Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Selincer - inzivaya çəkilmiş rahib

Selincer - inzivaya çəkilmiş rahib

22.08.2024 [10:35]

Məşhur amerikalı yazıçı Cerom Devid Selincer ədəbiyyat tarixində əsasən “Çovdarlıqda uçurumdan qoruyan” romanı ilə qalıb. Lakin Selinceri inanılmaz dərəcədə populyarlaşdıran təkcə bu roman deyildi. Yazıçı şöhrətin zirvəsini fəth edəndə qəfil təkliyə qapılmış və inzivaya çəkilərək ömrünün qalan 49 ilini zahid həyatı yaşamışdı.  Maraqlıdır, böyük yazıçı insanlara qarışmaqdan, sosial həyatdan nə üçün imtina etmişdi? O hansı həqiqətlərə gedib çıxmış, böyük imtinaların öhdəsindən necə gəlmişdi? Bu suallara cavab tapmaq üçün, qısaca da olsa, yazıçının həyat tarixcəsinə və bədii yaradıcılığına nəzər salmaq lazımdır.

Yarımçıq təhsil, uğursuz sevgi

Cerom Devid Selincer 1919-cu ilin ilk günündə, 1 yanvarda dünyaya gəlib. Nyu-Yorkda tacir ailəsində böyüyən Ceromun valideynləri yerli amerikalılar deyildi. Atası yəhudi, anası isə şotland-irland əsilliydi. Məktəbdə oxuyarkən yəhudi mənşəli “Devid” adına görə sinif yoldaşları onu lağ obyektinə çevirmişdilər. O zamanlar ABŞ-da antisemitizm dəbdə olduğundan problemdən qaçmaq üçün Cerom öz müəllimlərinə ona ikinci adı ilə müraciət etməyi ciddi şəkildə qadağan elədi. Yeri gəlmişkən, gələcəyin böyük yazıçısı bacarıqlı şagird sayılmırdı, çox zəif oxuyurdu. Buna baxmayaraq o, məktəbin dram klubunun tamaşalarındakı parlaq çıxışları ilə müəllimlərini və mənsub olduğu kollektivi valeh etmişdi.

Ceromun atası oğlunun ədəbi istedada malik olduğunu ağlına belə gətirməzdi. Onu ərzaq ticarəti sahəsində görmək istəyən atası ət və pendir istehsalının incəliklərini öyrənsin deyə Ceromu Polşaya göndərməkdə israrlıydı. Axır ki, gənc Selincer 1938-ci ildə gələcəkdə ailə biznesini, yəni, kolbasa və pendir ticarətini davam etdirmək məqsədilə Polşaya yollanır.

Kollec təhsilini tam başa vurmayan Selincer universitet təhsilini də axıra çatdıra bilmir. Artıq yazıçılığa meyl edən Selincer nüfuzlu Kolumbiya Universitetində qısa hekayələr kursuna gedir. Yazıçıya sonralar populyarlıq qazandıran da məhz qısa hekayə janrında yazdığı ədəbi nümunələr olur. Onun çap etdirdiyi kiçik dramatik hekayələr amerikalı oxucuların xoşuna gəlir.

Lakin Cerom bir yerdə duruş gətirmir. O, təhsil aldığı digər ali məktəblər kimi Kolumbiya Universitetini də yarımçıq tərk edir. 

İyirminci əsrin 40-cı illərinin əvvəllərində gənc yazıçının  həyatında ilk dəfə ciddi sevgi münasibəti yaranır. Tale Selinceri amerikalı dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Yucin O’Nilin Una adlı qızı ilə qarşılaşdırır. Lakin onların sevgi macərası uğursuz sonluqla nəticələnir. Selincerlə eşq yaşayan Una bir il sonra məşhur aktyor Çarli Çaplinlə tanış olur və onunla ailə qurur.

Heminqueylə cəbhə yoldaşlığı

Unadan ayrıldıqdan sonra Selincer ABŞ ordusuna qatılır. Həmin dövrdə o, əl çantasında gələcək romanının qeydlərini gəzdirirdi. Rabitə məktəbini çavuş rütbəsi ilə bitirən yazıçı 1942-ci ildə müharibənin ön cəbhəsində vuruşub. O, Normandiyada keçirilmiş məşhur desant əməliyyatında da iştirak edib. Az sonra çavuş Selincer kəşfiyyat əməliyyatlarında xüsusi bacarıq göstərir. Yazıçı eyni zamanda hərbi əsirlərin saxlanması, dindirilməsi kimi qəddar proseslərdə də iştirak edir.

Müharibə başa çatdıqdan sonra əsəb pozğunluğu diaqnozu ilə xəstəxanaya yerləşdirilən çavuş Selincer bir vaxtlar həbs düşərgəsində dindirdiyi məhbusların bir neçəsini orada görür və dərin sarsıntı keçirir. Selincer cəbhədə yazıçı Ernest Heminqueylə tanış olur. “Əlvida silah!” romanının müəllifi Selincerin gələcək romanının qaralamasını yüksək qiymətləndirir və peşəkar yazıçı kimi ona bəzi məsləhətlər verir.

İkinci Dünya müharibəsindən sonra Selincer qısa müddət ABŞ-da əks-kəşfiyyat zabiti kimi fəaliyyət göstərmişdi. Daha sonra Almaniyada yaşayan yazıçı keçmiş Üçüncü Reyxin denasifikasiyasında iştirak etmiş, mətbuatda çalışmışdı. Nasist Silviya Uelteri həbs etdirən, sonra isə tələsik onunla evlənən Selincer müasirlərini təəccübləndirmiş, şübhəyə salmışdı. Odur ki, bu evlilik uzun sürmədi, kənardan çox qəribə təsir bağışlayan cütlük, nəhayət, bir ildən sonra ayrıldı.

ABŞ-a qayıdan Selincer uzun fasilədən sonra hekayə və romanlarını qəzetlərdə dərc etdirməyə başlayır. Onun yaradıcılığının zirvəsi 1951-ci ildə işıq üzü görmüş “Çovdarlıqda uçurumdan qoruyan” romanıdır. Bu kitab üzərində müəllif düz on il işləmişdi. Əsərin qaralama variantını müharibədə cəbhə yoldaşı olan Ernest Heminquey də oxumuş və az əvvəl dediyimiz kimi, ona öz məsləhətlərini vermişdi.

Qəfil şöhrət və tənhalıq

“Çovdarlıqda uçurumdan qoruyan” romanının baş qəhrəmanı Holden Kolfild gənc üsyançı, dünyanın formalaşmış normaları ilə razılaşmayan, yeni nəslin simvoluna çevrilmiş nihilistdir. Yazıçı yaratdığı personajın düşüncələri vasitəsilə bir çox yeniyetmənin psixoloji durumunu, arzularını, tipik xüsusiyyətlərini əks etdirə bilmişdi.

Roman böyük şöhrət qazandıqdan sonra yazıçı özünü olduqca qeyri-adi aparır. Davamlı olaraq kitablar yazıb çap etdirmək, ziyalılar cəmiyyətinə qoşulmaq əvəzinə tənha həyat tərzi keçirməyə başlayır. Əsəri populyarlıq qazandıqca Selincer gizlənməyə çalışır. Publika onu görməyə can atır, jurnalistlər ondan müsahibə ala bilmirlər. Yazıçı əməlli-başlı inzivaya çəkilir, onu heç kim heç yerdə tapa bilmir.

“Çovdarlıqda uçurumdan qoruyan”dan sonra Cerom bir neçə əsər də nəşr etdirir. Lakin həmin əsərlərin heç biri bu roman qədər uğur qazana bilmir. Selincer isə tənhalıqdan əl çəkmir, üzə çıxmaqdan imtina edir. O, Nyu-Hempşir ştatının Korniş şəhərində hündür divarlarla çəpərlənmiş bir evdə yaşamaqla insanlardan gizlənməyə davam edir. Yazıçının burada  induizmi, buddizmi, qədim tibb elmini dərindən öyrəndiyi, yoqa ilə məşğul olduğu bildirilir. Təkliyi həyat tərzinə çevirmiş Selincer bu yolla öz mənəvi dünyasını zənginləşdirərək tənhalıqdan xilas olmağa çalışırmış.

“Çovdarlıqda uçurumdan qoruyan” romanı ötən əsrin 60-cı illərindən 80-ci illərinə qədər ABŞ kitabxanalarında qadağan edilmişdi. Söz-söhbət gəzirdi ki, əsərin qəhrəmanı Holden Kolfild davranışlarıyla gənc nəslə pis nümunə göstərir. 1980-ci ildə Selincerin romanından ilhamlanan Mark Çapman “Bitlz” qrupunun solisti Con Lennonu qətlə yetirdikdən sonra bu narahatlıq daha da artdı. Həmin qətl hadisəsi barəsində yayılan söhbətlərdə qatilin çantasından “Çovdarlıqda uçurumdan qoruyan” romanının çıxması haqqında da danışılırdı. Qısa bir zamanda qəzetlər, televiziyalar bu barədə reportajlar yaymağa, tanınmış şəxslər bu kitabın gənclərə mənfi təsiri barədə danışmağa başladılar. Romana qarşı aparılan antireklam əks effekt verərək, əsərin reklam olunmasına xidmət göstərdi. Məhz bundan sonra romanın satışı rekord həddə çatdı.

Kitabla bağlı qalmaqallar onu həmişə gündəmdə saxlayırdı. Bəziləri ABŞ-da gənclər arasında intihara meyilliliyin artmasını da bu romanla əlaqələndirirdilər. Bir sıra şərhçilərə görə, əsər sərhədsiz azadlığın gətirdiyi məsuliyyətsizliyi, qeyri-ciddiliyi, ictimai qaydaların mənasızlığını, bir sözlə, tüfeyli həyat tərzini təbliğ edir.

Selincer isə ömrünün axırına qədər tənhalığına xəyanət etmədi, 2010-cu ilin yanvar ayının 27-də öz malikanəsində tək-tənha fani dünyadan köçdü.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 462 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30