Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 72-ci əfv...

72-ci əfv...

25.09.2026 [12:18]

İnsana, onun taleyinə və cəmiyyətə münasibəti göstərən mühüm humanist addım

Azərbaycanın dövlət siyasətində humanizm, insan hüquq və azadlıqlarına hörmət, cəmiyyətin müxtəlif təbəqələrinə qayğı göstərilməsi mühüm prinsiplərdən biri kimi çıxış edir. Bu yanaşmanın konkret ifadələrindən biri də mütəmadi olaraq imzalanan əfv sərəncamlarıdır. Əfv yalnız hüquqi nəticə doğuran qərar deyil, eyni zamanda dövlətin insana, onun taleyinə və cəmiyyətə münasibətini göstərən mühüm humanist addımdır. Hər bir əfv sərəncamının arxasında konkret insan taleyi, ailə münasibətləri və yenidən həyata qayıtmaq imkanı dayanır.

Əfv qərarları cəza siyasətinin yalnız məsuliyyət və məhdudiyyətlərdən ibarət olmadığını, burada islah, bağışlama və cəmiyyətə reinteqrasiya kimi humanist prinsiplərin də mühüm yer tutduğunu nümayiş etdirir. Dövlət bir tərəfdən qanunun tələblərinin təmin olunmasına çalışırsa, digər tərəfdən müəyyən hallarda şəxslərin davranışını, peşmanlığını, ailə və sosial vəziyyətini nəzərə alaraq onlara yeni imkan yaradır. Bu baxımdan əfv sərəncamları hüquqi məsuliyyətlə humanizm arasında mühüm bir tarazlıq yaradır.

Yeni Sərəncamla...

Qeyd edək ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Prezidenti azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 19 şəxsin cəzasının çəkilməmiş hissəsindən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 şəxsin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi haqda qərar qəbul edib.

Ali dəyərə söykənən qərar...

Azərbaycan dövlətinin yürütdüyü dövlət siyasəti hər zaman humanizm və bu kimi, yüksək ali dəyərlərə söykənib. Bunun nəticəsidir ki, yüksək hüquqi dövlət quruculuğu prosesi keçmiş ölkəmizdə insan hüquq və azadlıqlarına hörmət, bağışlanma kimi yüksək dəyərlərə istinad hər zaman aktuallığını qoruyub. Bir sözlə, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin humanizm ideyalarına böyük önəm verməsi və buna uyğun addımlar atılması vətəndaş həmrəyliyinə, insanların dövlətə inam və etimadının artmasına xidmət edib.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilib. 1995-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən 32 əfv fərmanı, 2003-2026-cı illərdə İlham Əliyev tərəfindən 40 əfv sərəncamı 1995-ci ildən 2026-cı ilə qədər 13 amnistiya aktı imzalanıb ki, sonuncusu 2025-ci ilin dekabrında imzalanan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyadır. Bir faktı qeyd edək ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiya olub.

Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktı qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib.

Fransa dövləti alqışlayır...

Budəfəki Sərəncamda əfv edilən şəxslərdən biri də 2023-cü ilin dekabrından etibarən saxlanılan Fransa vətəndaşı Martin Ryandır. Ryan  Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 16 mart 2026-cı il tarixdə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Prezident İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli əfv sərəncamı ilə əfv olunub. Yeri gəlmişkən, Fransa Azərbaycanda 2023-cü ilin dekabrından etibarən saxlanılan Fransa vətəndaşı Martin Ryanın Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi qərarını məmnunluqla qarşılayıb. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bu qərarın humanitar xarakter daşıdığı vurğulanıb və Fransa tərəfinin həmin addımı alqışladığı bildirilib. “Azərbaycan Prezidentinin əfv qərarı iki ölkə arasında diplomatik təmasların davam etdirilməsi baxımından mühüm humanitar addımdır”, - deyə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

İnsan taleyinə həssas yanaşma...

Əfv edilən şəxslərin ailələrində yaşanan sevinc də bu prosesin ictimai əhəmiyyətini göstərən amillərdəndir. Uzun müddət doğmalarından ayrı düşən insanların ailələrinə qayıtması, valideynlərin övladına, həyat yoldaşlarının bir-birinə, uşaqların valideynlərinə qovuşması dövlətin humanist siyasətinin cəmiyyət üçün real nəticəyə çevrildiyini göstərir. Belə qərarlar həm də cəmiyyətdə mərhəmət, bağışlama və sosial həmrəylik dəyərlərinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycanın dövlətçilik tarixində əfv institutunun ardıcıl şəkildə tətbiq olunması da bu siyasətin təsadüfi xarakter daşımadığını göstərir. Xüsusilə dövlət əhəmiyyətli tarixi hadisələr və əlamətdar günlər münasibətilə imzalanan sərəncamlar humanizm ənənəsinin davam etdirildiyini nümayiş etdirir. Burada əsas məqam ondan ibarətdir ki, dövlət yalnız qanun pozuntusuna görə cəza tətbiq edən institut kimi deyil, bağışlamağı, ikinci şans verməyi və insanı cəmiyyətə yenidən qazandırmağı bacaran sosial institut kimi də çıxış edir.

Göründüyü kimi, demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının müdafiəsinə dövlət tərəfindən hər zaman xüsusi həssaslıqla yanaşılır. Qeyd olunan sahəyə böyük diqqət və yüksək sayğı göstərilir ki, bu da cəmiyyətimizdə humanizm ənənələrinin hərtərəfli təşəkkül tapmasına və daha da möhkəmlənməsinə rəvac verir. Fərəhləndirici və qürurverici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər bir istiqamətdə, o cümlədən sözügedən sahədə ardıcıl uğurlar əldə olunur ki, bütün bunlar da Azərbaycanın və xalqımızın parlaq, daha da möhkəmlənən milli birliyinin təmin edildiyi gələcəyini şərtləndirir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Gündəm

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30