Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Müsavat Partiyasında qurultay şoku - bir addım irəli, iki addım geri...

Müsavat Partiyasında qurultay şoku - bir addım irəli, iki addım geri...

30.09.2014 [09:13]

Bu qurultay seçki saxtakarlığı, partiyadaxili qruplaşmaların bir-birinə açıq savaş elan etməsi, İsa Qəmbərin gülünc “namizədlik” şousu ilə müşayiət olundu
Axır ki, uzun illərdən sonra Müsavat Partiyasının qurultayı keçirildi. Əslində, bu qurultay partiya daxilindəki bir sıra subyektiv “problemlər”ə, ən əsası isə keçmiş partiya sədri İsa Qəmbərin bu məsələ ətrafında oynadığı manipulyativ oyunlara son qoymalı idi. Amma nəticə və qurultayda baş verənlər partiya daxilində yeni “oyunlar”a start verildiyini göstərir. Yəni, ilk baxışdan “dəyişiklik” kimi görünən prosesi yalnız İ.Qəmbərin başqa cilddə yenidən partiyanın başında qalması kimi dəyərləndirmək olar.
Vurğulamaq lazımdır ki, sentyabrın 27-də baş tutan qurultayda sədrlik uğrunda gedən mübarizədə İ.Qəmbərin “namizədi” hesab edilən Arif Hacılı 228 səslə öz rəqibi Qubad İbadoğlunu 28 səs qabaqladı. Bu isə qarşıdakı dövrdə Müsavat Partiyasında pardiyadaxili savaşın daha da güclənməsinə rəvac verdi.
Arif Hacılının partiya sədri seç(dir)ilməsi nəyə xidmət edirdi?
İlk olaraq qeyd edilməlidir ki, 2010-cu ildən bəri yubadılan qurultay, guya, ümumi şəkildə mühüm dəyişikliyə “xidmət etməli” idi. Amma son 4 ildə baş verənlər məhz bu qurultayın məntiqi sonluğuna hazırlıq prosesi də adlandırıla bilər. Belə ki, 4 il öncə İ.Qəmbərin postuna daha çox iddialı vardı. Məsələn, partiyanın qurulmasında xidmətlər göstərən Sülhəddin Əkbər İ.Qəmbərin postunun ən real namizədi sayılırdı. 4 il ərzində İ.Qəmbər ona tabe olmayacaq xələflərinin zərərsizləşdirilməsi üçün bütün işləri gördü. Bir neçə gün öncə sədrlik təyinatı almış A.Hacılının əli ilə öz rəqiblərini sıradan çıxaran İ.Qəmbər bu yolla “postsədrlik” dövründə də “Müsavat”a nəzarəti əldən vermək niyyətində olmadığını ortaya qoyurdu.
Maraqlıdır ki, hələ seçkiyə bir müddət qalmış İ.Qəmbərin partiya lideri olaraq fəaliyyətini davam etdirməsi məsələsi ortaya çıxmışdı. Və bu məsələyə ən sərt reaksiyalar da bu gün məğlub durumda qalmış namizədlərdən gəlmişdi. A.Hacılının bu məsələdə loyallıq nümayiş etdirməsi onun keçmiş sədrlə hansısa məsələləri razılaşdırmasından xəbər verirdi. Liderlik məsələsinin reallaşmaması isə A.Hacılının sədr təyinatını daha da “qaçılmaz” etdi. Belə demək mümkündürsə, İ.Qəmbər A.Hacılını öz kürsüsünə oturdaraq partiya idarəçiliyini, daha doğrusu, partiyaya xarici anti-azərbaycançı təşkilatlardan gələn pul axınını yenidən öz nəzarətinə götürdü...
“Müsavatsayağı demokratiya” budurmu?
İllərdir “demokratiyadan” danışan, bu barədə pafoslu yalanlarla dil-boğaza qoymayan Müsavat Partiyası və onun rəhbərliyində təmsil olunan “siyasətçilər” qurultayda keçirilən başqanlıq seçkisində öz kimliklərini bir daha cəmiyyətə nümayiş etdirdilər. Elektron KİV-lərdə yayılan videokadrlarda da seçki saxtakarlıqları, qurultay nümayəndələrinin heç bir qaydaya əməl etməməsi, insanların seçki qutularının yerləşdirildiyi “gizli kabinetlərdə” iki-iki, üç-üç səs verməsi, bülletenlərin toplu halda verilməsi kimi hallar açıq-aşkar görünür. Hətta keçmiş başqanın “cangüdən”lərinin seçkiyə müdaxiləsi, KİV təmsilçilərinə hədə-qorxu gəlməsi də bu “demokratiya”nın maraqlı ştrixlərindən sayıla bilər. Belə demək mümkündürsə, “gizli” sayılan seçkinin nəticələri hələ insanların toplu şəklində, “məsləhətləşərək” və ya “təlimatlandırılaraq” səs verməsindən öncə artıq hər kəsə bəlli idi. Yəni, burada azad seçkidən, qurultay nümayəndələrinin iradəsindən və ya şəffaflıqdan söhbət belə gedə bilməz. Bunu “müsavat”çılar özləri də etiraf edirlər. Bir partiya sədri seçkisində şəffaflığa riayət edə bilməyənlər görəsən, hansı demokratiyadan danışır? Və ya “Müsavat”ın illərdir ki, “təbliğ etdiyi” “Müsavatvari demokratiya” bu idimi?
“Müsavat”ın qurultayında genişmiqyaslı seçki saxtakarlığı baş verib...
Baş verən saxtakarlıqların miqyası o qədər böyük olub ki, bu “cidanı çuvalda gizlətmək” mümkünsüzdür. Elə, qurultaydan sonra A.Hacılının əsas rəqibi sayılan Q.İbadoğlunun açıqlamaları da bu faktı təsdiqləyir. Q.İbadoğlu bildirib ki, “Müsavat”a başqan seçkilərində ədalətlilik prinsipi pozulub. Onun sözlərinə görə, nə özü, nə də tərəfdarları “Müsavat”da heç bir seçkili orqanlarda təmsil olunmaq niyyətində deyillər: “İndi burada başlarını aşağı salıb oturublar, amma rayon təşkilatlarının sədrləri bilirlər ki, kimlər zəng vurub deyirdilər ki, İsa Qəmbər filan namizədi dəstəkləyir, siz də ona dəstək olun. Təəssüf ki, mən bu insanları tanımamışam, seçki prosesi mənə bu adamları tanıtdı. Seçkidə ədalətlilik prinsipi pozulub”.
Q.İbadoğlu rayon təşkilatlarının qurultaya nümayəndə seçkisində də saxtakarlıq olması faktını açıqlayıb: “Müsavat” qurultay nümayəndələri arasında Gənclər Təşkilatının cəmi iki üzvü vardı. Çünki əvvəldən prosesin necə olacağı bilinirdi. Divan üzvləri Hökumə İbrahimli, Məryəm Oruclu və Vurğun Əyyub kimi şəxslərin adı qurultay nümayəndələrinin siyahısına daxil edilməyib. Çünki onların mövqeyi məlum idi”.
Vurğulamaq lazımdır ki, Q.İbadoğlunun bu çıxışı qurultayda çaxnaşma yaradıb və artıq ikiyə bölünmüş partiya üzvləri bir-birlərinə sərt sözlər deyiblər, müdaxilə nəticəsində aranı sakitləşdirmək mümkün olub. Q. İbadoğlu isə yeni başqan Arif Hacılını nəzərdə tutaraq: “Öz komandanız var və mən sizə uğurlar arzu edirəm”, - deyib.
Bu arada, partiyanın qurucularından sayılan Vurğun Əyyub da qurultayda baş verən seçki saxtakarlığından danışıb və seçkinin nəticələrini tanımadığını bəyan edib. Onun sözlərinə görə, seçki zamanı ədalətsizliyə yol verilib: “Hesab edirəm ki, seçkilərin keçirilməsində qüsurlara və ədalətsizliyə yol verildi. Bu da keçirilən seçkilərin nəticələrinin legitimliyini şübhə altına alır”.
V.Əyyub hətta yeni seçilmiş sədr Arif Hacılını təbrik etməyəcəyini də deyib: “Legitimliyi şübhə altında olan başqanı mən heç vaxt təbrik etməyəcəyəm. Məclis üzvlüyünə kimlərin seçilməsi barədə məlumatım yoxdu. Məndə olan faktlara görə, seçkilərin nəticələrinin legitimliyi şübhə altındadır. Bu istiqamətdə faktlar getdikcə toplanır”.
Artıq şərhə ehtiyac qalmır. Çünki saxtakarlıqdan danışanlar uzun illərdir ki, bu partiyaya xidmət edən və “Müsavat”ı quran şəxslərdir...
İsa Qəmbərə gülünc namizədlik “vədi” və ya razılaşmanın daha hansı müddəaları mövcuddur?
Bu qurultay “Müsavat”ın daha bir gülünc qərarına imza atıb. Belə ki, qurultayın gedişində özünü kürsüyə “yetirən” Arzu Səmədbəyli (İ.Qəmbərin liderlik oyununu da o, çıxarmışdı) İ.Qəmbərin 2018-ci ildə keçiriləcək prezident seçkilərində Müsavat Partiyasının namizədi olacağını (!?) bildirib. Qurultay iştirakçıları isə bu “təklif”i qəbul ediblər.
Əslində, bu faktın arxasında bir sıra məsələlər durur. Belə ki, birincisi, bu fakt öz-özlüyündə Müsavat Partiyasında qarşılıqlı etimadsızlıq mühitinin olduğunu göstərir. İ.Qəmbərin indidən özünə “namizədlik vədi” alması sübut edir ki, o, illərdir başçılıq etdiyi partiyanın sözünün üstündə dayanmasına şübhə ilə yanaşır. Bu baxımdan, baş verənlər Azərbaycan siyasətində hər zaman çatışmazlıqları və ya gülünc addımları ilə “seçilən” radikal düşərgənin hansı vəziyyətdə olduğunu növbəti dəfə hər kəsə bəyan etdi.
Bundan başqa, İ.Qəmbərin “tələm-tələsik” 2018-ci il prezident seçkilərinə namizəd elan edilməsi “Müsavat” başqanlığına namizəd Q.İbadoğlunun dediklərini təsdiqləyir. Belə ki, İ.Qəmbər tərəfindən A.Hacılının sədr təyinatının bir şərtinin də məhz bu “namizədlik” məsələsi olması artıq şübhə yaratmır. Sadəcə, İ.Qəmbərin hətta öz yetirməsi olan A.Hacılıya belə etimad göstərməməsi, daha doğrusu, inanmaması bu məsələnin 4 il qabaqcadan dilə gətirilməsini şərtləndiribmiş...
PƏrviz

Paylaş:
Baxılıb: 1300 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30