarının yenilənməsinə dəstək niyyətlərini bəyan edirlər.

Növbəti mərhələdə isə Zəngəzur dəhlizi də bu nəqliyyat sxeminə qoşula bilər. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Ona görə də Çin hökuməti də Zəngəzur dəhlizinin perspektivdə Transxəzər Beynəlxalq Nəqliyyat koridoruna inteqrasiyasını mümkün hesab edir.

“Qlobal Dayanıqlı Nəqliyyat Forumu - 2026”nın yekununda dayanıqlı nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı əlaqələrin gücləndirilməsini nəzərdə tutan Pekin Təşəbbüsü qəbul edilib. Tərəflər bəyan ediblər ki, forum ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Transxəzər Nəqliyyat Dəhlizinin əhəmiyyətinin daha da artması baxımından mühüm əhəmiyyət kəsb edir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30