Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Yoxluğun verdiyi azadlıq

Yoxluğun verdiyi azadlıq

24.11.2024 [09:39]

Fridrix Hölderlinin “Hiperion, yaxud Yunan zahidi” romanı haqqında

Əvvəli ötən sayımızda...

Bəzən “Hiperion”un fəlsəfəsini Platona, ələlxüsus da neoplatonizmə bağlamağa çalışırlar. Mənə qalsa, bu yanaşma doğru deyil. Doğrudur, böyük şair antik dövrü, qədim yunan tanrılarını, Afina həyatını idealizə eləyirdi, uşaqlığını, yeniyetməliyini dindar çevrədə, keşiş məktəbində keçirdiyinə baxmayaraq hətta İsa Məsihi də antik tanrılar panteonunun sonbeşiyi sayırdı. Bununla belə, onu nə platonizmin, nə də Şellinq, Hegel kimi cavanlıq dostlarının yedəyinə bağlamaq olmaz.

Hölderlin, hər bir mütəxəssisin sözsüz razılaşdığı kimi, insanın təbiətlə əzəli vəhdətinin həsrətini çəkən, dondan-dona girən sərgərdan panteist, ana təbiətin süddən yanıq körpəsidir. Panteizmlə mistik monizmi əsla qarışdırmaq olmaz. Panteizmdə vahid mərkəz, ruhların ümumi toplanış məntəqəsi, vəhdəti yoxdur; panteizm materializmin astar üzü, təbiətin tanrılaşdırılmasıdır, onun insana bəlli, şüura çatımlı bir məntiqi də yoxdur. Panteist üçün insan təbiətin (yəni panteizm tanrısının) qeyri-üzvi varlıqdan üzvi varlığa çevirib sonra da geri aldığı bir ovuc torpaq, bir üfürüm kül, neoplatonik üçünsə kosmik şüurun gəzdirdiyi, ilahi ağılın söykəndiyi düşünən əsadır (Paskal).

Hölderlinin fikir əcdadlarını axtarırıqsa, zənnimcə, Heraklitdən, Empedokldan (şairin “Empedoklun ölümü” adlı dramatik poeması da var), Demokritdən, Epikürdən, stoaçıların babası Zenondan üzübəri baxmalıyıq. Bu axtarışda bir az da uzağa gedib daosizmə, buddizmə yaxınlaşsaq, heç də yolumuzu azmış olmarıq.

***

Əsər də, onun lirik qəhrəmanı da avtobioqrafikdir - müəllifin ömürlüyü üzərində bir az geniş dayanmağımız da buna görəydi. Hölderlin yunan xalqının azadlığı uğrunda Bayrondan fərqli olaraq xəyali mübarizəyə qalxsa da, sonda Şillerin qəhrəmanı kimi əməlindən peşman olur.

Romanda konkret zaman göstərilməsə də, bəzi məlum tarixi hadisələrə işarələrdən anlaşılır ki, Hiperionun məktubları on səkkizinci əsrin üçüncü rübündə qələmə alınıb. Vətəninin istiqlalı uğrunda osmanlı işğalına qarşı silahlı üsyana qalxan bu yunan oğlu başı daşdan-daşa dəyəndən sonra anlayır ki, belə müqavimətin heç kəsə bir faydası yoxdur. Onun mübariz, yurdsevər əsgərləri elə ilk fürsətdəcə talana qurşanırlar, onları xalq, vətən qarşısında borc hissi yox, tamah, nəfs hərəkətə gətirir. Bu kimi mənzərələr Hiperionu siyasi-ictimai ideallardan, daha doğrusu, illüziyalardan küsdürür, onu tərkidünyalığa sövq eləyir. Lirik qəhrəmanın silahlı yolla, zorakı metodlarla vətəninə, xalqına xoşbəxtlik gətirəcəyinə heç bir ümidi qalmır. Eynən “Qaçaqlar”ın atamanı Karl Moor kimi o da cinayətə qarşı cinayətkar üsullarla savaşmaqdan üz döndərir.

Bundan sonra Hiperion mübarizəni xarici düşmənlə yox, daxili düşmənlə, yəni özüylə aparacaq. O, praqmatik-gerçəkçi düşüncənin verdiyi silahı yerə qoyub, poetik-asketik şüurla silahlanır, üstünə gələn həyata qarşı dinc müqavimətə keçir, dünyadan nəsə qoparmaq yox, özünü dünyadan almaq yolu seçir.

***

Ancaq bu yolun da öz çətinlikləri var. Gərək elə bir etibar qazanasan ki, ana təbiət sənə qucaq açsın, səni köynəyindən keçirsin, sənə döşündən süd versin. Hiperion Bellarminə məktubunda çox həyəcan keçirdiyini yazır: görəsən, o, qəlbinin dağılmış nizamını, pozulmuş harmoniyasını geri qaytara biləcəkmi, bir adada keçmiş uşaqlığının saf arzularını, məsum ümidlərini yenə dada biləcəkmi?

Onun yetişməyində müəllimi Adamasın çox böyük rolu olub. Adamas ona antik dövrün gözəllik ideallarına, indi xarabalıqları qalmış keçmişin şərəfli səhifələrinə, həm igid, həm də müdrik əcdadlara sevgi, pərəstiş aşılayıb.

Dostu Alabanda ilə yolları da düşüncə fərqinə görə ayrılır. Hər iki gənc vətənini əsarətdən qurtarmağı arzulayır, ancaq fərqli üsullarla. Alabanda realist düşüncəli əməl adamıdır, sərt addımlardan, radikal metodlardan çəkinən, gerçək əsasdan məhrum xəyallara qapılan deyil. Hiperion ona insanları “gözəllik teokratiyası” işığında tərbiyələndirmək lazım olduğunu deyəndə Alabanda belə mülahizələri boş, mənasız xülya adlandırıb onunla söz davasına çıxır, bu səbəbdən dostların arası dəyir.

Hiperion bundan sonra dərin böhran keçirir, dünya onun gözlərində soluxub əlvanlığını itirir. Yenidən tənhalığına çəkilib dəniz kənarında təbiətlə üz-üzə qalanda qəlbindəki həyat çırpıntıları yeni bir həvəslə oynağa qalxıb kainatla arasındakı sərhədi silir, ana təbiət onu yenə beşiyində yırğalayır.

***

Doğma beşiyə qayıdandan sonra o, sevgisini - Diotimanı kəşf eləyir. Qız onun haqqında çox yüksək fikirdədir, əmindir ki, Hiperionun vətəni azadlığa qovuşdurmaq, xalqı tərbiyələndirmək kimi ali missiyası var, hərçənd Diotima özü də zorakılığa qarşıdır, hətta müstəqil dövlət qurmaq naminə belə gücə əl atmağın tərəfdarı deyil. Hiperion isə sevgi, xoşbəxtlik dənizində boğulmaqdaykən qazandığı ruhani müvazinətin, könül dincliyinin ona baha başa gələcəyini duyur.

Bu vaxt Alabanda ona yunan patriotlarının hücuma keçəcəyi barədə məktub göndərir. Hiperion sevgilisiylə sağollaşıb ölkəsinin azadlığı uğrunda savaşan fədailərin sırasında yer tutmağa tələsir. Onun qələbəyə böyük ümidi olsa da, döyüş məğlubiyyətlə nəticələnir. Söhbət qüdrətli türk ordusuna yenilməkdən getmir, burada qeyri-adi heç nə yoxdur, dərindən götürəndə bu, heç məğlubiyyət də deyil, hərbi cəhətdən rəqibdən zəif olmaqdır. Əsl məğlubiyyət başqadır.

Hiperion görür ki, milli azadlıq ordusunun əsgəri hər an nahaq qan tökməyə, yoxsulu, acizi qarət eləməyə, varlını talamağa hazır durub, onu heç nəylə saxlamaq mümkün deyil. Ən ağırı budur ki, azadlıq kimi müqəddəs amal uğrunda mübarizəyə qalxan qiyamçı ordu öz xislətinə, öz nəfsinə məğlub olub, azadlığını özüylə savaşda itirib. Belə başıpozuq hərami dəstəsiylə, belə azğın quldurlarla yer üzündə cənnət yaratmaqmı olar?..

***

Hiperion bu qərara gəlir ki, onu yurddaşlarıyla artıq heç nə birləşdirmir, buna görə də rus donanmasında qulluğa girir. İndi onun qismətində qəriblik, atılmışlıq var, hətta doğma atası da dönük oğlundan üz döndərib. Ancaq Hiperionun hədəfi şan-şöhrət, qəhrəmanlıq, sərvət, rahatlıq deyil, onun məqsədi Balkan müharibəsinə yollanan Vronski (“Anna Karenina”) kimi nahaq gülləyə tuş gəlmək, ucuz ölüm tapmaqdır.

İstefaya çıxandan sonra, nəhayət, Diotima ilə birlikdə Alp dağlarının ətəklərində, ya Pireney yarımadasında dinc, məsud həyata qovuşmağı arzulayır, ancaq sevgilisi artıq dünyadan köçüb. Xoşbəxtlik üçün imkan olanda şərait olmur, şərait yarananda da xoşbəxtlik olmur.

Beləcə, bu dünyada sonuncu təskinliyi də Hiperionun əlindən sürüşüb çıxır. Yadına düşür ki, bir vaxt müəllimi Adamas onun taleyini üzünə oxumuşdu: sənin kimi adamlar əbədi tənhalığa, sərgərdanlığa, narazılığa məhkum olunublar...

***

Bu taledən, qismətdən necə qurtulmaq olar? Yalnız ona bir zahid müdrikliyi, bir stoik səbriylə özxoşuna təslim olmaq hesabına. Kimsəsiz bir adada bir komaya çəkilib gedənlərə ağlamaq, çin çıxmayan arzuları dəfn eləmək, təbiətə, bir də antik çağların ideallarına tapınmaq, insanın tənhalığına xələl gətirən hər dürlü ideyadan, boynuna qılınctək enən hər dürlü mücərrəd anlayışdan aralı durmaq, dünyanı dar pəncərədən, həyatın sahilindən seyrə dalmaq, axırda da ana təbiətin yumşaq dizinə baş qoyub yuxuya getmək, ana-bala arasından sərhədi biryolluq götürmək.

Başqa sözlə, panteizm dəryasına baş vurub əbədi yoxluqdan doyumsuz zövq almaq. Hiperionun xoşbəxtlik resepti budur. Onun müəllifi o hüdudsuz yoxluğun verdiyi azadlığı hələ bu dünyadan köçünü sürməmiş dadmışdı.

F.Uğurlu

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31