Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsrail-Fələstin münaqişəsi: silahlar susacaqmı?

İsrail-Fələstin münaqişəsi: silahlar susacaqmı?

08.08.2014 [09:37]

Qəzzada İsrail ordusu hərbi əməliyyatlarını dayandırır. Rəsmi Təl-Əviv bəyan edir ki, “Həmas”ın inşa etdiyi yeraltı keçidlərin hamısı məhv edilib. Ordu rəhbərliyi hərbi qüvvələrin Qəzzanın sərhədlərindən kənarda yerləşdirildiyini və müdafiə mövqeyi tutduğunu bildirir. Qərbin böyük dövlətləri İsrailin bu addımlarını dəstəkləməkdə davam edirlər. Eyni zamanda, dinc fələstinlilərin həlak olmasından narahatlıqlarını gizlətmirlər. Ancaq onlar tərəfindən fələstinlilərin müdafiəsi üçün konkret addım atılmır. Regionun böyük dövlətlərindən yalnız Türkiyənin ardıcıl və qətiyyətli fəaliyyət göstərməsi müşahidə edilir. Digərlərinin diplomatik, siyasi və ya hərbi aktivliyi gözə dəymir. Bütün bunların fonunda İsrail-Fələstin münaqişəsinin geosiyasi proseslərə təsiri aktuallıq kəsb edir.
Yaxın Şərqdə geosiyasi labirint: Qəzzadan çıxış yolu varmı?
İsrail-Fələstin münasibətlərinin yenidən kəskinləşməsinə dünyanın siyasi dairələri çox həssas reaksiya verdilər. Ekspertlər baş verənlərin yalnız regional miqyasla məhdudlaşmayacağı qənaətindədirlər. Təl-Əvivin Qəzzaya qarşı sərt hərbi tədbirlərə əl atmasını qlobal geosiyasətdə müşahidə edilən məzmun dəyişikliyi ilə əlaqələndirən analitiklər də var. Dünyanın böyük dövlətləri problemin həll edilməsi üçün diplomatik fəallıqlarını artırıblar. İyulun 26-da ABŞ, Türkiyə, Qətər, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Avropa İttifaqı nümayəndələri Parisdə məsələni müzakirə ediblər. Onlar atəşkəs əldə edilməsi üçün fikir mübadiləsi aparıblar.
Lakin həmin görüşdə fikir ayrılığı özünü göstərib. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer “İsrail sahilləri boşdur” cümləsi ilə yəhudilərin vəziyyətinin çıxılmaz olduğunu demək istəyib. Buna cavab olaraq Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə “sahillər boş deyil, fələstinli uşaqların cəsədləri ilə doludur” söyləyib (bax: Bakan Davutoğlu’nu kızdıran sözler / “Habertürk”, 29 iyul 2014).
KİV bu qısa dialoqa Qərblə Türkiyənin problemə yanaşması arasındakı fərqin ifadəsi kimi baxır. İsrailin çəkinmədən uzun müddət intensiv olaraq Qəzzanı bombalaması və sonra yerüstü hərəkata başlamasının əsas səbəbini də, onun gizli olaraq Qərb tərəfindən dəstəklənməsində görürlər. Əslində isə, ABŞ və Avropa ölkələri Təl-Əvivin hərəkətlərinə haqq qazandırdıqlarını söylədikləri fikirlərdə vurğulayırlar. Onlar İsrailin özünü müdafiə haqqının olduğunu və bu əsasda da Qəzzadaki yeraltı tunelləri tam məhv etmək məcburiyyətində qaldığını açıq söyləyirlər. Həmin məqamları, konkret olaraq Barak Obama, Con Kerri, Angela Merkel və digər Qərb liderlərinin sözlərində görmək olar.
Maraqlıdır ki, israilliləri Qərbin belə bir mövqeyi də qane etmir. Onlar B.Obama və C.Kerrinin atəşkəslə bağlı atdıqları addımları sərt tənqid ediblər. Təl-Əviv hesab edir ki, başda ABŞ olmaqla Qərb dünyası tamamilə İsrailin marağını müdafiə etməlidir. Buna Vaşinqton sərt reaksiya verib. ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki mətbuat konfransında İsrail tərəfdən olan iradları nəzərdə tutaraq “tərəfdaşlar və müttəfiqlər bir-birinə qarşı belə hərəkət etməzlər” və “çox təəssüfləndik” kimi ifadələr işlədib (bax: ABD İsrail’den gelen eleştirilere sert tepki gösterdi / “Anadolu Ajansı”, 29 iyul 2014).
Görünür, burada Qərb ölkələrinin ikili mövqeyindən qaynaqlanan ziddiyyətlərə diqqət yetirmək gərəkdir. Məsələ ondan ibarətdir ki, böyük dövlətlər qətiyyətli fikir bildirməyəndə qarşı tərəfin onlara olan inamı azalır. Münaqişə edən tərəflərdən hər hansı birini konkret geosiyasi və siyasi meyar olmayanda müdafiə etmək cəhdi çoxlu suallar doğurur. ABŞ İsrailə, obrazlı desək, “vurmağa haqqın var” deyir, fələstinlilərə isə “dinc əhalinin həlak olması doğru deyil” mesajını verir.
Yaranmış vəziyyəti məşhur amerikan filosofu Noam Çomski siyasi həssaslıqla xarakterizə edir. O deyir: “ABŞ müsəlmanlara bir daha xəyanət etdi... İsrailə hərbi, siyasi, diplomatik və ideoloji dəstək verməklə fələstinlilərin ölümündə səbəbkarlardan biri oldu... İsrailə qarşı güclü iradə nümayiş etdirən və haqsızlıqla açıq barışmayan yeganə ölkə Türkiyədir” (bax: Chomsky’den Türkiye’ye Filistin övgüsü / “Habertürk”, 25 iyul 2014).
Bunların fonunda BMT-nin mövqeyi maraqlıdır. Bu təşkilatın Baş katibi Pan Gi Mun tərəflərə müraciət edərək ilkin şərt olmadan silahlı toqquşmaları dayandırmağı təklif edib. Prezident Obama isə əlavə olaraq Böyük Britaniya, Fransa, Almaniya və İtaliya rəhbərləri ilə əlaqə saxlayaraq, Qəzzada atəşkəsə nail olmağın zəruriliyini vurğulayıb (bax: Obama’dan telefon diplomasisi / “Habertürk”, 28 iyul 2014). 5 ölkənin liderləri qeyd-şərtsiz atəşkəs elan etmək haqqında razılığa gəliblər.
Hazırda İsraillə Fələstinin “Həmas” və “İslam cihadı” hərəkatları arasında 72 saatlıq atəşkəs barədə qərar qəbul olunub. Qahirədə tərəflər daha uzunmüddətli sazişin bəndlərini müzakirə edirlər. Lakin İsrailin Qəzzanı darmadağın etməsindən sonra davamlı atəşkəsin tam mənada barışa hansı şərtlər çərçivəsində aparacağını müəyyən etmək çətindir.
Strateji məqsəd: mehriban qonşuluq, yaxud şəxsi iddialar?
Reallıqda vəziyyətin ciddiliyi atəşkəsə nail olmaqla ölçülmür. Siyasi liderlərin İsrail-Fələstin münaqişəsini danışıqlar vasitəsi ilə həll etmək istiqamətində fəallıq göstərmələri, şübhəsiz, müsbət haldır. Lakin prosesin geosiyasi, siyasi, diplomatik və hərbi aspektləri arasındakı sıx bağlılıq onun məzmununun kifayət qədər mürəkkəb olduğunu göstərir.
Burada bir ölkənin (İsrailin) geosiyasi və tarixi iddiaları ilə qlobal geosiyasətin müasir dinamikası, dinlərarası münasibətlər, “Ərəb baharı”ndan sonra regionda formalaşmış məzhəb ixtilafları, Yaxın Şərqin böyük dövlətlərinin nüfuz uğrunda mübarizəsi və s. kimi faktorları nəzərə almaq lazımdır. Mütəxəssislər “İsrail nəyə görə hücum etdi” sualına cavab axtaranda məhz yuxarıdakı məqamlar üzərində xüsusi dayanırlar (bax: məs., Vittorio Dan Segre. Nelle vie di Gaza c’e in gioco il futuro di Israele / “İl Giornale”, 22 iyul 2014 və Göktürk Tüysüzoğlu. İsrail Neden Saldırdı? / “TUİÇ Akademi” 20 iyul 2014).
Həmin prizmadan bir sıra amilləri ayrıca vurğulamaq lazım gəlir. Hər şeydən əvvəl, “Həmas”la “Fəth”in milli birlik hökuməti qurmaq məsələsində razılığa gəlmələri səbəb kimi göstərilir. Fələstinlilərin bu addımı, heç şübhəsiz, tarixi əhəmiyyət daşıyır. Onun arxasında isə “Həmas”ın “Müsəlman qardaşları”nın siyasi iflasından sonra səhnədə tək qalması dayanır. Bu vəziyyət “Həmas”ı bir qədər əvvəl uzaqlaşdığı İranla yaxınlaşmağa sövq edib (bax: Göktürk Tüysüzoğlu. Göstərilən məqaləsi).
Digər tərəfdən, Türkiyə və Qətərin “Həmas”a təsiri mövcuddur. Buradan müsəlman təşkilatların birləşmək arzusunun mövcudluğu nəticəsini çıxarmaq olar. Təl-Əvivi narahat edən əsas məsələ bundan ibarətdir. Ekspertlər həmin kontekstdə Netanyahu hökumətinin Fələstin lideri Mahmud Abbasa “koalisiya hökuməti qurmaqdan vaz keçin” mesajını göndərməsini konkret arqument kimi göstərirlər.
Müsəlman təşkilatların Suriya və İraqda ixtilaf içində olmaları məlumdur. Onlar məzhəb, siyasi və ideoloji mənsubluğa görə bir-biri ilə düşmənçilik edirlər. “İraq və Şam İslam Dövləti” (İŞİD) isə daha sərt davranır. Bu təşkilatın müsəlmanları qətlə yetirməkdə sərhəd tanımadığı məlumdur. İndi, hətta İŞİD döyüşçülərinin “İsrailə qarşı savaşacağıq” deməsi adi hal kimi qəbul edilmir.
Fələstində vahid ideoloji cəbhənin yaranmasını Təl-Əviv “güclü anti-İsrail cəbhəsi”nin formalaşması kimi qəbul edir. Hərbi aspektdə isə fələstinlilərin çoxlu sayda yeraltı keçidlər tikməsini təhlükə sayır. Bu yollarla “Həmas” Misirə çıxış əldə edir və eyni zamanda, İsrailə sızmaq şansı yaranır.
Ancaq Qərbdə heç də hamı İsrail-Fələstin münaqişəsinin kəskinləşməsini yuxarıda vurğulanan faktorlarla əlaqələndirmir. Məsələn, Fransanın “Slate.fr” nəşri yazır ki, “İsrail İranın tələsinə düşdü” (bax: Jacques Benillouche. Gaza: comment Israel est tombe dans le piege de l’Iran, via le Hamas / “Slate.fr”, 16 iyul 2014). Konkret deyilsə, Tehran Təl-Əvivin yeni İran raketlərinə göstərə biləcəyi müqavimətin səviyyəsini yoxlayır.
İtaliyalı ekspert Vittorio Dan Seqre isə vurğulayır ki, “bu, adi Yaxın Şərq münaqişəsi deyil: bu, bütün dünyanı tarazlıqdan çıxara biləcək barıt çəlləyidir” (bax: Vittorio Dan Segre. Göstərilən məqaləsi).
Belə görünür ki, İsrail-Fələstin münaqişəsi bu mərhələdə regional və qlobal miqyasda geosiyasi proseslərə ciddi təsir edə bilən faktora çevrilib. Yaxın Şərqdə dini ideologiyaya əsaslanan təşkilatların siyasi səhnədə yeri dəqiqləşir. Qərb onların anti-demokratrik obrazını yaratmağa çalışır. İsrail isə təşkilatların birləşməsini özünə qarşı birbaşa təhdid kimi görür.
Bunlar regionda geosiyasi mübarizənin faktiki olaraq yeni səviyyəyə qalxdığını göstərir. Düşünmək olar ki, fəaliyyətini islami ideologiya üzərində quran siyasi təşkilatlar öz aralarında ixtilafları aradan qaldırmaq mərhələsinə keçirlər. Hətta “Hizbullah” “Həmas”a yardım təklif edib. Bu proseslər bütövlükdə regionun geosiyasi mənzərəsini dəyişə bilər. O cümlədən, xaos və qeyri-müəyyənliyin artması özünü göstərər. Böyük dövlətlərin müsəlman təşkilatların sərbəst siyasi fəaliyyət göstərməsini həzm etməyə hazır olduğunu düşünmək isə sadəlövhlük olardı.
Newtimes.az

Paylaş:
Baxılıb: 1195 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30