Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistan: siyasi səriştəsizliyin nəticələri...

Ermənistan: siyasi səriştəsizliyin nəticələri...

28.08.2014 [09:46]

Rəsmi İrəvanın Soçi görüşündən sonra yaydığı bir sıra məntiqsiz və əsassız informasiyalar Ermənistanın xarici siyasətində ciddi problemlərin olduğunu bir daha nümayiş etdirdi. Prezident S.Sarkisyan öz uğursuz addımlarına haqq qazandırmaq üçün qarşı tərəfə şər-böhtan atmaqda davam edir. Bu zaman o, məntiqi olaraq ziddiyyətlərə yol açır. Aydın olur ki, erməni liderin reallığı duymaq, görmək və uyğun nəticələr çıxarmaq qabiliyyəti xeyli zəifdir. Ekspertlər bu barədə açıq fikir bildirirlər. Təhlillər göstərir ki, bütün bunlar İrəvanın regionda hələ də qeyri-konstruktiv rol oynadığını təsdiqləyir. Belə bir şəraitdə bölgə dövlətlərinin müəyyən tədbirlərə əl atması zərurətə çevrilir.
Yalan və diplomatiya: Sarkisyanın siyasi dilemması
Siyasətçi uduzduqda belə, təmkinini saxlamalı, siyasi etiketi gözləməlidir. Çətin vəziyyətdə hisslərinə qapılıb, razılaşmaları pozanların layiqli lider olması şübhə doğurur. Bu, siyasətçinin həm qeyri-peşəkarlığına, həm də haqsızlığına dəlalət edir. Çünki bu zəif cəhətlərini ört-basdır etmək üçün o, “məxfilik” adı altında saxlanan informasiyaları cəmiyyətə ötürür. Ermənistanın indiki prezidenti Soçi görüşündən sonra özünü məhz bu cür apardı. O, “Armnews” telekanalına verdiyi müsahibədə “təsadüfi dövlət başçısı” olduğunu nümayiş etdirdi.
S.Sarkisyan həmin görüşə qədər daxili siyasi qüvvələr tərəfindən kəskin tənqid olunurdu. Çünki diplomatik sferada, demək olar, bütün aspektlərdə Azərbaycan qarşısında aciz duruma düşmüşdü. Bununla yanaşı, Ermənistan çox ağır sosial-iqtisadi və geosiyasi vəziyyətdədir. Əhali ölkəni tərk edir. Son zamanlar orduya çağırışda problemlər yaranıb. Gömrük İttifaqına üzvlük məsələsi ilə bağlı da analitik və ekspertlərin ciddi tənqidlərinin ardı-arası kəsilmir.
Burada bir misal gətirmək olar. Ermənistan nəinki müsəlman Azərbaycanla dil tapa bilmir, onun hətta xristian Gürcüstanla da problemləri meydana gəlib. Erməni ekspertlər bunun əsas səbəbini rəsmi İrəvanın Gömrük İttifaqına daxil olmaq qərarında görürlər. Onların fikirlərinə görə, Ermənistanı regionda böyük geosiyasi və iqtisadi problemlər gözləyir.
Erməni ekspert yazır: “Sirr deyil ki, hazırda Gürcüstan Azərbaycanla daha sıx əlaqələrdədir. Əgər Ermənistan və Gürcüstan Avropa İttifaqının assosiativ üzvləri olsaydı, onda bu iki dövlət mahiyyət etibarı ilə ümumi müstəvidə bir-birinə yaxın olardı, Azərbaycan isə bir neçə pillə aşağıda qalardı. Və indi Ermənistanla meydana çıxan siyasi problemlər Gürcüstan-Azərbaycan münasibətlərində özünü göstərərdi (bax: Aram Amatuni. İ gto ehe tolğko naçalo... / “1in.am”, 21 avqust 2014).
Biz erməni ekspertin yanaşmasındakı qərəzi və antidemokratik, əməkdaşlığa deyil, ayrı-seçkiliyə köklənmiş məqamları kənara qoyuruq. Əsas odur ki, A.Amatuni S.Sarkisyanın yeritdiyi xarici siyasətin ölkəni nə dərəcədə ağır vəziyyətə saldığını etiraf edir. Təbii, burada “əgər belə olmasaydı, elə olardı” kimi primitiv məntiqə də etibar etmək olmaz, lakin erməni müəllifin düşüncəsi rəsmi İrəvanın geosiyasi seçim məsələsində nümayiş etdirdiyi əsassız arqumentlərdən qaynaqlanır.
Bunları əksər ekspertlər duyur. Soçi görüşündən sonra S.Sarkisyanın gizli saxlanmalı olan məqamları öz maraqları prizmasından tələm-tələsik şərh etməsinin səbəblərindən biri həmin reallıqdır - onun özünə hər hansı bir üsulla haqq qazandırmaqdan başqa yolu qalmayıb.
Bir sıra erməni analitiklər məsələnin məhz bu tərəfini vurğulayırlar. Bu, özlüyündə maraq kəsb edir. Məsələn, Ovannes Mandakuni yazır: “Serj Sarkisyanın telemüsahibədəki (“Armnews”a verilən müsahibə nəzərdə tutulur - Newtimes.az) özünəinamın əsasları möhkəm deyil” (bax: Ovannes Mandakuni. Soçi i eqo posledstviə / “1in.am”, 12 avqust 2014). S.Sarkisyanın idarəçiliyi də, siyasi kursu da iflasa uğrayıb.
Siyasi kurs reallıq və konkretlikdən uzaq olanda...
Onu demək istərdik ki, erməni lider üçün belə ağır vəziyyətin yaranmasında Azərbaycan ordusunun düşmənə güclü zərbə vurması böyük rol oynadı. Nə qədər gizlətsələr də, böyük itki verən və ən əsası, Azərbaycan əsgərinin yüksək döyüş hazırlığı ilə qarşılaşan Ermənistan rəhbərliyi bir neçə ildir ki, öz xalqına danışdığı “güclü erməni ordusu” nağılından da məhrum oldu. Normal məntiqlə, belə uğursuzluqlarla üzləşən S.Sarkisyan danışmalı idi. Ancaq o, müsahibəsində də kobud səhvlərə və dövlət başçısına yaraşmayan məntiqsizliyə yol verdi.
“Armnews”a verdiyi müsahibədə Ermənistanın dövlət başçısı bir-biri ilə ziddiyyət təşkil edən fikirlər söyləyib (bax: İntervğö Serja Sarqsəna telekanalu ArmNğöz: polnıy tekst / “1in.am”, 12 avqust 2014). O, bir tərəfdən, erməni ordusunun qüdrətindən danışır, digər tərəfdən isə Azərbaycan tanklarının İrəvana qədər gələ biləcəyini etiraf edir.
Son silahlı insidentlə bağlı isə Sarkisyan siyasətçi kimi deyil, işğalçı hərbi dəstələrin komandiri, terrorçu və separatçı kimi fikir yürüdür. O deyir: “Azərbaycanlılar çox yaxşı bilirlər ki, bizim ballistik raketlərimiz var... və çox qısa zamanda istənilən çiçəklənən yaşayış məntəqəsini Ağdam kimi xarabalığa çevirə bilərik”.
Burada iki məqamı vurğulamağa ehtiyac görürük. Birincisi, Ermənistan prezidenti Azərbaycan şəhər və kəndlərinin çiçəkləndiyini etiraf edir və bunun paxıllığını çəkir. Öz ölkəsində bu cür inkişaf getmədiyindən, “yaxşı və mədəni nə varsa, məhv etməli” kimi ənənəvi erməni xisləti özünü göstərir. İkincisi, Ağdamı xatırlamaqla o, özünün terrorçu keçmişini yada salır.
İsrailli ekspert Arye Qut S.Sarkisyanın psixoloji durumundakı bu özəlliyi belə qiymətləndirir: “...Bəli, təəssüf ki, işğalçı Ermənistan qoşunları Ağdam şəhərini yerlə yeksan ediblər... Mən başa düşə bilmirəm, Ermənistan prezidenti bu terror və işğal faktları ilə necə fəxr edir. Təəssüf ki, ikinci dəfə Ermənistan prezidenti seçilməsinə baxmayaraq, Sarkisyan yenə terrorçu kimi düşünməkdə davam edir. Bütün bu faktlar Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamağa hazır olmadığını bir daha sübut edir və məhz bu səbəbdən də 20 ildən artıq davam edən danışıqlarda heç bir nəticə və real irəliləyiş yoxdur” (bax:Ermənistanın siyasi səhnəsində təsadüfi adam olan Serj Sarkisyan terrorçu kimi düşünməkdə davam edir/ AzərTAc, 18 avqust 2014).
Əslində, Cənubi Qafqazda yerləşən ölkələrdən birinin rəhbərliyində belə bir adamın olması ürəkaçan hal deyil. Çünki qonşu dövlətlərdə ağıllı və reallığa uyğun siyasət yeridən komandanın iqtidarda olması Azərbaycan üçün daha sərfəlidir. Bakı regional əməkdaşlığın lokomotividir. Digər tərəfdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yalnız təmkinli, reallığı görə bilən, avantürist olmayan siyasətçilər nail ola bilərlər. Təəssüf ki, S.Sarkisyan və onun komandası bu meyarların heç birinə uyğun deyillər. Ermənistan dövlət başçısının Soçi görüşündən dərhal sonra verdiyi müsahibə bir daha bu fikri təsdiq edir.
Bütün bunlar müəyyən geosiyasi nəticələr çıxarmağa əsas verir. Belə görünür ki, rəsmi İrəvan xarici siyasətində müsbət dəyişikliklər etmək fikrindən uzaqdır. O, bundan sonra da qeyri-konstruktiv mövqeyində qalmağa çalışacaq. Hətta regionda mövcud olan geosiyasi mənzərəni risklərə də ata bilər, məsələn, Cavaxetiyada erməni separatizmini alovlandırmaqla və yaxud enerji marşrutlarında təxribatlar törətməklə bölgəni daha həssas hala gətirməyə çalışar.
Ermənistan regionda faktiki olaraq, heç bir dövlətlə sona qədər faydalı əməkdaşlıq qura bilməyib. Onun hətta İranla belə, münasibətlərində də problemləri vardır. Bu problemlər əsasən enerji məsələsində rəsmi İrəvanın Rusiyaya üstünlük verməsi ilə əlaqəlidir. Türkiyə-Azərbaycan-Gürcüstan “üçlüyü”nün iqtisadi, enerji, nəqliyyat və mədəniyyət sahəsində əməkdaşlığının yeni səviyyəyə qalxdığı bir zamanda Ermənistan tam kənarda qalmış olur. Bu səbəbdən İrəvanın çılğın və destruktiv addımları gözləniləndir.
Ağır sosial-iqtisadi çətinliklərin fonunda Dağlıq Qarabağ məsələsində heç bir uğur əldə edə bilməyən rəsmi İrəvan üçün daxildə də vəziyyət ağırlaşa bilər. Ermənistan rəhbərliyi etiraz dalğasının təsiri altında xarici siyasətdə növbəti avantürist addım atar. Bununla da bütövlükdə Cənubi Qafqaz yeni səviyyədə qeyri-müəyyənliklər sahəsinə düşə bilər.
Göründüyü kimi, Ermənistan prezidentinin adıçəkilən müsahibəsi hər şeydən əvvəl rəsmi İrəvanın “siyasi sıxıntıları”ndan xəbər verir. Bu vəziyyətə onu öz hərəkətləri salıb. Lakin ən pisi odur ki, bu həqiqəti İrəvan hələ də dərk edə bilmir - o, ötən əsrin siyasi düşüncəsi çərçivəsində qalmaqdadır. Bunun müasir geosiyasi reallıqlarla nə dərəcədə ziddiyyətdə olduğunu yaxın gələcək göstərəcəkdir.
Newtimes.az

Paylaş:
Baxılıb: 1030 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30