Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Atalıq taxtından yıxılan kral

Atalıq taxtından yıxılan kral

20.07.2024 [11:10]

Vilyam Şekspirin “Kral Lir” faciəsi haqqında

Əvvəli ötən sayımızda…

Şekspirin pyeslərində, ələlxüsus bütün dünyada tanınan, oxunan,səhnəyə qoyulan adı bəlli tragediyalarında vəhşi təbiətin bağrından qopmuş insan vücudunu gecə-gündüz yönəldən, vulkantək püskürüb zəlzələtək titrəyən, ildırımtək çaxıb dolutək yağan ehtiraslar başlıca hədəfdir. Məsələn, “Romeo və Cülyetta”, “Hamlet” faciələri insan ömrünü puç mübarizəylə yüklənmiş arabaya qoşan düşmənçilik, qisasçılıq kimi instinktiv impulsların törətdiyi fəlakətləri, “Otello” saf məhəbbəti qarabaqara izləyən qısqanclığın korluğunu, “Maqbet” hakimiyyət ehtirasının insan bətnində açdığı gizli lağımları, dərin uçqunları ifşa eləyir. Bu baxımdan “Kral Lir” faciəsində əsas hədəf valideynlik duyğusu, nəsil instinktidir.

Bu instinkt öz miqyasına, mərtəbəsinə görə adına şəhvət dediyimiz erotik instinktdən bir qat yuxarıda, ehtirasların ən alisi olan universal hakimiyyət instinktindən bir qat aşağıda qərar tutub. Fikir verdinizsə, mən miqyasdan, mərtəbədən danışdım, gücdən, qüvvətdən yox. Mənəviyyat sferasından fərqli olaraq instinktlər aləmində miqyasın böyüməsi, mərtəbənin yüksəlməsi gücün artmasına düz mütənasib deyil; eynən mifik Şeytanın tərsinə yeriməsi kimi ehtirasın da gücü böyüdükcə, ucaldıqca azalır. Nəfəs almaq, su içmək, yatmaq, qidalanmaq - bunlar ən ibtidai, ən primitiv, eyni zamanda ən güclü instinktlərdir, çünki insan bunlarsız bir neçə dəqiqə, bir neçə saat, uzaq başı bir neçə gün keçinə bilər, fəqət şəhvətini doyurmadan, nəsil artırmadan, heç bir hakimiyyətə yiyələnmədən lap yüz il də yaşayar.

Şeytani məntiqin tərsliyi, tərsinəliyi, paradoksallığı burasındadır ki, fərd ehtirasların ibtidaisindən alisinə doğru ucaldıqca, zəncirini, boyunduruğunu daha da yoğunlatdıqca özünü bu dünyanın bağlarından daha az asılı, daha azad hiss eləyir, keçilmiş mərhələlərə qayıtmaq istəmir. Bir udum nəfəs üzərində hakimiyyət bir qitə, bir planet üzərində hakimiyyətdən daha zəruridirsə də, vacib olanla vacib olmayanın arasında vurnuxan fərd çox vaxt ikincini seçir. Hakimiyyət hərisi tiranların, taxt-tac vurğunu despotların timsalında qoca tarix bu işlərə çox şahidlik eləyib - neçə-neçə krallar, qeysərlər, sultanlar hakimiyyətini, taxtını qorumaq üçün doğma övladının da, sevimli arvadının da başından keçib.

***

Ancaq kral Lir onlardan deyil, o, nəsil instinktinə daha çox güvənir. Qocaldığına görə kral səltənətinin torpaqlarını üç qızı arasında bərabər bölmək istəyir - hər pay qızlardan birinin cehizi olacaq. Görünən budur ki, kralın atalıq instinkti hakimiyyət ehtirasından güclüdür, o, taxt-tacsız keçinə bilər, amma qızlarından istək, itaət görməsə, yaşaya bilməz. Buna görə kral Lir pay bölgüsünə başlamamış övladlarının onu nə qədər sevdiyini onların öz dilindən eşitmək istəyir. Cehiz verilən torpaqların miqyası qızların ata məhəbbətinin şiddətindən asılı olacaq.

Birinci böyük qız Qonerilya, ondan sonra ortancıl qız Reqana nitq söyləyir. Dediklərindən belə çıxır ki, onlar üçün atalarına məhəbbət hər şeydən vacib, hər hissdən ucadır. Yaşlandıqca ərköyünləşmiş, özünə vurğunluğu qıcqırmağa başlamış kral onların boğazdan yuxarı saxta mədhiyyələrindən xoşallanır. Söz üçüncü qıza - Lirin ən sevimli övladı Kordeliyaya çatanda o deyir ki, atasını nə qədər sevməyə borcludursa, o qədər sevir; əlbəttə, o, sevgisinin bəlli bir hissəsini gələcək həyat yoldaşına, gələcək övladlarına bağışlamalı, onlar arasında bölməlidir. İkisi də ərli olan böyük bacılar bu məsələnin üstündən keçdikləri halda hələ ərə getməmiş Kordeliya məhəbbətindən ərinə də pay saxladığını gizlətmir, ürəyindən keçənləri olduğu kimi mərdi-mərdanə dilə gətirir.

Bu səmimi etiraf kralı çox qəzəbləndirir, o, sevimli sonbeşik qızını lənətləyir, Kordeliyanı ata payından məhrum eləyir. Xudbin kral qızlarının rəğbətini, məhəbbətini, sədaqətini bütünlüklə, son damlasına qədər canına çəkmək istəyir, ona görə də böyük bacılar ona sevgilərini, itaətlərini ən isti, ən ülvi, ən ali kəlmələrlə ifadə eləyəndə Lirin korşalmış atalıq instinkti bundan çox məmnun qalır.

Səltənət iki paya bölünür, nankor Kordeliyaya cehiz verilmir. Bu səbəbdən ona elçi düşən iki nəfərdən biri - Burqundiya hersoqu öz namizədliyini geri götürür. Həm kral Lirin, həm də Burqund hersoqunun əməlindən sarsılan ikinci namizəd - nəcib Fransa kralı Kordeliyanı alıb öz ölkəsinə aparır. Kralın ədalətsiz qərarını açıq etirazla qarşıladığına görə onun ən yaxın adamlarından biri qraf Kent Lirin qəzəbinə gəlir. Sadiq əyan qraf Qloster isə saraydakı gərgin səhnəni, gələcək fəlakətlərin anonsunu səssiz narazılıqla yola verir. Qloster hələlik öz başına gələsi müsibətdən xəbərsizdir...

Pyesdə hadisələr təxminən miladdan min il əvvəl Britaniyada cərəyan eləyir. İsa Məsihin zühuruna hələ min il qalır, personajlar antik, ibtidai tanrılara tapınırlar. Əslində isə onların sitayiş elədiyi bir tanrı var, o da ana təbiətin özüdür.

***

Əsərdə ata-bala sədaqətinin sınağa çəkildiyi ikinci bir xətt, paralel süjet də var. Qraf Qlosterin iki oğlundan Edqar onun qanuni, Edmund isə qeyri-qanuni övladıdır. Qanunla Edmunda atasının sərvətindən pay düşmür, ona görə də o, sadəlövh, qəlbitəmiz böyük qardaşı Edqarı ləkələmək üçün plan cızır, qardaşının adından məktub yazıb atasını Edqarın ona tələ qurduğuna, qəsd hazırladığına inandırır. Bu biri yandan qardaşını da inandırır ki, atası ona çox qəzəblidir, bu qəzəb Edqara çox baha başa gələ bilər, buna görə də o buralardan qaçsa yaxşıdır.

Birinci pərdənin ikinci səhnəsində Edmundun monoloqu:

Sən mənim tanrımsan, gözəl təbiət,

Tabeyəm mən sənin qanunlarına, - 

misralarıyla başlayır. Edmund onu çıxdaş eləyən, ixtiyarsız, sərvətsiz qoyan ictimai normalardan narazıdır, bic doğulduğuna, üstəlik, qardaşından bir neçə yaş kiçik olduğuna görə özü kimi adamların onu ata irsindən məhrum eləməsi Edmundu hiddətləndirir. Düşünür ki, heç kimdən əskik deyil, ana təbiət onu da başqalarını yaratdığı üsulla vücuda gətirib (yeri gəlmişkən, mütəxəssislərin hesablamasına görə, pyesdə “təbiət” sözü qırx dəfədən artıq təkrar olunur ki, bu da müəllifin fəlsəfi dünyagörüşüylə bağlı qənaətə gəlmək üçün çox tutarlı arqumentdir). Bəs eləysə nədən o, ata malından məhrum olunmalıdır? Məgər o bu dünyaya öz xahişiyləmi gəlib? Əgər bütün bu dəlillər nəzərə alınmırsa, Edmund öz başına özü çarə qılmalıdır, qardaşını gözdən salıb ata mülkünə sahib çıxmalıdır.

Onun planı baş tutur, Edqar qaçıb çöllərə düşməyə məcbur olur.

***

Əvvəldən razılaşdırıldığı kimi, Lir birinci ayı yüz nəfərlik məiyyətiylə Qonerilyanın evində qalır, növbəti ayı isə Reqananın sarayında keçirəcək. Qonerilya ilk günlərdən atasına xoş üz göstərmir, nökərlərə ərköyün qocanın nazıyla oynamamağı tapşırır. Lir hakimiyyətini faktiki təhvil versə də, kral ədalarından əl çəkməyib. Qızı ondan ətrafındakı yüz ədəbsiz müftəxorun yarısını ixtisara salmağı tələb eləyir. Qoca hökmdar hiddətlənsə də, gücü heç nəyə çatmır, Qonerilya hər addımda ona indi artıq özünün söz yiyəsi, hökm sahibi olduğunu xatırladır.

Kürəkəni hersoq Albani qocaya acısa da, arvadının sözünün üstündən söz deyə bilmir, Qonerilya ərini yumşaq davranmaqda qınayır, həlimliyini ona nöqsan tutur. Kralın qəzəbinə gəlib sürgünə göndərilmiş sadiq (həm də sabiq) qraf Kent təğyiri-libas olub yenidən onun qulluğunda durmağa başlayır. Lir ortancıl qızı Reqanaya məktub yazıb onu Kentlə ünvanına göndərir. Atasıyla eyni vaxtda Qonerilya da bacısına çaparla namə yollayır.

Lir özünü inandırır ki, ikinci qızı onunla mərhəmətli davranar, axı o, qızlarına təkcə həyat yox, həm də dövlət, səltənət verib. Qonerilyadan ayrılanda atası onu belə qarğıyır:

Dinlə, ey təbiət, gözəl ilahə,

Dinlə bu qocanın qarğışlarını:

Əgər bu rəzili, bu həşəratı

Uşaq doğmaq üçün yaratmısansa,

Dəyiş qərarını, dəyiş hökmünü,

Qurut qısırlıqla ana bətnini,

Çürüt nəsilvermə məharətini.

Şərəfsiz cisminə şərəf olacaq

Bir övlad görməsin dünyada heç vaxt.

Hərgah doğacaqsa, görüm dərd doğsun,

İztirab əbədi dağlasın onu...

Onun əzab dolu, əziyyət dolu

Ana qayğısını, məhəbbətini

Rişxəndlə, nifrətlə qarşılasınlar.

O zaman hiss edər, o zaman bilər:

Əfi bir ilanın, qorxunc gürzənin

Bədənə sancılmış zəhər dişindən

Min dəfə 

yamandır 

nankor bir övlad!

F. Uğurlu

Paylaş:
Baxılıb: 502 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

İqtisadiyyat

Analitik

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31